İnsanlara hürriyət, millətlərə istiqlal!

“Separatçıları və hərbi caniləri himayə edənlərdən biz heç bir konkret addım gözləməməliyik”

526 31.07.2023 20:17 Siyasət A A

“Hərbi cani Vaqif Xaçatryanın sərhəd-buraxılış məntəqəsində saxlanılması bir daha onu sübut etdi ki, Azərbaycan xalqına qarşı cinayət törətmiş caniləri yalnız özümüz tutmalı və məsuliyyətə cəlb etməliyik”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bunu Musavat.com-a açıqlamasında söyləyib. Ekspert Laçın sərhəd qapısındakı son əməliyyatı unikal hesab edir: “İndi az qala dünyanın yarısı bu şərəfsiz və qaniçən canını müdafiə etməyə çalışırlar. Bu həm də ona görə baş verir ki, onların bu tip hərbi çanilərin uzun illər əvvəl fəaliyyətləri və çoxsaylı azərbaycanlıların qətlə yetirmələri ilə bağlı ətraflı məlumatları yoxdur. Ona görə də, Azərbaycan hüquq-mühafizə orqanları XİN xətti ilə fəaliyyətini gücləndirməlidir. Biz Vaqif Xaçatryan kimi hərbi canilər barəsində ən sərt addımlar atmalıyıq”.

Ü.Cəfərov bildirib ki, indi kimin və hansısa beynəlxalq təşkilatın nə deməsindən asılı olmayaraq, öz işimizi davam etdirməliyik: “Sözsüz ki, indi Qarabağda 90-cı illərdə cinyaət törətmiş canilər Laçın sərhəd buraxılış məntəqəsindən keçməyə risk etməzlər. Həm də onlar tez bir zamanda məhz rusların köməkliyi ilə hava yolu ilə Qarabağı tərk etməyə tələsəcəklər. Ona görə hava məkanımıza da nəzarəti əlimizə almalıyıq”.

Polkovnik qeyd edib ki, Vaqif Xaçatryan kimi yüzlərlə cani həm Qarabağda, həm Ermənistanda, həm də keçmiş MDB məkanında hələ qalmaqdadır: “Onlar tez bir zamanda həbs edilib, məsuliyyətə cəlb edilməlidir. Hərbi caniləri özümüz həbs etməli və ən sərt şəkildə cəzalandırmalıyıq. Bu həm günahsız insanlarımızın qısasını almaq baxımından, həm də hələcəkdə yeni vaqiflərin olmaması baxımından çox önəmli və vacibdir. Separatçıları və hərbi caniləri himayə edənlərdən biz heç bir konkret addım gözləməməliyik”.

Hərbi ekspert bəzi beynəlxalq qurumların oyunbazılığından da bəhs edib: “Beynəlxalq Qırmızı Xaç Komitəsi üçün də çox utancverici bir faktdır ki, beynəlxalq axtarışda olan cinayətkarlarla bağlı bax, belə rəzalətli münasibət və davranış sərgiləyir. Onlarda dəqiq məlumatlar var ki, kimlər İnterpol xətti ilə axtarışda olan canilərdir və o cinayətkarlardan məsafə saxlamalıdırlar. Təəssüflər olsun ki, artıq biz “Qırmızı Xaç” tərəfindən növbəti dəfə qanunsuzluq və özbaşınalıq görürük. Onlar ötən həftələrdə də hədlərini aşan addımlar atmışdılar. Azərbaycan tərəfi tələbkarlığı bir qədər də
artırmalıdır”.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR