Fransa prezidenti Qaşıqçı məsələsində niyə Səudiyyə Ərəbistanını tənqid edə bilmir?
Fransa prezidenti Emmanuel Makron bazar günü Parisdə ABŞ prezidenti ilə görüşündə Qaşıqçı cinayətinə toxunub. Danışıqlarda hər iki lider bildirib ki, ər-Riyadın bu cinayətlə bağlı daha çox məlumat açıqlamalı olduğunu bildiriblər. Eyni zamanda hər iki lider bu hadisənin Yaxın Şərqdə daha çox qarışıqlığa səbəb olmaması üçün Yəməndə atəşkəsə nail olunmasına vurğu edib.
Ancaq Qərb mediası Makronun bu mövqeyini o qədər də səmimi hesab etmir. Məsələ ondadır ki, Türkiyə, Almaniya, ABŞ, hətta Britaniyadan fərqli olaraq Fransa Qaşıqçı məsələsində hətta media səviyyəsində belə Səudiyyə Ərəbistanını incidəcək addım atmır.
Məsələn oktyabrın sonunda Slovakiyaya səfəri zamanı Makron bildirib ki, Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasına qarşı olduğunu deyib. Fransa prezidenti açıq şəkildə deyib ki, “silah satışını dayandırın” çağırışı açıq bir demoqogiyadır, çünki silah satışının Qaşıqçı cinayəti ilə bir bağlantısı yoxdur. Eyni zamanda o, Yəmən müharibəsinin də Qaşıqçı işi ilə birbaşa bağının olmadığını deyib.
Təbii ki, Fransa prezidenti bundan öncə yaydığı rəsmi açıqlamada Qaşıqçı cinayəti ilə bağlı “qəzəbləndiyini” ifadə edib. Ancaq eyni zamanda Fransa prezidenti Səudiyyə Ərəbistanı haqqında kəskin, “küsdürücü” ifadələr işlətməkdən çəkinib. Çünki Fransa Səudiyyə Ərəbistanına silah satır, üstəlik Makronun özünün vəliəhd-şahzadə ilə isti münasibətləri var.
Yeri gəlmişkən, ötən ilin sonlarında xəbər yayıldı ki, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman Paris yaxınlığında 14-cü Lüdoviq qəsrini hələ 2015-ci ildə 300 milyon dollara satın alıb. Bu, dünyanın ən baha evi hesab olunur. Belə görünür ki, vəliəhdin Parisə məhəbbətinin tarixi yeni deyilmiş.
Bu ilin yazında isə Məhəmməd bin Salman Parisə səfər edib və bu zaman Makron tərəfindən isti qarşılanıb. İki liderin yanında bir də Livanın baş naziri Saadi Həriri olub. O Həriri ki, ötən il bu günlərdə ər-Riyadda girovluqda saxlanılırdı və Makronun Kral sarayına səfərindən sonra azad edilərək ölkəsinə göndərildi. Hətta bunu ilk vaxtlar etiraf etməsə də, bu ilin yazında Makron etiraf etdi. Fransa prezidenti deyib ki, Livanda yeni bir vətəndaş müharibəsinin qarşısını alıb, Ər-Riyada gedərək kral ailəsi ilə görüşüb və Həririnin azad edilməsinə nail olub. Doğrudur, bu açıqlamanı Səudiyyə Ərəbistanı XİN rəsmi açıqlama ilə təkzib etdi, amma buna baxmayaraq Həriri hadisəsi hələ ötən ildən bəlli idi.

Fransa Səudiyyə Ərəbistanı ilə dost ölkədir. Krallıq son 10 ildə Fransadan 12 milyard dollar dəyərində silah və texnika alıb. Təbii ki, indi Yaxın Şərq ölkələrinə silah satmaq Qərb ölkələri üçün sərfəli ticarətdir. Bu səbəbdən də indi Fransa hökuməti bir tərəfdən demokratiya, söz və vicdan azadlığı prinsiplərinin müdafiəçisi rolundan imtina edə bilmir, digər tərəfdən isə Səudiyyə Ərəbistanı kimi qiymətli müştərini itirmək istəmir.
Jurnalist Camal Qaşıqçının ölümü və ötən 40 gündə baş verənlər dünya demokratiyası, xüsusən də Qərb ölkələri üçün ciddi bir demokratiya sınağı oldu. Bir tərəfdə öldürülmüş jurnalistin qanı, digər tərəfdə isə varlı, neft milyardlarını su kimi səpən bir monarxiya. ABŞ, Britaniya, Fransa kimi böyük dövlətlər Qaşıqçı işində səmimiyyət testindən keçə bilmədilər.






