Aydın Hüseynov: “Təcrübə göstərir ki, Azərbaycan Prezidentinin xəbərdarlıqlarının ardı praktiki cəzavermə fazasına keçir”
Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman çıxışında Ermənistanın sabiq prezidenti Serj Sərkisyana və digər revanşsit hisslərlə yaşayan ermənilərə çox sərt xəbərdarlıq edib.
Prezident İlham Əliyev Serjikin hərbi cinayətkar olduğundan da danışıb. Prezident deyib ki, müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sərkisyan və onun kimilərdir: “İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, ”möhkəm", “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik...
İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən...
Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona çox baha başa gələr. Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı. O da yenə haradansa öyrənib, bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Bu yaxınlarda keçirilmiş seçkilərdə görün, heç beş faiz səs toplaya bilməyib. Görün, erməni xalqı bu məxluqa nə qədər nifrət edir ki, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki ona. Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi..."
Aydın Hüseynov
Prezidentin Serjik Sərkisyana və sərkisyankimilərə bu şəkildə sərt cavab verməsi xəbərdarlığı Azərbaycan cəmiyyəti tərəfindən alqışlanır. Bu barədə danışan deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev Serj Sərkisyan adlanan canlının şəxsiyyətsizliyinin, mənəviyyatsızlığının, cinayətkar əməllərənin, xain, qorxaq, simasız birisi olmasının anatomiyasını təqdim edib. O, məhz bu naqisliklərdən ibarət bir məxluqdur: “Sərkisyan hətta öz adını belə saxtalaşdırmış bir saxtakardır. Onun üçün seçkidə özünə xalqın vermədiyi səsi yazdırmaq kimi saxtakarlıq etmək adi bir şeydir. Çünki adam təpədən dırnağa qədər saxtakardır. Serj Sərkisyanın adının Serjik olduğunu, sonradan saxtakarlıqla Serj olduğunu bir zamanlar onunla bir yerdə işləmiş, bir müddət ona rəhbərlik etmiş azərbaycanlılar da müsahibələrində faktlarla bildiriblər. Serjik eyni zamanda həm öz xalqı qarşısında, həm də Azərbaycan xalqı qarşısında cinayətkardır. Xocalıda dinc insanların soyqırımını həyata keçirdiyini qəhrəmanlığı kimi şəxsən bəyan edən bu hərbi caniyə Azərbaycanda cinayət işi açılıb. Gec-tez Azərbaycan ona layiq olduğu hüquqi cəzanı verəcək. 44 günlük müharibədə Azərbaycan Prezidenti və ordusu əslində Serjikə, Robert Köçəryana, Seyran Ohanyan və digər hərbi canilərə bir cəza verib. Qurduqları və qürrələndikləri ordunu Azərbaycan Ordusu məhv etməklə onlara cəza verdi. Serjikin əli öz xalqının da qanına batıb. 2008-ci ilin martında Robert Köçəryan onu zorla, xalqın iradəsinə zidd olaraq hakimiyyətə gətirdi və bu zaman küçədə erməni xalqı güllə-baran edildi, çoxsaylı insanlar qətlə yetirildi, yaralandı. Ermənistan əhalisi ona da, onun üzvü olduğu cinayətkar klana da nifrət edir. Bu nifrət 2018-ci ildə xalqın Serjiki iti qovan kimi hakimiyyətdən qovması ilə və bu il keçirilən seçkilərdə Sejikin dəstəsinə cəmi 1 faiz səs verilməsi nümayiş etdirildi. Bir gün o da öz xalqına qarşı etdiyi cinayətlərə görə cavab verəcək. Necə ki, tayları ard-arda cavab verirlər”.
Deputat vurğuladı ki, Prezident Serj Sərkisyanın nümunəsində Ermənistanda bütün revanşist qüvvələri və şəxsləri xəbərdar etdi. Özü də bu xəbərdarlıq çox sərt xəbərdarlıq idi: “Serjik və onun kimi revanş xülyasında yaşayan ermənilər bundan nəticə çıxarmalıdırlar. Çünki indiyə qədərki təcrübə göstərir ki, Azərbaycan Prezidentinin xəbərdarlıqlarının ardı praktiki cəzavermə fazasına keçir. Bu təcrübəni heç kim yaddan çıxarmasın”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






