Martın 6-dan – neft hasilatının azaldılmasına dair OPEK+ ölkələri arasında əldə olunmuş razılaşma pozulandan sonra dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı öz tarixinin ən ağır dövrlərindən birini yaşayır.
Hasilatı daha çox azaltmaq təklifini rədd edən Rusiyanı cəzalandırmaq istəyən Krallıq mart-aprel aylarında dünya bazarına rekord həcmdə neft çıxarıb. Avropa və Asiyadakı alıcılara kəskin qiymət endirimləri həyata keçirib, hətta ödəniş imkanı olmayanlara nisyə mal satmaqdan belə çəkinməyib. Qısamüddətli dövrdə Səudiyyə öz istəyinə çatıb da: Asiya, Amerika və Avropa bazarlarında Rusiyanın mövqelərinə ciddi zərbə vurulub, bu ərazilərə ərəb neftinin idxalı rekord həcmlərə çatdırılıb.
Lakin koronavirus pandemiyasının yaratdığı görünməmiş qlobal böhran həm də dünyada neftə olan tələbatı kəskin şəkildə azaldıb. Nəticədə Səudiyyə öz neftini satmağa bazar, saxlamağa yer tapmaqda böyük çətinliklərlə üzləşib. Eyni zamanda, aşağı neft qiymətləri ölkənin əsas gəlir mənbəyindən daxilolmaları bir neçə dəfə kiçildib. Paralel surətdə pandemiyaya görə elan edilmiş karantin tədbirlərinə görə iqtisadiyyata, səhiyyə sahəsinə yönəldilən vəsaitlər – xərclər çoxalıb.
Qeyd edək ki, Krallıq büdcəsi neftin 70-80 dollarlıq qiyməti əsasında hazırlanır. Bundan aşağı qiymət olduqda çatışmayan vəsaitlər dövlətin valyuta ehtiyatlarından təmin olunur. Buna görə də neft qiymətlərinin kəskin düşməsi fonunda Səudiyyə hakimiyyəti iqtisadiyyatı dəstəkləmək üçün 27 milyard dollar xərcləməli olub. “Bloomberg Economics”in itqisadçısı Ziyad Daudun dediyinə görə, bu vəsaitin üçdə biri cari xərclərə, üçdə biri banklara, daha üçdə biri isə kapital axınının kompensasiya olunmasına sərf edilib. Valyuta bazarında stabilliyi saxlamaq üçün Səudiyyə Mərkəzi Bankı öz ehtiyatlarından böyük həcmdə xərcləməyə gedib. Nəticədə ölkənin valyuta ehtiyatları 2011-ci ildən bəri ən aşağı həddə - 464 milyard dollara düşüb. Bundan əlavə, büdcə kəsirini qapatmaq üçün ölkə beynəlxalq kapital bazarından da 19 milyard dollarlıq borc cəlb etməyə məcbur olub.
Neft gəlirlərinin azalması Kral ailəsini, xüsusilə varis şahzadəni – Məhəmməd ibn Salmanı çətin duruma salıb. May ayından hakimiyyət ciddi “kəmərsıxma” tədbirlərinə əl atıb. Belə ki, cəmi 2 il əvvəl 5 faiz olaraq tətbiq edilən Əlavə Dəyər Vergisinin həcmi 1 iyuldan 15 faizə qaldırılacaq. Gələn ayın 1-dən isə Səudiyyə əhalisinin bir qisminə yaşayış minimumu ödənişi dayandırılır. Ayda 1000 real (266 dollar) təşkil edən bu vəsait dövlət qulluqçuları və hərbçilərə 2018-ci ildən tətbiq olunan ƏDV-dən və benzinin bahalaşmasından çəkdikləri zərəri kompensasiya etmək üçün ödənilirdi.
Varis şahzadə 2018-ci ildən ölkədə büdcə gəlirlərinin diversifikasiyası üçün ciddi islahatlara başlamışdı. ƏDV, həmçinin xarici işçilərə tətbiq olunan vergi, alkoqolsuz içkilər və tütünə aksizlər də bu islahatlar paketinə daxil idi. İslahatlar paketi isə Məhəmməd ibn Salmanın “Vision 2030” adlı strategiyasının tərkib hissəsi idi. Strategiya varis şahzadənin ölkə iqtisadiyyatını diversifikasiya etməklə neftdən asılılığı azaltmaq üçün planıdır. 2016-cı ildə o, elan etmişdi ki, 2020-ci ildə artıq ölkə neftdən asılı olmayacaq, bu xammalın dünya bazar qiyməti ölkə üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Bu sahədə Səudiyyə şahzadəsi müəyyən nəticələr də əldə edib – 2014-cü ilə nisbətən qeyri-neft-qaz sektorundan büdcə daxilomaları 2 dəfədən də çox artaraq 83 milyard dollara çatıb. Lakin xarici mənbələrin məlumatına görə, hələ də büdcənin 90 faizi neft-qaz sektorundan formalaşmaqdadır.
Hazırda ölkənin xərcləri gəlirlərini xeyli üstələyir. Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin birinci rübündə büdcə kəsiri 9 milyard dollara çatıb. Neft gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalmaqla 34 milyard dollara düşüb. Krallıq hazırda daha da kəskinləşən büdcə kəsiri problemi ilə 2014-cü ildən bacara bilmir. 2014-2018-ci illərdə yığılmış büdcə kəsirinin həcmi 313 milyard dollar təşkil edib. 2018-ci ildən başladılan islahatlar büdcəni 2023-cü ilədək tənzimləməyi hədəfləmişdi. Lakin koronavirus pandemiyası buna imkan vermədi.
“Abu Dhabi Commercial Bank”ın iqtisadçısı Monika Malikin dediyinə görə, neftin qiymətinin azalması ilə yanaşı, hasilatın da azaldılması Səudiyyə Ərəbistanında vəziyyəti daha da kəskinləşdirəcək. İkinci rübdə ölkə iqtisadiyyatına təzyiqlərin yüksək həddə çatması gözlənilir.
Dövlət neft şirkəti “Saudi Aramco” xam neftin hədsiz ucuzlaşmasını səbəb göstərərək ilin ilk rübündə gəlirlərinin 25 faiz azaldığını açıqlayıb. Böyük hissəsi dövlətə aid olan “Saudi Aramco” şirkətinin keçən ilki dəyəri 1,7 trilyon dollar olub – “Google” və “Amazon” şirkətlərinin birgə dəyəri qədər. Ötən il Səudiyyə Ərəbistanı şirkətin çox kiçik bir qismini - sadəcə 1,5 faizini 25 milyard dollara sataraq tarixin ən böyük ictimai satışını reallaşdırıb.
Səudiyyə yaranmış vəziyyətdən çıxış yolunu haqlı olaraq dünya neft bazarında qiymətlərin tənzimlənməsində görür. Buna görə də bazardakı neft təklifini azaltmaq üçün böyük çabalar göstərir: iyun ayında ABŞ və Avropaya neft tədarükünü yarıya qədər azaldacaq. Bloomberg agentliyinin məlumatına görə, bu regionlardakı bəzi alıcılara neft çatdırılması isə 60-70 faiz azalacaq. “Saudi Aramco” həmçinin Asiyadakı 3 alıcısını da iyun tədarüklərinin ixtisar olunacağı barədə xəbərdar edib. Agentliyin yazdığına görə, Səudiyyə bu addımları dünya bazarındakı neft təklifini azaltmaq məqsədilə atır. Bundan əvvəl Ər-Riyad neft hasilatını OPEK+ çərçivəsində aprelin 12-də üzərinə götürdüyü öhdəlikdən əlavə 1 milyon barel də azaldacağını elan edib.
Xatırladaq ki, OPEK+ çərçivəsində ilk razılaşma zamanı da Səudiyyə Ərəbistanı üzərinə götürdüyü öhdəlikdən əlavə də azalmaya getmişdi. 2019-cu ildə onun hasilatı azaltma həcmi öhdəliyindən 500 min barel çox olub.
Düzdür, bəzi mənbələr Krallığın hasilatı azaltma qərarınıb məcburiyyətdən atılan addım kimi qiymətləndirirlər. Bildirilir ki, əksər idxalçı ölkələrin neft anbarları dolub, bazara daxil olacaq əlavə təklifi onsuz da alan olmayacaq. Bu şəraitdə Səudiyyənin artıq istehsal olunacaq nefti saxlamağa anbar həcmləri də imkan vermir. Lakin bu addımların əsas məqsədi neftin qiymətini ilkin mərhələdə stabilləşdirmək, daha sonra isə yüksəltmək üçün əlverişli zəmin hazırlamağa daha çox bənzəyir. Nəzərə almaq lazımdır ki, digər böyük neft hasilatçıları olan Rusiya və ABŞ-dan fərqli olaraq Səudiyyədə neft fontan üsulu ilə hasil olunur. Bu isə cüzi xərclərlə hasilatı istənilən zaman qısa müddətdə azaldıb-artırmağa imkan verir.
Dünya SAKİT,
“Yeni Müsavat”






