“Səudiyyə kralının sərvəti sizdə olsaydı, nə edərdiniz” sualına tanınmışların qəribə cavabları...
Səudiyyə Ərəbistanının mərhum kralı Abdulla İbn Əbüləzizin ölümündən sonra kral ailəsinin milyardlarla ölçülən sərvəti dünya mətbuatının əsas müzakirə mövzusuna çevrilib. Mərhum kralın şəxsi mülkiyyətinə hər birinin dəyəri 150 milyonu ötən Boinq təyyarələri, birbaşa okeana açılan yaxtaları, dünyanın ən bahalı ölkələrində saray qəsrləri və sair daxildir.
Kral Abdullanı ən son gündəmə gətirən şey onun qızıldan işlənmiş yeriyən sarayı idi. Kral Abdullanın orta əsrlər sarayını xatırladan şəxsi avtobusunun təkcə qızıl işləmələrinə 2 milyon avro xərclənib. Ümumilikdə, mərhum kralın sərvəti 20 milyard dollardan artıq qiymətləndirilir. Kralın yaşadığı müddət ərzində bu sərvətini necə xərcləməsi hər kəsə məlumdur.
Bəs, görəsən Azərbaycanın tanınmış media nümayəndələrinin bu qədər sərvəti olsa idi, onlar belə irihəcmli pulları necə xərcləyərdilər?
Musavat.com bu suallarla ölkənin tanınmış şəxsləri arasında sorğu keçirib.
Şair-publisist Əvəz Qurbanlı sorğumuza cavabında bildirib ki, əgər belə bir şansı olsa, sərvətini daha çox cəmiyyətin faydası üçün xərcləyərdi: “Əvvəlcə, Bakıda jurnalistlər üçün tikilən binanın yaxınlığında özümə mənzil, sonra isə ayağımı yerdən götürən bir maşın alardım. Daha sonra Silahlı Qüvvələrin fonduna, uşaq bağçalarına, internat məktəblərinə, kimsəsiz və imkansız ailələrə yardım edərdim. Şəhid ailələrinə aylıq təqaüd ayırardım. Sonra bütün bu vəsaitlərin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət edərdim. Təbii ki, başqa xərclər də olar. Ancaq hazırda ağlıma gəlmir. Pul olsa, onu xərcləməyin yollarını avtomatik kəşf edərəm”.
“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova qeyd etdi ki, əgər sözügedən məbləğ onda olsa idi, ilk növbədə kimsəsiz qadınlar üçün sığınacaq və sosial yataqxana açardı: “Qadınlarımızın iqtisadi cəhətdən azad olması üçün layihələr həyata keçirərdim. Qadınlara faizsiz kredit verərdim. Bir qədər də özümə ayırıb, dünyanı səyahət edərdim”.
“Gündəlilk Teleqraf” qəzetinin baş redaktoru Taleh Şahsuvarlı bildirdi ki, bu vəsaitin böyük bir hissəsini elmin və mədəniyyətin inkişafına xərcləyərdi: “Mən milyarder olmaq iddiasında deyiləm. Heç zaman pulu sevməmişəm, indi də o qədər sərvətimin olmasını arzulamıram. Ancaq nəinki 20 milyard, hətta onun az bir qisminə sahib olsaydım, ölkəmdə və türk dünyasında sırf dünyəvi sistem əsasında orta və ali məktəblər açardım. Türk insanının elmə və mədəniyyətə yönəlməsi üçün son qəpiyimi belə təhsilə, elmi tədqiqatlara xərcləməkdən çəkinməz, opera, balet, teatr, musiqi və kinonun inkişafına çalışardım. O pulun önəmli bir bölümünü ölkəmin iqtisadiyyatının, xalqımın rifahının güclənməsinə sərf edər, Azərbaycanda yeni texnologiyaların ixtirası üçün şərait yaradardım. Söz azadlığının inkişafı üçün sərbəst media quruluşları yaradardım. Nəhayət, tarixə marağım çox olduğu üçün Azərbaycanın qədim və orta əsr tarixinin araşdırılmasına maliyyə ayırardım”.
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı isə reallığa üstünlük verdiyini dedi: “Mən yalnız özümə məxsus olan və reallıqda ola biləcək məbləğ haqqında düşünər və onu necə xərcləyəcəyimi planlaşdırardım. Mümkün olmayan bir şey haqqında niyə düşünməliyəm?”
İTV-nin tanınmış aparıcısı Vəsilə Vahidqızı sorğumuza cavabında pulu olmayan adamların belə suallara cavab tapa bilməyəcəyini qeyd etdi.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın da cavabı maraqlı oldu. O, bildirdi ki, əgər 20 milyard dollara sahib olsaydı, onda elə kral olardı.
Aznews.az saytının redaktoru Elçin Zahiroğlu vurğuladı ki, bu sərvətlə ilk növbədə ölkədəki kasıb insanları gündəlik qayğılardan azad etməyə çalışardı: “Fikrimcə, bu qədər sərvəti səmərəli xərcləmək üçün bir institut işləməlidir, layihələr hazırlamalıdır. Burada ekoloji fəlakətlərin qarşısının alınması, insanların viruslara yoluxma riskinin azaldılmazı, elmi laboratoriyaların tikilməsi, beyin mərkəzlərinin yaradılması kimi layihələr yəqin ki, prioritet istiqamət olar. Amma mənim üçün daha vacib məsələ insanların xırda məişət probleminə görə əziyyət çəkmələrinin qarşını almaqdır. Hər bir insanın normal yaşaması, dolanması, sağlam olması üçün hansı addımları atmaq lazımdırsa, həmin pulu ora xərcləmək lazımdır. Azərbaycan kimi ölkədə 20 milyard pulu səmərəli istifadə etməklə nəyəsə nail olmaq mümkündür. Bizdəki problemlərin kökündə insanların maddi imkanlarının zəif olması dayanır. Yəni, 20 milyard hər kəsin dərdinə çarə ola bilər”.
Nərgiz Liftiyeva






