Səxavət Əlisoy Müsavatda nələri dəyişmək istədiyini açıqlayıb
Müsavat başqanlığına namizəd Səxavət Əlisoy sentyabrın 14-də partiya qərargahında mətbuat konfransı keçirərək platformasını açıqlayıb. O, partiyanın yenilənməli olduğunu deyib: “Əgər dəyişməsək, yenilənməsək, ən yaxşı halda bir neçə mandat uğrunda mübarizə aparan partiya olacağıq. Ancaq yenilənməklə daha güclü partiya ola bilərik. Bütün məsələlərə intellektual aspektdən baxsaq və ciddi şəkildə partiyanın yenidən güclənməsi üçün enerji sərf etsək, ciddi iddialar ortaya qoymaq iqtidarında olacaq. Bu gün başlamalıyıq ki, 2018-ci ildə 2003-cü ildəki statusumuzu bərpa edə bilək.
Öncə mübarizə taktikasını dəyişməliyik. Buna görə də qurultaydan sonra partiyada ciddi islahatlar getməlidir. İlk növbədə partiyada beyin mərkəzi yaradılmalıdır. Beyin mərkəzi olmayan partiya heç vaxt hakimiyyətə gəlməyib, gələ də bilməz. Partiyada nizamnamə və proqram dəyişikliyi barədə ciddi düşünmək lazımdır. Partiyanın təməl prinsiplərindən biri türkçülük, digəri millətçilikdir. İndiki rejimin idarəçiliyində çılpaq şəkildə insanların partiya mənsubiyyətini ortaya qoyması bəzən onların hətta həyat fəaliyyətini təhlükə qarşısında qoyur. Bunun qarşısını almaq üçün, Müsavatın elektoratının artması naminə tərəfdaşlıq institutunun yaradılması önəmlidir”.
“Yeni Müsavat” qəzetinin məlumatına görə, başqanlığa namizəd Məclis üzlərinin sayının ən azı 50 faiz aşağı salınmalı olduğunu vurğulayıb: “Türkiyədə Cümhuriyyət Xalq Partiyasının üzvlərinin sayı 950 mini keçib. Demək olar ki, 1 milyondur. 1 milyon üzvü olan partiyanın Məclis üzvlərinin sayı 60 nəfərdir. Müsavat Partiyasında 2000-ci ildə üzvlərin sayı 50 mindən yuxarı idi. İndi dəqiq rəqəmi bilmirəm. Partiyanın Məclis üzvlərinin sayı 160 civarındadır. Məclis üzvləri ilə bərabər qurultaya nümayəndəlik kvotası da aşağı endirilməlidir. Müsavat Partiyasının 4 ildir qurultay keçirməməsi çox ciddi nizamnamə pozuntusudur. Buna görə də qurultay nümayəndələrinin sayının azaldılması həm partiyanın çevik işləməsinə, həm keyfiyyət baxımından müsbət təsir göstərməsinə gətirib çıxarır. Məclis üzvlərinin də azaldılması partiyanın keyfiyyət dinamikasına müsbət təsir edər. Eyni zamanda Divan üzvlərinin sayının aşağı salınması nəzərdə tutulmalıdır”.
Səxavət Əlisoy Müsavatda islahatın kadrlardan başlamalı olduğunu deyib: “20 ildir bir vəzifəni tutmuş insanlar nə qədər gənci kölgədə qoyur. Partiyada gəncliyə söykənən yenilənmə lazımdır”.
Səxavət Əlisoy 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1996-ci ilədək Sumqayıtın və Bakının müxtəlif tibb müəssisələrində həkim, baş həkim vəzifələrində işləyib. 1998-ci ildən Müsavat Partiyasının üzvüdür.
Müsavatın yeni başqanı sentyabrın 27-də partiya qurultayında seçiləcək. Başqan postu uğrunda Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu da mübarizə aparır.
1911-ci ildə qurulmuş Müsavat Partiyası sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərib. 1992-ci ilin noyabrında Bakıda bərpa olunub, İsa Qəmbər partiya başqanı seçilib. O, 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda da başqan postuna təsdiqlənib.
2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, sentyabrın 27-də keçiriləcək 8-ci qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verə bilməz.






