İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərt karantin rejimi olsunmu - fərqli yanaşmalar

759 01.04.2021 11:15 Gündəm A A

Həkimlərin bir qismi qaydalara riayət edilməklə rejimin yumşaldılmasının tərəfdarıdır, digərləri isə...

Koronavirusa yoluxma sayı artır. Xalq sərt karantin rejiminə keçməyə yox deyir, hökumət tərəddüd edir. Bununla belə, həm yoluxma sayı, həm də ölənlərin sayı günü-gündən artır.

Son statistikaya görə, Azərbaycanda koronavirus infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb. Analiz nəticələri müsbət çıxmış 29 nəfər isə vəfat edib.

Göründüyü kimi, yoluxma sürətlə çoxalır. Hətta ötən ilin mart ayının 31-nə olan yoluxma sayını bugünkü tarixlə müqayisə etsək, nə qədər fərqin olduğunu müşahidə edərik. 2020-ci il martın 31-də ümumi yoluxma sayı 298 nəfər təşkil etmişdi, yeni yoluxan 24 nəfər, ölən 1 nəfər, ümumi ölənlərin sayı 5 nəfər, ümumi sağalanların sayı isə 26 nəfər olmuşdu.

Bu rəqəmlər isə onu deməyə əsas verir ki, gələcəklə bağlı proqnozlar heç də ürəkaçan olmaya bilər. Nəzərə alınsa ki, ölkəmizdə Britaniya ştammı da aşkarlanıb, həyəcan təbilinin çalınmasına əsas var.

Ötən gün ölkə üzrə açıqlanan COVİD-19-a yoluxma statistikası da ürəkaçan deyil, ən yüksək yoluxma səviyyəsi Bakı şəhərinin payına düşüb - deməli, xəstələrin 53,7 faizi paytaxtda yaşayır. Yoluxma digər bölgələr üzrə Abşeronda 12,9 faiz, Aran zonasında 12,4 faiz, Gəncə-Qazaxda 7,8 faiz, Quba-Xaçmazda 2,9 faiz, Lənkəranda 2,7 faiz, Şəki-Zaqatalada 3,5 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,4 faizdir. Naxçıvanda yoluxma 0,05 faiz, ölkəxarici yoluxma isə 0,3 faiz təşkil edir. Qeyd edək ki, ötən ay Bakıda koronavirusa yoluxma halı 52,3 faiz qeydə alınmışdı.

Yoluxma sayını aşağı salmağın yolu yalnız sərt karantinə keçməkdədirmi? Başqa üsul varmı?

Koronavirusla mübarizə aparan həkimlərimizi tanıyın Xalqqazeti.com

Məlahət İsayeva 

Korona xəstələrini müalicə edən Məlahət İsayeva mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Karantin olmalıdır, yalnız yumşaq karantin tətbiq olunsa yaxşı olar. Xarici ölkələrdəki kimi, bizdə də müəyyən qaydalar olsa yaxşı olar. Maskadan istifadə, ara məsafə gözlənilməklə, sanitar gigiyena qaydalarına əməl edilməklə icazələr verilməlidir. İnsanlar yorulublar. Xəstə insanlardan uzaq olmaq lazımdır. Maskadan istifadə etmək artıq bizim normal həyat tərzimiz olmalıdır. Çünki viruslar həmişə var. Soyuq havada da, isti havalarda da var. Qrip özü elə virusdur. COVİD-19 da virusun bir növüdür. Yalnız koronavirusdan deyil, digər viruslardan da qorunmalıyıq. Vərəm, Hepatit, onkoloji xəstəliyi olanlar var. Xəstəliklər hər zaman bizimlədir, özümüzü qorumalıyıq.

Amma hər zaman qapalı da oturmaq olmaz. İnsanlar ruhdan düşüblər. Normal həyata qayıtmaq lazımdır. Toylar da, yas mərasimləri də olmalıdır. Amma bunu müəyyən çərçivədə etmək lazımdır.  Heç olmasa bu virus məhv olana qədər gözləmək lazımdır. Ümumiyyətlə, həkim kimi  sərt karantinin tərəfdarı deyiləm".

Gülnarə Əhmədova — Qastroenteroloq, İnfeksionist, Bakı | HekimTap

Gülnarə Əhmədova

Bizimlə söhbətdə infeksionist Gülnarə Əhmədova bildirib ki, yoluxma sayında bu cür artımlar gözlənilirdi: “Mənim şəxsi fikrimdir ki, bu virus bir bədəndən çıxıb, başqasına gedə-gedə yeni ştammlar yaradacaq. Nə vaxt insan orqanizmi onun öhdəsindən gələ bilsə, xəstəliyə qalib gələcək. Bunun əksi olmasa,  üçüncü, dördüncü dalğa da olacaq”.

G.Əhmədova hesab edir ki,  karantin rejimi tətbiq olunmalıdır: “Çünki bizdə hələ də insanlar vəziyyəti başa düşməyiblər, qiymətləndirməyi bacarmırlar. Biri rəhmətə gedir, uzaqdan, rayonlardan gəlirlər. Beləliklə də yayırlar. Hər gün avtobuslarda nə qədər basabas olur. Geniş avtobuslar olsa, ya da avtobusların sayı çox olsa  yoluxmanın da qarşısı alınar. Bu zaman insanlar arasında məsafə də olar. Əhali arasında maarifləndirməyə ehtiyac var. Deyilməlidir ki, bu xəstəlikdən xilas ola bilməyəcəksən. Yalnız gigiyena, məsafə saxlamaqla nə isə əldə etmək olar. İnsanlar arasında əlaqə olmasa, bu infeksiya öz-özünə məhv olub gedər. Çünki bu zaman infeksiya insandan o birisinə ötürülmür. Yalnız bunu anlasalar, bəlkə vəziyyət düzələr".

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

Mərdan Əliyev

İnfeksionist-hepotoloq Mərdan Əliyev isə  hesab edir ki, bu məsələni vətəndaşların ixtiyarına vermək olmaz: “Vətəndaşın təhlükəsizliyini istər tibbi mənada olsun, istərsə də sosial, siyası, fiziki baxımdan dövlət təmin etməlidir. Xəstəxanalar dolanda yer olmayanda nə edəcəklər? Axı dərmanı, xəstəxanaları dövlət təmin edir, yoluxma sayı artdıqca maddi cəhətdən də dövlətin yükü artır. Yoluxma sayının artmamasında birbaşa dövlət maraqlıdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR