Adıçəkilən ölkənin “silah tamahı” Bakı ilə münasibətləri korlayır; Moldovadakı offşor şirkətlər də işğalçı ölkəyə silah daşınmasında iştirak edib
12-16 iyulda Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar zamanı başımıza yağdırdıqları mərmilərin bir qismini Serbiyadan aldıqları faktı da de-şifrə olundu.
Serbiya rəsmiləri ilk günlərdə bunu danmağa çalışsalar da, bu ölkənin Ermənistan Silahlı Qüvvələrinə minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah və sursat tədarükünü təsdiqləyən sənədlər ortaya çıxdı.
Serbiya mediası özü də təsbit edib ki, “Ventura trans” şirkəti Serbiyanın “Kruşik” (Valevo), “Prva Petoletka” (Trstenik) və “Zastava Arms” (Kraquevas) hərbi sənaye şirkətlərindən Ermənistana xeyli miqdarda silah və sursat daşıyıb.
Sənədlərdən aydın olur ki, 2020-ci ilin 14 və 15 iyul tarixlərində Nişdəki “Konstantin Velikiy” aerodromundan Serbiya istehsalı olan silahların növbəti partiyası nəqliyyat təyyarələri ilə İrəvan yaxınlığındakı aerodroma göndərilib.
Bundan əvvəl 2019-cu ildə ümumilikdə Belqrad və Niş aerodromlarından Ermənistana Serbiya müəssisələrində istehsal olunan silahlar ilə 16 aviasiya uçuşu həyata keçirilib.
Ermənistan Ordusuna Serbiyanın “Kruşik” müəssisəsi tərəfindən minaatanlar üçün 142 000 ədəd müxtəlif çaplı mina və 10 ədəd 122 mm-lik “Qrad” raketi, “Prva Petoletka” zavodundan ən azı 100 ədəd 120 mm-lik minaatan və “Zastava Arms” müəsisəsindən 3 ədəd 20 mm-lik M55A4 zenit qurğusu çatdırılıb.
![]()
“Kruşik” Korporasiyası 1939-cu ildə Yuqoslaviya Krallığında yaradlıb. 1950-ci ildən sonra YFSR Prezidenti Broz Titonun şəxsi təşəbbüsü ilə inkişaf etdirilib və Yuqoslaviya Xalq Ordusunu minaatalar və reaktiv mərmilərlə təmin edən əsas hərbi-sənaye kompleksi olub. Bu Korporasiya uzun zaman Müəmmar Qəddafi Liviya başçısı olduğu müddədə Liviya ordusunu minaatanlar və müxtəlif çaplı artileriya qurğuları və mərmilər, reaktiv minalarla təmin edib. Hazırda “Kruşuk” Korporasiyası Myanmar, Keniya və Banqladeş Silahlı qüvvələrininin silah sursat təminatçısıdır.
“Kruşik” Korporasiyası həmçinin digər münaqişə bölgələrinin iştirakçılarını silah-sursatla təmin etməkdədir. Bunun üçün vahid mexanizm qurulub və silahlar Serbiyadan offşor şirkətlərin adına sənədləşdirlir və çıxarılır, daha sonra isə ikinci offşor şirkət vasitəsi ilə alıcı dövlətin Müdafiə Nazirliyinə göndərilir.
Ermənistan Müdafiə Nazirliyi 2018-ci ildə Serbiyanın “Kruşik” Korporasiysı alqı-satqı üzrə məxfi sənəd imzalayıb, həmçinin bu müqavilə vasitəsiylə Serbiyanın “Sloboda” Hərbi Şirkətinin istehsal etdiyi silah və sursatın da alınmasın və göndərilməsi də razılaşdırılıb.
Ermənistan Müdafiə Nazirliyi “Kruşik” Korporasiyasından 150 ədəd 60 mm minaatan, 50 ədəd 81/82 mm minaatan, 10 ədəd 120 mm minaatan,1000 ədəd reaktiv Aircraft Rocet Br-1-57, 1200 ədəd Aircraft Rocek Br-20-57, 500 ədəd yer-hava tipli UNITED AVIATION ROCKETS 80 mm S-8, minaatanlar üçün 5000 ədəd UT M88P1 and UTU M93NN tipli mərmi, 14000 ədəd UT M68P1 tipli mərmi, sınaq üçün 200 ədəd PGR-200 yer-yer tipli raket, 50 ədəd yer hava tipli TİP-A və 20 ədəd TİP-B yer-hava tipli raketlər üçün atıçı qurğu, 700 ədəd TİP-A raketi, 300 ədəd TİP-B raketi, 200 ədəd tank əlehinə Mis 9M14P1 “Malyutka” reaktiv qurğusu və 1000 ədəd MISSILE 9M14P1 tipli “Malyutka” qurğusu üçün reaktiv mərmi, 20000 ədəd M-75 əl qumbarası, 10000 ədəd M-84 əl qumbarası, 3000 ədəd tank əlehinə AAM 4 (TMA-4) minaları və digər silah-sursat nümunələri alıb...
İlk baxışda və demoqoji yanaşmalarda deyilə bilər ki, Serbiya silah istehsalçısı kimi Ermənistana silah sata bilər. Yaxud iddia oluna bilər ki, Ermənistan bu silahları başqa ölkələrdən də ala bilərdi və s.
Ancaq məsələ ondadır ki, Serbiya özü də separatizmdən ciddi əziyyət çəkən ölkədir və Azərbaycan hər zaman bu dövlətin yanında olub, bacardığı dəstəy verib, ciddi əməkdaşlıqlar qurub, ölkə iqtisadiyyatına sərmayə yatırıb, humanitar yardımlar edib və s.
Digər tərəfdən, Ermənistan Azərbaycanın apardığı təcrid siyasəti nəticəsində elə bir gərgin siyasi-iqtisadi durumdadır ki, istədiyi ölkədən silah ala bilməz. Çox az sayda dövlətlər işğalçı ölkəyə silah verə, sata, çatdıra bilər, onların arasında Azərbaycanın “dostu” Serbiyanın yer alması təəssür doğurur və ikitərəfli sıx əməkdaşlığın qarşısını almış olur.
Elə bu faktları 20 iyul 2020-ci il tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılarkən Xarici İşlər Nazirinin müavini Xələf Xələfov da onun diqqətinə çatdırıb.
Azərbaycan Respublikası və Serbiya Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, bu xüsusda, 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını Serbiya müvəqqəti işlər vəkilinə xatırladıb.
Həmin sənədlərdə Azərbaycan və Serbiyanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı qeyd olunub. Serbiya tərəfinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub.
Nazir müavini xatırladıb ki, strateji tərəfdaşlıq sənədinə əsasən tərəflər sülhə və sabitliyə təhlükə zamanı adekvat reaksiya vermək məqsədilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı prioritet istiqamətlər kimi müəyyən ediblər.
X. Xələfov xüsusi olaraq bildirib ki, Azərbaycan Respublikası iki ölkə arasında strateji tərəfdaşlığa sadiq qalaraq çətin vaxtlarda dost Serbiyaya həmişə yardım əlini uzadır və bu Serbiya rəhbərliyi tərəfindən dəfələrlə minnətdarlıqla qeyd edilib. O bildirib ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyünə dəstək məsələsində də hər zaman ardıcıl mövqe nümayiş etdirib.
Nazir müavini, Ermənistana silah göndərilməsi məsələsinin hər zaman, o cümlədən də ikitərəfli əlaqələrimizin gündəliyində duran həssas bir mövzu olduğunu vurğulayıb.
Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb.
Nazir müavini Azərbaycan tərəfinin Ermənistanın Cənubi Qafqaz istiqamətində vəziyyətin destabilizasiyasına səbəb olan, regiondakı təhlükəsizlik və sabitliyə xələl gətirən hərbi təxribatının məkrli dərin qatlı məqsədlərinə işarə edərək, Serbiya Respublikasından izahat və bu cür hərəkətlərə gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini bildirib...
Yəni sadalanan fakt və arqumentlərdən də aydın olur ki, Serbiyadan inciməyimiz səbəbsiz deyil, bu, həm də “uman yerdən küsərlər” məsələsidir.
Ancaq Serbiya Azərbaycanın onlara göstərdiyi jestləri qarşısında nə etdi? Azərbaycanın düşməninə kifayət qədər güzəştli şərtlərlə silah satdı...
İndi buna görün necə don geyindirməyə çalışırlar: Serbiya RTV-nin verdiyi məlumata görə, ölkə prezidenti Aleksandr Vuçiç jurnalistlərlə müsahibəsində deyib ki, bu ölkənin hərbi sənaye kompleksində 17 min insan çalışır və silah sataraq onların yaşayışı təmin edilir.
![]()
Aleksandr Vuçiç
Təsəvvür edirsinizmi acizliyin səviyyəsini? Azərbaycanla əməkdaşlıqdan qazandıqları böyük, əvəzsiz siyasi-iqtisadi dividentləri cəmi bir-iki milyonluq silah satışına qurban verirlər. Bəlkə də bu heç maddi maraq deyil, Azərbaycanla dostluğa bilərəkdən xəyanətdir...
Baxın, Azərbaycan Serbiyadan qopub özünü ayrıca respublika elan edən Kosovonun müstəqilliyini tanımadı və öz hərbçilərini birincilər sırasında oradan çıxartdı. Azərbaycan Kosovonun müstəqilliyinə etiraz edən ilk ölkələrdən olub.
![]()
2008-ci il fevralın 17-də brifinq keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü dövlətin mövqeyini belə açıqlayıb: "Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına ziddir və qanunsuzdur".
Bunun ardınca – 2008-ci il fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarıyıla geri çağırılıb və aprelin 15-də taqım Azərbaycana qayıdıb.
2009-cu ildə Beynəlxalq Məhkəmədə dinləmələr zamanı Azərbaycan Kosovonun müstəqilliyinin qeyri-qanuni olduğunu bəyan edib.
2010-cu ildə Bakıda Serbiya prezidenti Boris Tadiçlə görüşən Prezident İlham Əliyev Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Cənab İlham Əliyev o zaman bildirib ki, birtərəfli qaydada Kosovonun müstəqilliyinin elan olunması qeyri-qanunidir, dünya ölkələri beynəlxalq qanunvericiliyə hörmətlə yanaşmalıdırlar.
İndi baxaq görək, Serbiyanın “gizlicə” silah satdığı Ermənistan onlara necə münasibətdə olub: 2008-ci il martın 12-də Ermənistan prezidenti olan Serj Sarkisyan bildirmişdi ki, onun ölkəsi həmişə xalqların öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir, Ermənistan Kosovonun müstəqilliyini alqışlayır.
Habelə, bu günə kimi Ermənistan öz hərbçilərini Kosovoda saxlayır.
Bugünədək Ermənistanın Serbiyaya hansısa yardım, dəstək verməsi, sərmayə yatırması faktı da mövcud deyil.
Azərbaycan bütün instansiyalarda Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyi, bacardığı bütün yaxşılıqları etdiyi, maddi dəstəklər verdiyi halda, bu ölkənin qeyri-adekvat davranışı ikitərəfli munasibətlərin ruhuna qətiyyən uyğun deyil. Faktiki olaraq Serbiya Azərbaycanın qədim el məsəlində deyildiyi kimi, “işıq gələn yerə papağını tıxayır”...
****
Serbiyanın Ermənistana silah satması olayında təəssüf doğuran bir məqam da üzə çıxıb. Belə ki, 2019-cu ilin sentyabrından 2020-ci ilin martınadək mütəmadi olaraq, Serbiyanın Valyevo şəhəri, Vladike Nikolay küçəsi 59 ünvanında yerləşən “Kruşik” Hərbi Korporasiyasından alınan və 12-16 iyulda Ermənistan ordusunun Azərbaycana qarşı istifadə etdiyi minaatanlar, raket qurğuları və onlar üçün reaktiv mərmilər Moldova üzərindən daşınıb. Yəni silah-sursatlar öncə Moldovanın Ungeni Azad İqtisadi Bölgəsində qeydiyyatdan keçmiş offşor şirkətə alqı-satqı müqaviləsi ilə sənədləşdirilib. Sonra isə silahlar Serbiyadan hava yolu ilə offşor yük statusu altında Moldovaya çatdırılıb, Ungeni AİB-də təkrar sənədləşdirildikdən sonra Moldovanın Çurculeşti beynəlxalq dəniz limanına gətirilib. Və buradan da Moldova gömrüyünün möhürlənmiş sənədləri ilə dəniz-quru yolu ilə Ermənistana göndərilib.
![]()
Bu istiqamətdə araşdırmalarda o da bəlli olur ki, Moldovanın offşor şirkətləri vasitəsi ilə Ermənistanın təkcə Serbiyadan yox, müxtəlif ölkələrdən silah-sursat alması faktları mövcuddur. Bununla bağlı bir çox ölkələrdə siyasi skandanlların olması hətta beynəlxalq mətbuat vasitəsiylə də işıqlandırılıb.
Təəssüf doğuran odur ki, Moldova da özünü Azərbaycana dost ölkə kimi göstərir. Və Moldova da özü separatizmdən əziyyət çəkən ölkədir və bu kontekstdə Serbiya kimi, rəsmi Kişinyov da daim rəsmi Bakıdan dəstək alıb. Daim bu ölkəyə də iqtisadi-humanitar yardımlar edilib.
Moldova hökuməti də bu məsələyə dair ciddi düşünməlidir.
Hər halda, qarşıda Azərbaycan Ermənistana bu və ya digər formada jestlər edən ölkələrlə münasibətlərinə də yenidən baxmalı ola bilər. Buna həmin dövlətlərin özlərinin düşünülməmiş, qeyri-adekvat davranışları səbəb olur.
Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”






