İnsanlara hürriyət, millətlərə istiqlal!

Səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndə: Cabbar Qaryağdıoğlu - 154

5101 31.03.2015 20:50 Mədəniyyət A A
Azərbaycan milli musiqisinin böyük ustadı, fövqəladə istedadı ilə musiqi tariximizin qızıl dövrünü yazan, Azərbaycan opera sənətinin ilk ifaçılarından biri Cabbar Qaryağdının bu gün anadan olmasının 154-cü ili tamam olur. O, XIX əsrin ikinci yarısında yetişən və musiqi tariximizdə adını qızıl hərflərlə yazan xanəndədir. 

Şuşa musiqi məktəbinə daxil olan Cabbarın ilk müəllimi şuşalı şair Mirzəli Zeynalabdin oğlu olub. O, ədəbiyyatı, fars və türk dillərini mükəmməl bilməklə yanaşı, klassik Şərq muğamlarına da dərindən bələd idi. O, Cabbara musiqi elmini, fars dilini öyrədib, şeirə, sənətə həvəs yaradıb. 13 yaşında oxumağa başlayan Cabbar Qaryağdıoğlu 16 yaşında ifaetdiyi "Şüştər", "Kürd Şahnaz" muğamları ilə məşhurlaşıb. Məşhur tarzən Sadıqcanın təklifi ilə Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilən xeyriyyə gecəsində çıxış edib. Onun bu məclisdə oxuduğu "Heyratı"nın səsi-sorağı tezliklə Gəncəyə, Şamaxıya, Bakıya yayılır. Onu yaxın-uzaq şəhərlərə, Orta Asiyaya, İrana dəvət ediblər.
  
1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanan "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəciyində Cabbar Qaryağdıoğlu yaratdığı Məcnun rolu ilə həm də operamızın ilk  aktyoru oldu.  1911-ci ildə Cabbar Qaryağdıoğlu Bakıda "Nikitin qardaşlarının teatrı"nda "Fərhad və Şirin" operasının ilk tamaşasında Fərhad rolunu ifa edib. 

O dövrün qəzetləri bu barədə yazırdılar: "Qaryağdı Fərhadın ariyasını çox gözəl və ruh yüksəkliyi ilə oxuyurdu".

XX əsrin əvvəlinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək  ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoyub. Məhz onun səyi nəticəsində  muğamlar artıq Azərbaycan dilində ifa olunmağa başlayıb. 

Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. Konservatoriyada xanəndəlik fənnindən dərs deyərək, xeyli sayda muğam ifaçıları yetişdirib. Onun sevimli tələbəsi olan Bülbül müəllimi haqqında bu sözləri demişdi: “Azərbaycan musiqi tarixində CabbarQaryağdıoğlu kimi "Heyratı", "Mahur", "Mənsuriyyə" ifa edən çətin tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir".

Cabbar Qaryağdıoğlu səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndədir. O, Kiyev, Moskva və Varşava şəhərlərinə dəvət alıb və orada səsi qrammofon valına yazılıb.

Məşhur muğam ustasının xanəndəliklə yanaşı, şairliyi də olub, sözlər də yazıb, bəstəkar kimi mahnılar da qoşub.

Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Xalidə Gəray

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR