“Şeyxin nüfuzuna xələl gətirmək istəyənlər var...”
“Şeyxin yaxın adamının adı 200 milyonluq fırıldaqda” başlıqlı yazıda adı çəkilən şəxsləri yaxından tanıyan adam kimi bəzi fikirlərimi bildirmək istəyirəm.
Hörmətli şeyximiz Allahşükür Paşazadənin nüfuzuna xələl gətirmək məqsədi ilə bu cür informasiyaların mətbuata ötürülməsi birinci dəfə deyil və belə hesab edirəm ki, bunun arxasında müəyyən qüvvələr durur. Hörmətli şeyximizin qohumu Hacı Mazan və qardaşı Cavanşir Paşazadənin hər hansı ortaq biznes işləri ilə məşğul olmaları barədə məlumatlı deyiləm.
Lakin Hacı Mazan hələ Sovet dövründən biznes fəaliyyəti ilə məşğul olub və hörmətli şeyximizlə qohum olmazdan xeyli əvvəllər ölkədə tanınmış iş adamlarından sayılırdı.
Həmin yazıda adı çəkilən və Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Bayram Zeynalovu isə yaxından tanıyan şəxs kimi deyə bilərəm ki, o həqiqətən də Hacı Mazanın oğludur. Lakin atası Hacı Mazanın təsis etdiyi “Bayram-M” kiçik müəssisəsinə və ümumiyyətlə atasının biznes işlərinə onun heç bir bağlılığı yoxdur və o biznes fəaliyyəti ilə məşğul deyil.
Həmin müəssisə təsis edilərkən atası Hacı Mazanın müəssisəyə “Bayram-M” adının verilməsində də heç bir qəbahət görmürəm. Ola bilər ki, həmin müəssisə uzun illər bundan əvvəl, hələ Bayram Zeynalov vəzifə tutmamışdan öncə təsis edilib. Onu da qeyd etmək istəyirəm ki, Bayram Zeynalov yüksək peşəkarlığı, müsbət şəxsi keyfiyyətləri və intellektinə görə ətrafındakılardan hər zaman fərqlənir. Polisin sıralarında belə kadrların olması cəmiyyət və dövlətimiz üçün olduqca vacib şərtlərdəndir.
İnanıram ki, həmin informasiyalar ətrafında redaksiya araşdırmalarını davam etdirdikdə mənim fikirlərimin həqiqət olduğu qənaətinə gəlinəcəkdir.
Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə
Redaksiyadan: Yazı müəllifləri verilən xəbərlərin doğruluğunda iddia edirlər. Lakin bütün bunlara baxmayaraq, qəzetimizin səhifələri bütün fikirlərə açıqdır.






