İnsanlara hürriyət, millətlərə istiqlal!

SƏRÇƏ XOŞBƏXTLİYİ

8994 20.08.2010 08:26 Yazarlar A A
Əgər Mirşahin işləmək üçün xaricə gedənləri fərari sayırsa, onun məntiqi ilə bu saat bütün diplomatik korpusumuz fərarilərdən ibarətdir. Çünki bəy yazısında vətəndən qıraqda uzağı 3 həftə qala bildiyini böyük matah kimi oxucuların gözünə soxur. Kim vətəndən aralı 3 həftədən artıq qala bilirmişsə vətəni sevməyən fərariymiş... Hələ mən heç onu demirəm ki, Kamil bəy elə hazırda bizim vətənimiz Türkiyədədir, biz oranı buradan ayırmırıq.
Bu mövzuda yazmaq fikrim yox idi, vətənşivənlik edənlərə nə yazasan? Elə adamlar var ki, 47 yaşında da öyüd verirsən, yenə deyir, sən öyüd verincə itimiz yeddi milçək tutdu. Ortada diskussiya mədəniyyəti olmalıdır. Ancaq Mirşahin yazısında özünü sərçəyə, Kamil müəllimi isə qaranquşa bənzədib, indi oxucular xahiş edir bu məsələni şərh edək. Gerçəkdən, maraqlı bənzətmədir, Mirşahin bir el məsəlimiz üzərində (“Qaranquşlar gəldi-gedərdi, bizə sərçələr qalacaq”) gəzişmələr edərək  bu nəticəyə gəlibdir. Mən oxucuların xahişini yerə sala bilmərəm.
Birincisi, sərçənin vətənə bağlılığı mifdir, ornitoloqlar - bu, bir növ quşbazlıq haqda elmdir - sübut edir ki, əslində sərçə istəsə də soyuqlar düşəndə isti cənub ölkələrinə uçub gedə bilməz, buna onun qanadlarının imkanı çatmır. Əgər cəhd eləsələr uzun yolda hamısı qırılıb ölərlər, dünyada sərçələrin kökü kəsilər. Biz bunu istəmirik. Biz təbiəti sevirik.
İkincisi, sərçənin hava soyuyanda (oxu; ölkədə rejim pisləşəndə) yem tapmaq imkanı qaranquşa nisbətən genişdir. Qaranquş həşəratlarla qidalanır, özü də bu böcək-möcəyi havada uçaraq tutur, hətta balasını da havada, uçuş zamanı yemləyir. Sərçə isə bir növ parazit quşdur, ot, tumurcuq-zad yeyir, il uzunu insan məskənlərində sülənib insanların süfrəsindən qalan artıq-urtuqla başını girləyir. Mən kənd uşağıyam, anam toyuqlara dən səpəndə zəhlətökən sərçələri dən oğurluğundan çox qovmuşam. Yeri gəlmişkən, sərçənin bu oğru xasiyyətini ruslar yetərincə qiymətləndirib. Rus dilində sərçəyə “vorobey” deyilir, bunun mənası isə “oğrunu döy” deməkdir. Ümumiyyətlə, rus mifolojisində sərçə bədbəxt bir quşdur, onu lənətlənmiş, şeytani quş sayırlar, yazıq sərçəni öldürməyi şərəf bilirlər. Səbəbi də budur: guya İsa peyğəmbər çarmıxa çəkiləndə onun bədəninə vurulan mismarları qaranquş uzağa atırmış, sərçə isə tapıb gətirirmiş. (Eynullanın çarmıxa çəkilməsi zamanı bəzilərinin mismar daşımasına dəhşət uyğun gəlir). Elə bu günahına görə sərçə başqa quşlar kimi addım ata bilmir, hoppanaraq gəzir. Guya o vaxt İsa peyğəmbər sərçəni lənətləyib, onun ayaqlarından ağırlıq asıb, sərçə də rahat yeriyə bilmir. Bu yerdə yadıma düşdü ki, 2003-cü ildə Mirşahin İsa Qəmbəri siyasətdən getməyə çağırırdı.
Bəzi xalqların inanclarına görə, evin pəncərəsinə sərçə qonması pis əlamətdir, ölü düşəcəyini göstərir. Elə bizim xalqın da sərçəni çox sevmədiyi folklorumuzdan məlumdur. Məsələn, “Cığal sərçə” nağılımız var. Sərçənin ayağına tikan batır, bu tikanın hesabına avara quş bütün camaatın başına oyun açır, “dınqır sazım” deyə-deyə onu-bunu şərləyir, halal haqlarını əllərindən alır. Onlar sərçənin şər dilinə düşməmək üçün hər şeyə razılaşır!   
Qaranquşlara salam olsun.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR