Səudiyyə Ərəbistanından olan din xadimi Şeyx Bəndər Əl Hayberin Yer kürəsinin fırlanması ilə fikirləri böyük sensasiyaya səbəb olub. XXI əsrdə belə bir açıqlamanın verilməsi elm ictimaiyyəti tərəfindən absurd qəbul edilsə də Şeyx Bəndər öz fikirlərini belə əsaslandırıb: “Dünya sabitdir. Hərəkət etmir. Deyək ki, təyyarə ilə Serce hava limanından Çinə doğru gedirik. Dünyanın hərəkətdə olduğunu deyirsiz? Yaxşı, indi diqqətinizi mənə verin. Bu, (su butulkasını göstərir) dünyadır. Əgər dünya dönürsə, təyyarə havada olanda Çin təyyarəyə doğru gəlməli deyil? Doğrudur, yoxsa səhv..? Əgər dünya əks istiqamətdə fırlansaydı, bu dəfə də təyyarə heç vaxt Çinə çata bilməzdi. Çünki Çin də təyyarə kimi hərəkət etmiş olacaqdı”.
Bu fikirlər dünya mətbuatında geniş müzakirələrə səbəb olub. Ölkəmizdə də Səudiyyə şeyxinin fikirləri birmənalı qarşılanmayıb. Bunu nəzərə alaraq, son günlərin müzakirə mövzusuna bir daha qayıtdıq və “yerin fırlanması” fikrinin tarixinə nəzər salmağa çalışdıq.
Şərqdə ilk dəfə bu fikri Əbu Reyhan Əl Biruni elmə gətirib. O, XI əsrin ən böyük coğrafiyaşünası hesab olunurdu. "Hindistan" adlı əsərində Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu söyləmiş və məşhur hind astronomu Brahmaquptanın "Yer hərəkətdə, göylər isə sükunətdədir" fikrini əsaslandırmışdı. Və Avropa elmi isə yalnız 500 ildən sonra Biruninin elmi əsaslarla irəli sürdüyü bu fikrə gələcəkdi.
995-ci ildə Biruni Yer kürəsinin modelini hazırlamağa başlayır və müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk relyefli qlobusu yaradır.
Ərəb alimi Əl-Biruninin fikrini bir daha elmə qaytaran polyak alimi Nikolay Kopernik olub. Kopernikə qədər dünya sistemi haqqında Ptolomey nəzəriyyəsi “hökmranlıq” edirdi. Bu nəzəriyyə görə, Yer kürəsi kainatın mərkəzində yerləşir, Günəş və digər planetlər isə onun ətrafında fırlanır.
Göy cisimlərini müşahidə edən Kopernik belə bir qənaətə gəlir ki, Ptolemeyin nəzəriyyəsi yanlışdır. Otuz illik riyazi hesablamalardan sonra Kopernik sübut edir ki, Yer bir planetdir və bütün planetlər Günəş ətrafında dövr edir.
Kopernik bildirirdi ki, Yer kürəsindəki müşahidəçi Yerin tərpənməz olduğunu, Günəşin isə onun ətrafında fırlandığını düşünür. Əslində isə Yer Günəş ətrafında fırlanır və bir il ərzində öz orbiti ətrafında tam dövrə vurur.
1543-cü ildə Kopernik "Göy cisimlərinin fırlanması haqqında" əsərini çap etdirmək qərarına gəlir. Dostları çap olunmuş kitabın bir nüsxəsini gətirib ona verəndə alim artıq ölüm ayağında idi. Kopernikin kəşfi elmdə çevriliş yaratmış və kilsə xurafatına sarsıdıcı zərbə vurmuşdu.
Kopernikdən sonra bu fikrini davam etdirən Avropa alimləri isə heç də onun qədər şanslı ola bilmədilər.
İtaliyan alimi Cordano Bruno məhz Nikolay Kopernikin kitabını oxuduqdan sonra bu istiqamətdə axtarışlara başlamışdı. O, günəş sistemi daxilində o zamanlar naməlum planetlərin mövcudluğu barədə, kainatın hüdudsuzluğu və ulduzların ətrafında planetlərin fırlandığı uzaq günəşlər olması haqda nəzəriyyələr irəli sürmüşdü. Bu fikirləri yaydığına görə Bruno 1600-cü ildə məhkəmə qərarı ilə yandırıldı.
İtalyan fiziki Qalileo Qaliley də Yer kürəsinin, ulduzların hərəkətdə olduğunu və Günəşin öz oxu ətrafında fırlandığını iddia etməsi səbəbindən kilsənin çox sərt və qəzəbli münasibətilə qarşılaşdı və kilsə tərəfindən rəsmi surətdə mühakimə olundu. Edama məhkum olunduğunu görən alim çarəsiz qalıb, yazılı şəkildə tövbə etdi və Yer kürəsinin hərəkət etməsi və Günəşin öz oxu ətrafında fırlanması haqqındakı fikirlərindən əl çəkdi.
Ancaq məhkəmədən çıxarkən Qalileyin işlətdiyi ifadə bu gün də tarixdə xatırlanmaqdadır: "Ey Yer kürəsi, sən şahid ol ki, hərəkət edirsən və gələcək nəsillər buna şahid duracaqlar. Amma nə edim ki, kilsə və onun başında dayananlar sənin hərəkət etdiyini sübuta yetirməyə mənə icazə vermədilər".
Din alimlərinin fikrincə, Qurani-Kərimdə də müxtəlif ayələrdə yer kürəsinin hərəkət etməsinə işarələr var: "(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər!" (Nəml surəsi, ayə 88).
Qeyd edək ki, Yer kürəsi hər 23 saat 53 dəqiqə ərzində bir dəfə öz oxu ətrafında fırlanır və bunun nəticəsində gecə-gündüz əmələ gəlir.
Yer kürəsinin öz oxu ətrafında fırlanmasını göstərən dövretmə hərəkətindən əlavə, 364 gün ərzində bir dəfə Günəş ətrafında fırlanır ki, bunun nəticəsində də dörd fəsil yaranır.
Həmçinin, Yer kürəsi hər gündə bir dəfə öz oxu ətrafında, hər ildə bir dəfə bütün digər kürələr arasında, onlarla birlikdə Günəş ətrafında fırlanmaqdan əlavə, eyni zamanda yer kürəsi, digər kürələr və Günəş – bunların hamısı bir yerdə sonsuzluğa doğru hərəkət edirlər.
Nərgiz Liftiyeva