“Tarixi, xüsusən də Qarabağ həqiqətləri haqda filmlərin çəkilməsinə böyük ehtiyac var”. Bu sözləri Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında bildirib. Rejissor qeyd edib ki, tarixdə mövcud olan “Gülüstan” və “Türkmənçay” müqaviləsi zamanından bu günə qədər Azərbaycanın başına gətirilən oyunlar haqda ssenarilər yazılmalı, həqiqətlər dünyaya çatdırılmalıdır:
“Hələ 2 əsr əvvəl Qarabağ uğrunda gedən mübarizəni işıqlandırmalı, yalançı erməni ideologiyası ifşa olunmalıdır. Əlbəttə ki, o vaxta qədər Qarabağda erməni olmayıb. İndi ermənilər Qarabağı “Arsax” adlandırıb, ortaya düşüblər. Halbuki, “Arsax” sözünün özü elə türk sözüdür, “ərsaq” sözündən götürülüb. Bunu gərək bizim alimlərimiz, tarixçilərimiz araşdırıb, dünyaya bəyan etsinlər.
Ermənilər hər zaman torpaq axtarmaq uğrunda mübarizə aparıblar. Çünki onlar köçəri tayfa olublar, heç bir zaman torpaqları olmayıb. Beləliklə, biz əlimizdə olan sənəd və faktlarla ermənilərin Qarabağ, Qafqazla bağlı yalanlarını ifşa etməliyik. Dünyanın bir çox tarixçiləri onları ifşa edib, hətta onların arasında erməni tarixçiləri də var. Bütün bunları nəzərə alacaq ssenari hazırlanmalı və biz möhtəşəm film çəkməliyik. Yoxsa ki, əsgər əsgərə top atdı, yaralandı yox, əsl tarixi film ortaya qoymalıyıq.
Sovet dövrünün “pambıqla baş kəsən” vaxtında biz “Dəli Kür”, “Axırıncı aşırım” “Qaçaq Nəbi” kimi filmlər çəkmişik. Həmin filmlər hansı müsibətlə, dava-qırğınla ərsəyə gəlib, bu haqda artıq hamımız xəbərdarıq. Yəni, bizim əvvəllər çox gözəl kino strukturumuz, bazamız olub. İndi də dəyərli filmlər çəkmək üçün yeni struktur, maddi-təminat olmalıdır. Çox təəssüf ki, bu hələ də təyin olunmayıb və illərdir ki, kino sahəsi Mədəniyyət Nazirliyinin tərkibindədir. Kino sahəsi çox genişdir və bu sahə ayrıca olaraq fəaliyyət göstərməlidir”.
Xalidə Gəray
Musavat.com






