“Sərhədsiz Reportyorlar” hüquq-müdafiə təşkilatı noyabrın 2-də 2016-cı il üçün hesabatını açıqlayıb ki, 35 dövlət və hökumət başçısının, o cümlədən Azərbaycanın dövlət rəhbərinin adı da neqativ planda çəkilib.
Sənəddə iddia olunur ki, ötən il ən çox Türkiyədə vəziyyət pisləşib, burada kütləvi repressiyalar dalğası davam edir və ən azı 130 jurnalist həbsdədir, 140-dan çox KİV bağlanıb. Hakimiyyət, demək olar ki, ölkənin bütün mətbuat məkanına nəzarət edir. (“Turan”) “Ötən ildən hakimiyyət xaricdə sığınacaq almış jurnalistlərin qohumlarının təqibi ilə bağlı yeni metodlar tətbiq edir. Hazırda Azərbaycanda 8 jurnalist və blogger həbsdədir, onlarla KİV nümayəndəsi isə təqiblərdən xaricdə gizlənmək məcburiyyətindədir. 2015-ci illə müqayisədə Azərbaycan dünyada mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə düşüb” - hesabatda bildirilir. Qeyd edək ki, ümumilikdə siyahıda 180 ölkədən bəhs olunur. Ən azad mətbuat Finlandiya və Niderlandda, ən qeyri-azad mətbuat isə Eritreya və Şimali Koreyadadır. Mətbuat azadlığının səviyyəsinə görə Gürcüstan 64-cü, Ermənistan isə 74-cü yerdə göstərilib. Azərbaycanda isə bu hesabata münasibət birmənalı deyil.
“Dost və düşmən kateqoriyaları, fikrimcə, bütövlükdə ayrı-ayrı ölkələrdə və müxtəlif səviyyələrdə artıq media elementi olmaqdan başqa, həm də siyasi elementdir. Ona görə də mən bunu bir o qədər də uğurlu kateqoriya hesab etmirəm”. Bu fikirlər isə “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevə məxsusdur. A.Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, medianın məqsədi həm də vəziyyəti dəyişmək, yaxşılaşdırmaqdır.
“Hələ mən görməmişəm ki, düşmən siyahıları hansısa bir ölkənin rəhbərliyinə və yaxud siyasi elitasına müsbət təsir göstərsin. Ona görə də mən bu kateqoriyanı daha çox siyasi hesab edirəm. Bu, əlbəttə, bir media faktorudur, amma eyni zamanda burada, əlbəttə, bir siyasət də var. Amma əgər söhbət Azərbaycanda medianın vəziyyətini qiymətləndirməkdən gedirsə, mən bu fikirdəyəm ki, Azərbaycanda medianın vəziyyəti Avropa ölkələri arasında ən pis göstəricilərdən biridir. O mənada bu faktla razıyam. Xoşagəlməz bir səhnə mövcuddur” deyə, A.Əliyev əlavə etdi.
A.Əliyev güman etmir ki, belə hesabatların hazırlanması zamanı “Sərhədsiz Reportyor”ın mövqeyinə təsir edən kənar amillər olur: “Söhbətlər var ki, ermənilərdir, ya nələrdir, bu, çox səviyyəsiz söhbətlərdir. Hansı təşkilat ki, bir az xoşagəlməz bəyanat verir, biz dərhal onu erməniyə calayırıq ki, ”Azərbaycana təsir etmək istəyir" və s. Dünya çapında Azərbaycan elə mühüm rol oynamır ki, ona təsir etmək üçün bu qədər böyük həngamələr yaradılsın. Sadəcə, hər təşkilatın özünün prinsipləri var. Təbii ki, istənilən təşkilata müəyyən təsirlər mövcuddur. Amma mən bilirəm ki, onlar öz siyahılarını, araşdırmalarını bütün ölkələr üçün ümumi prinsiplər əsasında aparırlar və xoşumuz gəlsə də, gəlməsə də, çox sanballı təşkilatlardandır".
Ortaya sual çıxır, əgər bu təşkilat obyektivdirsə, o halda Ermənistanın adı niyə siyahıdan kənarda qalıb ki, erməni mediası Türkiyə və Azərbaycanın adını sevincək xəbər başlıqlarına çıxarıb və bu iki türk dövlətinə qarşı təbliğat aparmaq şansı qazanıb? Qan tökməklə hakimiyyətə gəlmiş Sərkisyanın ölkəsində vəziyyət bu qədərmi idealdır? A.Əliyev: “Yox, Ermənistanda vəziyyət ideal deyil. Amma Ermənistanda medianın vəziyyəti və hakimiyyətin media siyasəti Azərbaycandan qat-qat yumşaqdır. Orda jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə imkanlar daha genişdir. Mən təəssüflənirəm ki, Azərbaycan mediası Qafqazdakı aparıcı rolunu artıq 2000-ci illərin əvvəlindən itirib”.
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc isə təşkilatın hesabatını tam qərəzli sayır: “Azərbaycanda mətbuatın azadlığını müəyyənləşdirmək üçün beynəlxalq hesabatları mötəbər mənbə kimi qəbul etməyin özü həmin hücumlara legitimlik qazandırmaq demək olardı. ATƏT-in komissarı Dunya Miyatoviç də daxil böyük bir dəstə ”ekspertlər şuraları" şəklində uzun illərdi sovet çinovniklərinə bənzər bir formada Azərbaycanı hədələməklə məşğuldurlar. Lakin özləri ən kiçik tənqidlərə dözümsüzlük göstərir və xəfiyyə orqanlarının təmsilçiləri kimi yalnız xüsusi seçilmiş mənbələrlə işləməyə öyrəşiblər. Halbuki bir ölkədə internetin əlçatanlığına nəzərən və sosial medianın bütün digər KİV sektorunu üstələdiyinə rəğmən mediaya basqından və azad sözün meydanının daraldılmasından danışmaq qərəzçilikdir, xüsusi məqsədlər güdür və siyasi sifarişlərdən qaynaqlanır. SSRİ dövründə ideoloji basmaqəliblərlə işləyən qurumların təcrübəsi bir sıra beynəlxalq təşkilatların fəaliyyətində hələ də özünü qabarıq göstərməkdədir".

Z.Oruc “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda hakimiyyət orqanlarının mətbuata münasibətini bir neçə jurnalistin haqları üzərindən çözmək olmaz: “Dünyada elə bir ölkə yoxdur ki, informasiya vasitələri üzərində xüsusi siyasət yürütməsin. Dövlət sirlərinə münasibət, hərbi təhlükəsizlik maraqları və müharibə şəraitinin tələbləri, həmçinin son illər qlobal təhlükəyə çevrilmiş etnik-milli-dini ekstremizmlə bağlı təhlükələr hakimiyyət orqanları ilə mətbuat arasında çoxsaylı problemləri meydana çıxarıb. Milli mənafelər hüquqi cəmiyyət quruluşunun gerçəkləri ilə qarşılıqlı ziddiyyətdə və çarpışma vəziyyətində qalıb. Ona görə də dünyada kəşfiyyat orqanlarının ən böyük silahlı kanalı təəssüf ki, informasiya vasitələridir. Media ictimai fikri formalaşdıran vasitə olmaqdan çıxaraq casus şəbəkələrinin maraq dairəsinə daxil olub.
Azərbaycanda dövlət-media münasibətlərinin uğurlu inkişafına və yaxşı əməkdaşlıq tarixinə heç bir yer ayırmadan narkokartellərin və ya terrorçuların adı yer alan siyahılarda 162 ölkəni və bizi qaralamaq həmin hesabatları tərtib edənlərin cinayətkar maraqlarından başqa bir şey deyil. Hər halda, siyasi elitaların qəddarlığından danışanlar ”Wikileaks"in banisi Culian Asancı pilotsuz raketlə partlatmağı təklif edən hökumətləri “dünyanın ən azad ölkələri” sırasına qoyurlar. Görünür, demokratik rejimlərdə amansızlıqla öldürülmək həbs olunmaqdan daha yüngül cinayətdir. Azadlığın ən yüksək həddi olaraq təhqir hüququnun və hər kəsi mühakimə etmək səlahiyyətinin hökm sürdüyü bir cəmiyyəti “qeyri-azad” adlandıranlar müxtəlif qanlı inqilablar törətdikləri ölkələrdə fərqli mövqeyi ilə seçilən media quruluşlarına qarşı basqıları, qətlə yetirilən jurnalistləri nədən görmürlər? Yoxsa azadlıq ancaq qərbpərəstliklə ölçülür?"
Cavid TURAN