İnsanlara hürriyət, millətlərə istiqlal!

Səsi mətnə çevirən "İmla" layihəsinin yaradıcısı: “Azərbaycanda işləyə bilmədik”

2331 18.01.2022 18:01 Müsahibə A A

“Həm jurnalistlərin, həm də tələbələrin istifadəsi üçün hazırlamışdıq...” –Toğrul Səməd 

Səsi mətnə çevirən "İmla" layihəsi fəaliyyətini dayandırıb. Jurnalistlərin işini xeyli asanlaşdıran bu tətbiq son aylarda xeyli populyarlaşmışdı. “Teleqram” üzərindən həyata keçirilən layihə niyə sonradan işləmədi? "İmla"nın yaradıcısı, Azərbaycanda və xaricdə bir neçə startap layihələrinin müəllifi, biznesmen Toğrul Səmədlə söhbət zamanı bu və digər məsələləri aydınlaşdırmağa çalışdıq.  

Yada salaq ki, Toğrul Səməd  21 ölkə üzrə “Appstore”nin “Ən yaxşı yeni oyunlar” kateqoriyasına daxil edilmiş və “Google Play”də 5 milyon dəfədən çox yüklənmiş məşhur “Fatal Fight” mobil oyununun müəllifidir. Qısa bir vaxt ərzində populyarlaşan oyun sonradan “İtech Media Solutions” şirkətinə satılıb və Çinin Android marketində “Top 1” mobil oyun adına layiq görülüb. O, həmçinin “Buglance” crowdtesting platforması və “Tado Cafe” kimi digər uğurlu startapların müəllifidir. Hazırda Dubayda yerləşən "Buglance" və  Amerikada yerləşən “Nafantano” şirkətinin təsisçisi və direktorudur.

- Toğrul bəy, "İmla yaz"ı nə vaxt yaratdınız, əvvəldən nə kimi planlarınız var idi?  

- “İmla” layihəsi təqribən bir il qabaq başlayıb. İlkin məqsəd Azərbaycan dilində səsin mətnə çevrilməsi texnologiyasını növbəti mərhələyə keçirmək idi. Bizdən öncə bir neçə komanda bu problemin üzərində işləyib,  müəyyən nəticələr əldə etmişdi. Bizim məqsədimiz o nəticələrdən qat-qat daha yaxşı nəticə əldə etmək idi. Biz onu əldə edib sübut etdik ki, ən dəqiq səsin mətnə çevrilməsi alqoritmini hazırlaya bilmişik. Təqribən 95 faiz dəqiqliklə bu nəticəni göstərib. Başqa komandalar da bu iddiada bulundu. Amma bizim testlər göstərdi ki, rəqib komandaların göstərdiyi texnologiya eyni test datası üzərindən  daha aşağı nəticələr göstərir. ATL qrupunun texnologiyası 54 faiz, “Az-Reko” 78 faiz göstərdiyi halda, bizdə 89 faiz nəticə əldə etdik. Amma bu test dataları nisbi anlayışdır. Hansısa texnologiyada daha yüksək, daha aşağı nəticələr göstərə bilir.

- Jurnalistlər artıq istifadə etməyə başlayarkən “İmla”nı bağladınız. Bəziləri bildirdi ki, bu, layihəyə cəlb etmək üçün idi, doğrudurmu?

-    Açığı biz kimin istifadə edib-etmədiyini bilmirik. İstifadəçilərin dataları məxfidir deyə onların “bot”u nə üçün istifadə etdiyini bilmirik. Bağlamağımızın səbəbi jurnalistlər arasında tanınması deyil, bununla əlaqəsi yoxdur. Sadəcə olaraq kifayət qədər maliyyə tələb edən bir texnologiyadır. Biz bu layihəyə kifayət qədər böyük məbləğ yatırdıq. Məqsəd o idi ki, o xidmətləri yerli bazarda göstərək. Sonra məlum oldu ki, yerli bazarda bu xidmətlərə tələbat yüksək olsa belə, şirkətlərin  bu xidmətə görə pul ödəməsi problemdir. Kiçik şirkətlər üçün büdcə yoxdur, böyük qurumların isə müxtəlif tələbləri, yanaşması var ki, xidmətin satılmasını əngəlləyir. Ona görə də biz yerli satışlar edə bilmədik deyə qərara gəldik ki, biz eyni texnologiyanı başqa dillər üçün hazırlayıb xarici bazarlara çıxaraq. Bu məqsədlə artıq mən komandamla birgə ölkədən köçüb Amerikada yeni şirkət qurmuşuq. Bu texnologiyanı orada inkişaf etdirməyə başlamışıq.

- Məsələn, “Facebook” kimi platforma bizim ölkədə də mümkün olmazmı? Bunun üçün nə çatışmır? Kadr yoxsa, maddi imkan? Elə “İmla” da bir yenilikdir? Bizdə belə layihələr niyə alınmır?

-  Bizdə böyük layihələr niyə alınmır. Çünki bizə münbit şərait, eko-sistem yoxdur. Bu cür xərc tələb edən layihələrin, yüksək risk olan layihələrin başa gəlməsi üçün investorlar lazımdır. İnvestorların pul yatırması üçün əlverişli investisiya mühiti olmalıdır. Həmçinin böyük bazar olmalıdır. Bu və digər faktorlar var ki, bunlar Azərbaycanda bu tipli, innovativ, perspektivli layihələrin həyata keçməsinə imkan vermir. Bundan öncə Dubayda  "Buglance" şirkətini qurmuşduq. Bu, bütün dünyada  mobil tətbiqlərin testinq xidmətini göstərir. Orada istifadə olan xidmətlərdən birini “İmla” layihəsində istifadə etmişik. Ümumiyyətlə, "startap”ların Vençur maliyyələşməsi olmadan ərsəyə gəlməsi çox çətindir. Bütün dünyada "startap"ların böyüməsinin əsas səbəblərindən biri maliyyənin əlçatan olmasıdır.  "Startap"ın hər etapında o etapa uyğun maliyyələşməni əldə edə bilirlər. Müqayisə üçün deyək ki, tutaq ki, Silikon vadisini götürək, təqribən 2-3 minə yaxın VC var, təqribən 10-20 minə yaxın investoru var. Azərbaycanda  Vençur fondu ümumiyyətlə yoxdur. Mənim kimi investor da 30-40  nəfər olar, ya olmaz. Şəxsən tanıdığım 5 nəfər var ki, Vençur kapitalı ilə məşğuldur. Yerli maliyyələşmə yoxdur deyə "startap"ların yerli bazarda böyüməsi mümkün deyil. Azərbaycan miqyasında beynəlxalq "startap"ın çıxması da çox çətindir. Demirəm mümkün deyil, biz və başqa komandalar edir. Amma çox çətindir. Daha münbit şərait olsaydı istənilən əldə olunmuş nəticə daha böyük ola bilərdi.

- Məsələn, dövlətin sizə nə kimi dəstəyi olmalıdır ki, siz burada fəaliyyət göstərəsiniz? 

- Hesab edirəm ki, "startap"lara dövlət birbaşa dəstək olmamalıdır. Özəl sektorun bura yatırım etməsi üçün münbit şərait yaradılmalıdır. Yaxud müəyyən güzəştlər edilməlidir ki, investorlar yatırım etməkdə maraqlı olsun. Dövlətin dəstək ola biləcəyi yeganə sifarişlərlə bağlı məsələdir. Əgər dövlətin hər hansı bir texnologiyaya ehtiyacı varsa, bürokratik proseslər aradan qaldırılmalıdır. Burada şəxslərə bağlı qərarların verilməməsi, hər hansı şəffaf müsabiqə şərtləri ilə, müəyyən meyarlar müəyyən edilməlidir ki, o meyarlara cavab verən şirkət  sifarişi ala bilsin. Bu cür dəstək ola bilər.

- Votsap üzərindən göndərilən səs “İmla”da daha aydın şəkildə mətnə çevrilirdi. Amma canlı, yaxud “diktofon”dan göndərilən səslər düzgün şəkildə köçürülmürdü. Bunun daha mükəmməl forması tətbiq edilə bilərmi?

- Əslində onun effektiv istifadə olunması üçün biz ayrıca tətbiq hazırlamalı idik. Bu yol xəritəsində var idi.  Sadəcə onun prioriteti aşağı düşdü. Çünki artıq xarici bazar üçün işləməyə başladıq. Yerli bazar üçün belə bir planımız var idi ki, elə bir tətbiq buraxaq ki, birbaşa səslər üzərindən səslər yazıla bilər və oradan da səs mətnə çevrilib müxtəlif yerlərə kopyalana bilər. Maliyyələşmə olmadığına görə hələlik o məhsul kənarda qaldı. Həm jurnalistlərin, həm də tələbələrin istifadə etməsi üçün tətbiq hazırlayırdıq. O layihə yarımçıq qalıb.  

Afaq MİRAYİQ,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR