İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəxsi həyata müdaxilə, yoxsa... - bir intim videonun illər sonra yayılmasının pərdəarxası

6517 19.08.2022 09:50 Hadisə A A

Vəkil: “Bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır, çünki baş verənlər təkcə əxlaqi-hüquqi məsuliyyət yaradan məsələ deyil...”

Xəbər verildiyi kimi, sosial şəbəkələrdə və internetdə FHN əməkdaşlarının intim kadrları yayılıb. Həmin kadrlarda yüksək vəzifəli məmurun kabinetində çəkilən videoda polkovnik idarənin qadın əməkdaşları ilə sevişir.

“Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılıb və zəruri prosessual hərəkətlər yerinə yetirilir. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.

FHN özü hələlik heç bir bəyanat verməyib. Amma məlumatlı mənbələrin bildirdiyinə görə, kadrlar bir neçə il əvvəl çəkilib. Tabeliyində olan əməkdaşlarla əlaqədə olan zabit isə çoxdan vəzifədən azad edilib. Hadisə FHN-in baş ofisindən uzaqda, yanğından mühafizə bölmələrindən birində baş verib.

Maraqlıdır ki, internetdə eyni zamanda müxtəlif saytlarda, demək olar ki, eyni süjetlər yayılıb. Bu səbəbə intim kadrların sızdırılmasının idarəni, daha dəqiq, FHN rəhbərliyini gözdən salmaq məqsədi güddüyü haqda fikir yaranıb. O zaman sifarişçi kimdir?

Başqa yandan, kadrların bir neçə il əvvələ aid olması yenə hüquqi məsuliyyət yaradırmı? Qanunla hansı cəza nəzərdə tutulur videonu çəkənə? Konkret halda şəxsi həyata müdaxilədən söhbət gedə bilərmi?

Əsabəli Mustafayev: “Ermənistana və Paşinyana qarşı beynəlxalq sanksiyalar  tətbiq edilə bilər”

Əsabəli Mustafaye

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi Zaur Mirzəyev iş kabinetində gizli kamera quraşdraraq eşq macəralarını videoya almasına görə məsuliyyət daşıyır: “Zaur Mirzəyev həmin videoları çəkməklə şəxsi həyata müdaxilə edib. Buna görə də məsuliyyət daşıyır. Burada Zaur Mirzəyevin məqsədi nə olub? Həmin videoları hansı məqsədlə çəkib? Müəyyən olunsa ki, Zaur Mirzəyev videoları şantaj məqsədilə çəkib, bu halda o, şantaja görə də qanun qarşısında cavab verməli olacaq. Şantaj nədən ibarət olub: gəlir əldə etmək məqsədi daşıyıb, hansısa digər üstünlüklər əldə etmək niyyəti güdüb? Bu suallara istintaq aydınlıq gətirməli və nəticədən asılı olaraq ona digər maddələrlə də ittiham elan olunmalıdır”.

Əsabəli Mustafayev deyir ki, seks səhnələri əks olunan videoların FHN-in inzibati binasında, xidməti kabinetdə çəkilməsi ağırlaşdırıcı hal kimi qiymətləndirilə bilər: “Həmin şəxsə verilmiş ayrıca xidməti kabinetdən şəxsi məqsədlər üçün, həm də cinayət əməli törətmək üçün istifadə etməsi istintaq və sonradan məhkəmə dövründə ağırlaşdırıcı hal kimi nəzərdən keçirilə bilər”.

Əsabəli Mustafayev deyir ki, FHN-in inzibati binasına kənar qadınların daxil olması ilə bağlı məqamlara da istintaq aydınlıq gətirməlidir: “Həmin şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqəli olmayan şəxslərin, bu halda qadınların inzibati binaya necə, nə məqsədlə daxil olmalarına şərait yaradılması da aydınlaşdırılmalı məqamlardandır. Həmin qadınlardan birinin FHN əməkdaşı olmaması, kənar şəxs olması haqda məlumatlar təsdiqini taparsa, bu halda onu xidməti kabinetinə buraxdırması da vəzifədən sui-istifadə halıdır”.

Vəkil videoların 2014-cü ilə aid olması və bu səbəbdən Zaur Mirzəyevin məsuliyyətdən kənar qala bilməsi ilə bağlı fikirlərə də aydınlıq gətirib: “Cinayət Məcəlləsində cinayət məsuliyyətinə cəlbetmə müddəti var. Şəxsi həyata müdaxilə maddəsində 2-3 il azadlıqdan məhrumetməni nəzərdə tutulur. Bu maddə az ağır cinayətlər kateqoriyasına aid olduğundan cəlbetmə müddəti 5 ildir. Amma bu məsələdə digər cinayətlərin tərkibləri də mövcuddur. Şantaj, vəzifədən sui-istifadə cinayətlərinin əlamətləri var. Bu baxımdan cəlbetmə müddəti məsələsi tətbiq olunmayacaq”.

Həmsöhbətimizin sözlərinə görə, belə videoların FHN-in inzibati binasında çəkilməsi, FHN əməkdaşlarının videolarda olması faktı ortalıqdadır: “FHN rəhbərliyi idarəçilikdə nəzarəti həyata keçirməyib. Öz tabeçiliyində olan işçilərə nəzarət edə bilməyiblər və ya bu hərəkətlərə şərait yaradılıb. Çıxıb demələri ki, ”xəbərimiz olmayıb, bu bizə qarşıdır", onlara bəraət qazandırmır. Xəbərləri olmayıbsa, bu daha pisdir. Deməli, FHN-in inzibati binası daxilində baş verənlərə nəzarət edə bilmirlər. Həm də videolardan görünür ki, belə hallar geniş yayılıb. Bu, rəhbərliyin səriştəsizliyini, işə səhlənkar yanaşmasını göstərir. Bundan başqa, kadrları işə götürərkən onların əxlaqi-mənəvi tərəflərinə qiymət verilməməsi məsələyə əhəmiyyət verilməməsini göstərir.

Eşitdiyimə görə, polkovnik Mirzəyev FHN rəhbərliyinin qohumudur. Qohumluqla, rüşvətlə işə götürülənlərdən belə hərəkətlər gözləniləndir. Çünki bu halda əsas meyar işçinin bilik və bacarıqları, mənəvi-əxlaqi baxışları deyil, sırf qohumbazlıq, şəxsi maraqdır. İşçilər tabe olduğu şəxslərdən nümunə götürürlər. Əgər bu prinsipi tətbiq etsək, belə aydın olar ki, rəhbərlikdə olanlar da bu işlərlə məşğul olublar. İşçi onlardan nümunə götürüb. İnandırıcı deyil ki, bir polkovnikin işdəki eşq macəralarından kollektivin digər üzvlərinin xəbəri olmayıb. Çünki kənar qadınların inzibati binaya daxil olarkən buraxılış vərəqəsinin yazılması, inzibati binadaxili nəzarət kameralarından kabinetlərə kənar şəxslərin daxil olmalarının görünməsi, onların orada saatlarla qalması diqqətdən yayına bilməzdi. Bütün bunlar şübhələnməyə əsas verməli idi. Lakin görünür ki, buna göz yumulub və belə hallar baş verib".

Vəkilin fikrincə, videolarda görünən qadınlardan birinin məxfi şöbənin rəisi olması haqda məlumat da ciddi mətləblərdən xəbər verir: “Xidməti məxfi sənədlər bu şəxslərin şantaj edilməsi yolu ilə 3-cü, 5-ci tərəflərin əlinə keçə bilərdi. Yəni bu videolarla dövlət qulluqçularını şantaj edib istədikləri kimi istifadə edə bilərdilər. Və ya kənardan inzibati binaya daxil olan qadın özü ilə ”juçok", partlayıcı aparıb ora qoya bilərdi. Bu məsələlər də aydınlaşdırılmalıdır".

Əsabəli Mustafayev deyir ki, FHN-də baş verənlər ümumilikdə qurumun hansı şəkildə idarə edilməsini göstərir: “Baş verənlər, sadəcə, həmin idarəçiliyin iyrənc nəticəsidir. Qurum daxilində sağlam münasibətlər sisteminin olmamasının göstəricisidir. Orada qorxulu proseslərin getməsidir ki, məxfi şöbənin rəisi elə əxlaqsız işlərlə məşğul olub. Bu cür əxlaqsız münasibətlər sistemində dövlət idarəçiliyi əleyhinə istənilən neqativ olaylar da gözləniləndir. Bu məsələ çox ciddi şəkildə araşdırılmalı, vəzifəsindən, kimliyindən, xidmətlərindən asılı olmayaraq cavabdeh olan hər kəs cəzaya çatdırılmalıdır. Çünki baş verənlər təkcə əxlaqi-hüqiqi məsuliyyət yaradan məsələ deyil. Bu olayın arxasında çox ciddi məsələlər dayana bilər. Zaur Mirzəyev kimin sayəsində gedib FHN-ə çıxıb, kimin sayəsində polkovnik rütbəsinə qədər qalxa bilib, videolar hansı məqsədlə çəkilib və hansı məqsədlərə görə istifadə olunub, hansı məxfi materialların əldə edilməsində istifadə olunub, bunlar araşdırılmalıdır. Çünki FHN-də baş verən bu iyrənc olay Azərbaycan dövlətinin sisteminə zərbədir. FHN hüquq-mühafizə orqanının bir qoludur. Orada baş verən belə xoşagəlməz olay dövlətçiliyə təhlükə yarada biləcək gücdədir. Bunlar nəzərə alınmalı, məsələ tam ciddi şəkildə araşdırılmalıdır”.

Yazı hazırlanarkən məlum oldu ki, Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub.  Belə ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və fotoçəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İş üzrə Zaur Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

 E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR