Ötən gün müğənni Nurlan Təhməzli “O aşiqi bilirəm” adlanan yeni mahnı və klipini təqdim edib.
Musavat.com xəbər verir ki, həmkarlarını və media nümayəndələrini bir araya toplayan ifaçı özünü çalışqan müğənni saydığını deyib: “Mənim üçün mahnılarımın hit olması vacibdir. Bundan öncəki iki ifam sevildi. Ümid edirəm ki, bu da bəyənilər. Mən özümü çalışqan ifaçı sayıram. Hərçənd ki, çoxları məni tənbəl biri kimi tanıyır. Ona görə də təqdimat keçirməyə qərar verdim”.
Evli olan Təhməzli klipdə çəkilən xanımla həyatda da sevgili olmasına münasibət bildirib: “Nəfəs xanım əslində, aktrisa deyil. Bu adı ona mən vermişəm. İstədim ki, təkrar olmasın. Onunla yeni layihələr üzərində çalışırıq. İnşallah, tezliklə duetimizi təqdim edəcəyik. Səmimilik barədə isə onu deyə bilərəm ki, aramızda yalnız iş barədə münasibət var. Bundan başqa heç nə ola bilməz”.
Nurlan Təhməzlinin tərəf müqabili də ifaçı ilə aralarında olan münasibət barədə danışıb: “Nurlanı tanımağıma çox şadam. Bundan qabaq da onun mahnılarına qulaq asırdım. Daha sonra mahnı üçün ona müraciət etdim. Kənardan baxanda bəlkə də çox səmimi görünürük. Ona görə də hər düşüncədə ola bilərsiniz. Bu, bizim bir-birimizə olan hörmətimizdən yaranır. Sevgi münasibətinə gəldikdə isə onun ailəsi mənim isə şəxsi həyatım var. Ona görə də bu mövzunu bu qədər böyütmək lazım deyil”.
Sonda sənət yoldaşları Şəbnəm Tovuzlu, Rahidə Baxışova, reper “Qurd” və jurnalistlər ekran işinə münasibət bildiriblər.
Qeyd edək ki, mahnının müəllifi ifaçının özüdür. Klipin rejissoru Rəhman, operatoru isə Deleedir.
Könül İbrahim,
Musavat.com






