Ukraynada tanınmış futbolçuya Leninin portreti ilə şəkil çəkdirdiyi üçün xəbərdarlıq edilib. “Karpatı” klubu onun əvəzinə ictimaiyyətdən üzr istəyib. Az sonra futbolçunun özü də üzrxahlıq edib. Məsələ ilə bağlı klubun yaydığı bəyanatda “Futbolçu ictimai şəxsdir, onun hətta sosial şəbəkələrdə də klubun nüfuzuna xələl gətirməyə haqqı yoxdur” qeydi yer alıb.
Doğru, futbolçu da ictimai şəxsdir. Ümumiyyətlə, az-çox tanınan hər kəs ictimai şəxsdir - bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycan toplumunda. Bu isə o deməkdir ki, həmin şəxs publik olaraq nə istəyir edə, necə istəyir geyinə, ürəyindən nə keçir izhar edə bilməz. Artıq yüz ölçüb bir biçməyə, sözünə, davranışına, geyiminə fikir verməyə borcludur. “Söz sənin qulundur, elə ki, ağzından çıxdı - sən olursan onun qulu” (Həzrəti Əli). Müxtəsəri, çərçivə məsələsi.
İctimai şəxsin hətta şəxsi həyatı belə, olmur. Onun özəl həyatı da cəmiyyətə kifayət qədər açıq olmalıdır ki, toplum onun kumir olmağı haqq etdiyinə əminlik hasil etsin. Bundan yayınırsa, demək, göründüyü kimi deyil, “torbada pişik var”.
Bişəkk, sosial şəbəkələr də elə cəmiyyətin özüdür - virtual cəmiyyət. Burada da cəmiyyətdəki kimi tükü tükdən seçənlər, söz xiridarları var. O üzdən orada da ictimai şəxs titulu daşıyanlar sözünün yerini və dəyərini bilməlidir. Zəhmət çək, ədəb qaydalarını, “qırmızı cizgiləri” gözlə, cəmiyyət içindəsən.
İş də ondadır ki, cibində şəxsiyyət vəsiqəsi gəzdirmək hələ şəxsiyyət olmaq anlamına gəlmir. Əsl şəxsiyyət vəsiqəsini sənə mənsub olduğun xalq verir, ASAN-Xidmət yox. Yeri gəlib bir də yazaq ki: alim, xalq artisti, xalq şairi olmaq asan, şəxsiyyət olmaq isə çətindir. Xalqı aldatmaq mümkünsüz. Sabiq ABŞ prezidenti Avraam Linkolnun məşhur ifadəsi ilə desək: “Bir nəfəri həmişə, hamını müəyyən müddətə aldatmaq olar. Amma hamını həmişə aldatmaq olmaz”.
Bu xüsusda yaşadığımız pandemiya-karantin sınağı bir çox “tanınmış”ın batinini zahirə çıxardı. Belə bir deyim də var ki, insan əməli ilə tanınar. Ancaq bəzən insanı bir sözü də kifayət edir ki, onun haqda dolğun təsəvvür yaransın. Məsələn, dil zinası, söyüş. Söyüşcül adam artıq 50 faiz özünü tanıtmış kimidir.
Yaxud üfürülmüş “şəxsiyyət”lər, “ulduz” xəstəliyi. Bir də görürsən Google-nin belə tanımadığı, tapa bilmədiyi, sənəti, talantı, qabiliyyəti olmayan hansısa müğənni, aktyor-aktrisa, teleaparıcı saytlarda, TV-lərdə ulduz, məşhur kimi təqdim və vəsf edilir. Öz məhəlləsində düz-əməlli tanınmayan birisinin belə, adının qarşısına “əfsanəvi” epiteti yapışdırılır.
Ayıbdır, vallah. Adamın əti tökülür. Lənət şeytana, axı sözü bu qədər urvatsız etməzlər. İndi əgər bunlar ulduzdursa, məşhur və əfsanədirsə, onda əsl məşhur, əfsanəvi sənətçi, əfsanəvi şəxsiyyət kimdir bəs?
Demək ki, burada sözə zülm edilib. Eləcə də bayağı, bir-birinin ünvanına haqq edilməyən tərif yağışı, yaltaqlıq az qala adiləşib bizim teleefir məkanında, bir sıra saytlarda. Bu, onu öyüb göyə qaldırır, o da bunu. Hz. Əli bu yerdə də yaxşı deyib: “Birini layiq olduğundan artıq tərifləmək - yaltaqlıq, layiq olduğundan az tərifləmək isə - paxıllıqdır”.
Yaxud baxırsan, dünən “yumurtadan cik edib çıxan” birisi ağzı köpüklənə-köpüklənə, “Mənim sənətim, mənim sənətim” deməkdən yorulmur. Ona görə ki, artıq onu haqq etmədiyi sıyahıya yazıblar. Amerika açmarıq yazsaq ki, ölkədə “xalq artisti” adını təsadüfi alan, bu ada ləkə olan nə qədər “sənətçi” var. Hə kəs ən azı, 2-3-nü sadalaya bilər. Eyni zamanda, bu ada layiq olan, fəqət indiyədək hansısa səbəbdən onu ala bilməmiş neçə-neçə əsl sənət, söz adamları da var.
Daha betəri odur ki, bir çoxu öz ayıblarına kor olmaq əvəzinə, efirdə camaata mənəviyyat, əxlaq dərsi keçməyə cəhd edir, özünü imam övladı kimi göstərmək istəyir. Halbuki bir çoxunun batil həyat tərzi ictimaiyyətə bəllidir. Başqa yandan, əgər ölkədə bu qədər əfsanə, ulduz, örnək olası sənətçi, ziyalı, əxlaqlı şəxsiyyət, sənət adamı varsa, qüsuru olanı yoxsa, onda niyə biz bu gündəyik? Niyə cəmiyyətdə, ölkədə haqsızlıqlar bitmir? Ona görə ki, çoxları, o sırada da “əfsanələr” və “məşhurlar” göründüyü kimi deyillər. Yaxud olmaq istəmirlər, olmaqdan qorxurlar.
Onlara yerini göstərmək ləyaqətlilərin boyun borcudur...






