İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənətçilər teatr və kinoteatrların fəaliyyətinə icazə verilməsini istəyir

742 21.08.2021 10:50 Mədəniyyət A A

“Hər dəfə brifinq olduqda aktyorlar, rejissorlar əlləri ürəklərində teatr mövsümünün açılmasını gözləyirlər”

“Kinoteatr və teatrların fəaliyyətinin bərpa olunması ilə bağlı gələcəkdə epidemioloji vəziyyət nəzərə alınmaqla qərar verilə bilər”.

Bu barədə Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın keçirdiyi brifinqində deyib. Onun sözlərinə görə, bu sahələrdə uzun müddətdir ki, bağlı qalan sahələrdəndir. Əgər epidemioloji vəziyyət sabitləşərsə, bu sahələrində müəyyən qaydalar çərçivəsində bərpası müzakirə oluna bilər.

Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin mart ayından etibarən həm teatrlar, həm də kinoteatrlar bağlanıb. Müəyyən zamanlarda ən müxtəlif sahələrin fəaliyyətinə icazə verilsə də, hələlik bu sahənin fəaliyyətinin yenidən hansı vaxtda bərpa olunacağı sual altındadır. Qeyd edək ki, adətən hər il sentyabrın 15-dən etibarən teatrlar yeni mövsüm açılış edirdi. Lakin görünəni budur ki, teatrçılar və tamaşaçıları bilinməyən müddətə qədər yenə də teatr üzünə həsrət qalacaq.

Eləcə də kinoteatrların uzun müddət bağlı qalması bu sahədəki işçi heyətlərinin dağılmasına səbəb olub. Bu səbəbdən sənətçilər, kinoçular Türkiyə və digər inkişaf etmiş ölkələrdə olduğu kimi müəyyən qaydalar çərçivəsində teatr və kinoteatrların tezliklə açılmasını israr edir.

“Artıq bir ildən artıqdır teatrlar və kinoteatrlar bağlıdır. Bu, bizə psixoloji cəhətdən çox pis təsir edib”. Bu sözləri Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Naibə Allahverdiyeva ölkə.az saytına teatrlarla və kinoteatrlarla bağlı məhdudiyyətlərdən danışarkən deyib. O bildirib ki, digər sahələrdə olduğu kimi bu sahədə də qadağalar aradan qaldırılmalıdır:

“Həqiqətən çox istəyirəm ki, bu sahədə də məhdudiyyətlər aradan götürülsün. Necə ki restoranların, şadlıq evlərinin fəaliyyətinə müəyyən say məhdudiyyəti ilə icazə verilir, o cümlədən də bunu teatrlara da tətbiq etmək olar. Müəyyən məsafə gözləməklə, maska ilə vətəndaşlar gəlib tamaşalara baxa bilərlər”.

Həyat yoldaşımdan küsürəm” – Naibə Allahverdiyeva – VİDEO | Arb media qrup

Naibə Allahverdiyeva

N.Allahverdiyeva mədəniyyət və incəsənətin xalqın mənəvi qidası olduğunu söyləyib:

“Mədəniyyətimiz geri qalmamalı, inkişaf etməlidir. Bir şey dayanıbsa, ona yenidən başlamaq çox çətin olur. Görün, nə qədər tamaşalarımız var. Onlar hamısı yenidən qurulmalıdır. Hamısı unudulur. Aktyor da idmançı kimidir, bir ay məşq etməsə hər şeyi, daxili plastikasını unudur. Çox istəyirəm ki, teatrlar açılsın. Bunun həsrətindəyəm. Mən bu sənətsiz yaşaya bilmirəm”.

Fehruz Şamıyev beynəlxalq festivalın jüri üzvü seçildi

Fehruz Şamıyev

Mövzu ilə bağlı kinorejissor, prodüser Fehruz Şamıyev “Yeni Müsavat”a danışıb:

“Operativ Qərargahın teatr və kinoteatrlarla da bağlı fikir bildirməsi sevindirici haldır. Çünki buna qədər bu mövzu heç müzakirə edilmirdi. Beləliklə, məsələnin gündəmə gəlməsi yaxşı haldır. Hesab edirəm ki, bu ilin sonuna qədər teatr və kinoteatrların fəaliyyətinin yenidən bərpa olunma ehtimalı var.

Lakin deyə bilərəm ki, Operativ Qərargahın bu sahə ilə bağlı çəkingənliyi bir qədər qınanılasıdır. Çünki bu günə qədər fəaliyyətləri bərpa olunan sahələrə heç də kinoteatr və teatrlardan az insan qəbul etmir. Məsələn, böyük ticarət mərkəzlərini, Moll-ları, mağazaları göstərmək olar. Beləliklə, dünyanın bir çox ölkələrində olduğu kimi, teatr və kinoteatrlarda sosial məsafə, epidemioloji təhlükəsizlik qaydalarını gözləməklə onların fəaliyyətinə icazə vermək olar.

Əslində bu cür qaydalarla  teatr və kinoteatrların fəaliyyətinə çoxdan icazə vermək olardı. Ona görə ki, teatr və kinoteatrlar rahat idarə oluna bilən, monitorinq aparıla bilən məkanlardır. Konkret olaraq tamaşaçı oturacaqlarının sayı var. Buna görə də düşünürəm ki, Operativ Qərargah ilin sonuna qədər, hətta ondan daha tez bu sahənin yenidən bərpası üçün qərar qəbul etməlidir.

Deyim ki, kinoteatrlarla bağlı çox bərbad situasiya yaranıb. Bildiyim qədər bir neçə kinoteatrın komanda heyəti dağılıb, işçilərin əksəriyyəti artıq başqa sahəyə gediblər".

Olmayan mövsümün sonu... - Xəyalə Rəis yazır... | Mediapress.az

Xəyalə Rəis

Teatrşünas, jurnalist Xəyalə Rəis isə qeyd edib:

“Operativ Qərargaha səslənərək deyirəm ki, bəsdir aktyorların, rejissorların psixoloji durumu ilə oynadığınız. Görünür, bu işin başında duranların mədəniyyətə, incəsənətə böyük nifrəti var. Doğrudanmı düşünürlər ki, teatr bizim cəmiyyətə lazım deyil? Əzizlərim, ”teatr ölüb", “bu sənət yoxdur” deyənlərin çoxu indi həyatda yoxdur, amma bu sənət hələ də yaşayır. Yəni teatr sizdən də, bizdən də çox yaşayacaq. Amma bu dönəmdə teatrlar haqqında verilən bu qərarlar uzun müddət unudulmayacaq.

Hər dəfə brifinq olduqda aktyorlar, rejissorlar əlləri ürəklərində teatr mövsümünün açılmasını gözləyirlər. Bu dəfə də açılmadı, muzeylərin açılmasına icasə verən Qərargahın teatrlarla prinsipi nədir axı? Hər axşam Bakı restoranlarını gəzsəniz, rahat şəkildə oturmağa yer tapa bilməzsiz. Nə sosial məsafə saxlanılır, nə də, maska taxılır. Bəs, bu necə olur?! Axı necə olur 300 min adamı stadiona yığa bilirsiniz, 100 nəfəsi teatra yığa bilmirsiniz? Gözləyirsiniz ki, yaradıcı insanlar da dilə gəlsin? Artıq iki ildir ki, teatrların pərdələri tamaşaçıların üzünə açılmır. İki ildir ki, səhnə üçün yaşayıb - yaradan insanlar hər gün sevərək yollandıqları öz iş yerlərindən, doğma səhnələrindən uzaqdır.

Teatr anlayışı olmayan insanlar düşünür ki, qərar veriləcək və sabahkı gün aktyorlar səhnəyə çıxıb tamaşa oynayacaq. Aktyorlar avtomatlaşdırılmayıb. Adətən mövsüm sonunda istirahət etmək üçün 1 aylıq tətilə yollanan aktyor yeni mövsümdə adaptasiya olmaq üçün 3 həftə məşq edir. 2 ildir ki, onlar səhnəyə çıxmır, səhnə plastikaları, oyun tərzləri korlanıb. Aktyorların, rejissorların olan qalan ümidi yenidən qırıldı. Düzdür, onlar evdə oturaraq maaş alırlar, ancaq unutduğunuz bir şey var - onları yaşadan səhnədir, yaşamağa qoymayan isə sizsiniz, pandemiya deyil".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR