İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevdiyi qızı öldürüb, anasını güllələyən şəxsə ağır cəza kəsildi - narazılıq yarandı

1042 26.04.2019 12:20 Kriminal A A

Elçi göndərdiyi qızı öldürən, anasını isə ağır yaralayan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və adam öldürməyə cəhddə ittiham edilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror törətdiyi əmələ görə Sabir Qədimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun anası isə cəza ilə razı olmadığını, ömürlük cəza verilməsini istəyib.

Sabir Qədimovun vəkili müdafiə çıxışında qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs hadisəni törədən zaman affekt vəziyyətində olub. Vəkil müdafiə etdiyi şəxsin əməlindən peşman olduğunu deyib.

S.Qədimov da son sözündə əməlindən peşman olduğunu söyləyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən S.Qədimov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dəhşətli cinayət hadisəsi Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.

İlkin məlumata görə Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib. Amma məhkəmədə məlum olub ki, Sabir Qədimov mərhumun evinə elçi kimi yox, Aytənlə mübahisə etməyə gəlibmiş.

Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.

S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E.Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120. 2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürüllüb.

Mərhumun anası bildirir ki, qızı Sabir tərəfindən zorlanıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR