İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyxin din xadimləri ilə bağlı söylədiklərinə dəstək gəldi

2045 27.05.2017 09:40 Ölkə A A

Fazil Mustafa: “Belə bir tövsiyənin olması faydalıdır”; Zahid Oruc: “Allahşükür Paşazadənin bu cür reaksiya verməsi təsadüfi deyil”


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin axund və imamlara, digər din xadimlərinə etdiyi xəbərdarlıq müzakirəyə səbəb olub. Belə ki, şeyxülislam mayın 24-də QMİ-də keçirilən tədbirdə axund və imamlara, digər din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verən hadisələrdən danışmamağı tapşırıb. QMİ sədri həmçinin din xadimlərinə istər mətbuata açıqlamalarında, istərsə də xütbələrdə Azərbaycandan başqa, digər ölkələrdəki hər hansı problem barədə danışmamaq tapşırığını verib.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, tövsiyə olaraq bu cür fikirlərin səsləndirilməsində heç bir problem yoxdur:


“Yaxşı olar ki, birinci növbədə din xadimləri məclis apararkən Azərbaycan dilinin qrammatika qaydalarına uyğun olaraq müəyyən fikirlərini ifadə etsinlər. Bir çox hallarda açıq-aşkar başqa ölkələrin üslubunda danışırlar. Eyni zamanda həqiqətən də daha çox Azərbaycanın problemləri, buradakı dini vəziyyətlə bağlı çıxışlar etmək daha doğru olar. Ona görə də bu mövqeyi müsbət qarşılayıram. Ən azı belə bir tövsiyənin olması faydalıdır”.


Deputat Zahid Oruc da şeyxülislamın fikirlərini dəstəkləyib:


“Doğru tövsiyədir. Əslində söhbət hər hansı bir din xadiminin xüsusilə də kütləvi məclisləri idarə edən şəxslərin üzərinə əlahiddə vəzifə qoymaqdan, onların azadlıqlarını məhdudlaşdırmaqdan getmir. Ancaq bu bir reallıqdır ki, bizim müxtəlif mərasimlər ayrı-ayrı din adamlarımızın təhsilinə, dünya görüşünə, dinin tarixi ilə bağlı araşdırmaları baxımından müxtəlif ölkələrə indentifikasiya olunmuş səviyyədə keçir. Yəni bu gün əgər kimsə dünyada müqəddəslərimizin olduğu torpaq kimi Səudiyyə Ərəbistanının mövqeyindən çıxış etmək istəyirsə, bəzən fərqinə varmadan dinin hüdudlarını aşıb, siyasət baxımından da bir ölkənin çevrəsində hərəkət edir. İkincilər bəzən İran mövqeyi sərgiləyir, digərləri isə sırf dini fəaliyyətlərini belə unudurlar. Bu da özlüyündə haqqında danışdığımız irada səbəb olub. Zənn edirəm ki, Allahşükür Paşazadənin bu cür reaksiya verməsi təsadüfi deyil. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan dünyəvi dövlət olsa da, din dövlətsiz, dövlət də dinsiz ola bilməz. Burada dəqiq sərhədlər bəllidir, ancaq dövlət dinin siyasətində iştirak edir, həmçinin dini etiqad sahiblərinin hər biri də Azərbaycan dövlətinə, onun müstəqilliyinə, bütövlüyünə bağlılıqlarını göstərməlidirlər. Deyərdim ki, göstərirlər də. Dəfələrlə şahidi olmuşam ki, onlar Azərbaycanın dünəni, bu günü ilə bağlı ən mühüm, ağrılı problemlər barəsində çıxış edib, hərəkət edirlər. Ermənilərlə bağlı məsələlərdə paralelləri hər zaman aparırıq. Keçmişdə onların hər hansı hərbi paradlarında keşişlərin öndə olmasını ”döyüşə din adamları gedir" kimi təqdim edirik. Deməli, din adamları hər zaman dövlətçilik mövqelərini göstərdikləri təqdirdə, bu, bizim mövqelərimizin möhkəmlənməsinə xidmət edir. Bir daha bu məsələni yerində, zamanında edilmiş qeyd sayıram".


Məsələnin siyasi tərəfləri barəsində isə “Yeni Müsavat”a politoloq Mübariz Əhmədoğlu danışıb. O bildirib müasir dövrdə Azərbaycanda dinə əməl edənlər 5-10 faizdir:


“Hazırda ortada olan din siyasətdir. İstər İran, istər Türkiyədən gəlsə də, bu belədir. Daha çox dini siyasətləşdirən isə İrandır. İranın ən çox xoşladığı məsələlərdən biri Azərbaycanda İŞİD məsələsini şişirtməkdir. Əgər bir azərbaycanlı gedib İŞİD-ə qoşulursa, İran bunu tez-tez təkrarlayır. Belə bir vəziyyətdə cəmiyyətimizi qorumaq üçün hökmən vahid dini siyasət aparılmalıdır. Baxmayaraq ki, bizdə dinlə məşğul olan komitə var, ancaq hesab edirəm ki, əsas məsuliyyət elə Qafqaz Müsəlmanları İdarəsinin üzərindədir. Allahşükür Paşazadə də sıradan bir şeyxülislam deyil. O indiki dövrdə missiyasını çox gözəl dərk edir. Azərbaycanda müstəqillik illərində yaşananlar ona bəllidir. Bu baxımdan da Allahşükür Paşazadə öz məsuliyyətini yaxşı bilir. Onun bu kimi təklifləri, ideyaları da hesab edirəm ki, reallaşmalıdır. Ümumiyyətlə, biz bütövlükdə cəmiyyət olaraq Dini Komitənin, Qafqaz Müsəlmanları İdarəsinin yanında olmalıyıq. Çünki indi vəziyyət elədir ki, yalnız bu iki strukturun hesabına ölkədəki dini durumu idarə etmək mümkün deyil. Ölkədə dini vəziyyət nəzarətdən çıxa bilər. Ona görə də hökmən onlar bəzi məsələləri müəyyənləşdirib, müvafiq strukturlara deməlidirlər. Müvafiq strukturlar QMİ-dən aldıqları informasiya hesabına işlərini qurmalıdırlar. Bunun başqa bir variantı yoxdur. Əslində din beyinlərlə işləyir və birinci işləri də insanların beynini yeməkdir. Bəzi şəxslər elə hesab edirlər ki, bir kəlmə hökumətin əleyhinə danışarlarsa, üzlərinə cənnətin qapıları açılacaq. Yaxud başqa biriləri hesab edirlər ki, saqqal saxladıqda ölən kimi bunları cənnətə göndərəcəklər. Yəni insanların şüuru artıq bu qədər zəhərlənib. Ona görə də həm dini təbliğat işləri görülməli, həm də bu istiqamətdə siyasi addımlar atılmalıdır”.


Əli RAİS

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR