İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənaye bitkiçiliyi: İpəkçilik

4660 09.12.2018 10:25 Yazarlar A A

İpəkçiliyin tarixi

İpəkçiliyin tarixi çox qədimlərə uzanır. Rəvayətə görə, bizim eradan əvvəl 2600-cü ildə Çin imperatoru Hoang-Tinin diqqətini tut yarpaqlarında gəzişən bir tırtıl cəlb edir. Diqqətlə tırtılın hərəkətlərini izləyən imperator onun bir müddətdən sonra nazik tor şəkilli tellərlə öz üzərini hördüyünü görür. Tırtılın bundan sonrakı fəaliyyətini izləməyi kraliça Şe-Ling-Şeyə həvalə edən imperator ondan tırtılın kəpənəyə çevrilib uçduğunu xəbər alır. Beləcə, kəpənəkləşən tırtılın onlara “hədiyyə” edib uçduğu qozasının incələnməsinə başlanılır. Qozanın nazik iplərdən hörüldüyünü kəşf edən imperator ailəsi bundan saplar hazırlanmasına göstəriş verir. Ətrafdakı bütün ipək qurdu qozaları toplanılır və əyrilərək gözəl bir parça hazırlanır. Bu yolla çinlilər tərəfindən kəşf edilən ipəkçilik uzun tarix boyu şah saraylarının vaz keçilməz geyim əşyalarının əsas xammalına çevrilir. Baramaçılığın əsasını qoyan kraliça Şe-Ling-Şe isə o zamandan indiyə qədər ipək ilahəsi kimi tanınır.

Mötəbər Çin salnamələrində keçən bu rəvayətdə həqiqət payı vardırsa, ipəkçiliyin tarixi 4600 il bundan əvvəl başlayır. İstehsalı yüz illər boyu Çin xənadanlıqları tərəfindən sirr kimi saxlanılan və bu sirri ələ keçirmək üçün bütün dünya dövlətlərinin Uzaq Şərqə casuslar göndərməsinə yol açan ipəkçilik uzun müddət dünya ticarətinin əsas gəlir qaynağına çevrilir. Bir ipək qurdunun Çin imperatoruna bəxş etdiyi ipək zamanında o qədər qiymətli olmuşdur ki, Avropadan Çinə, Hindistana qədər uzanan ticarət yoluna məhz bu dəyərli parçanın adı verilmişdir.

Baxmayaraq ki, İpək yolu ilə Uzaq Şərqdən Avropaya daşınan təkcə həmin parça da olmamışdır. Əksinə, öz təbiəti etibarilə digər mallarla müqayisədə daha az istehsal olunduğundan bəlkə də bu marşrut ilə ən az daşınan yük də elə ipək olmuşdur. Belə ki, 500 ipək böçəyi 1 kq qoza hörmək gücünə malikdir. Bu qədər böcək isə öz vəzifəni yerinə yetirmək üçün 10 kq tut yarpağı yeməlidir. Deməli, bir kq qoza üçün 10 kq tut yarpağı tələb olunur. Hər 1 kq qozadan isə cəmi 150 qram saf ipək əldə edilir.

Göründüyü kimi, ipək parça o qədər də asan əldə edilən və məhsuldarlığı yüksək olan əmtəə deyil. Dolayısıyla İpək yoluyla da ən çox daşınan məhsul da bu parça ola bilməzdi. Sadəcə, qiyməti yüksək olduğundan həmin marşruta İpək yolu adını vermişlər.

Çinin ipək parçanın istehsalını sirr kimi saxlaması onu əsrlər boyu bütün dünyanın yeganə ixracatçısına halına gətirmiş və Uzaq Şərqdən Qərbə uzanan İpək yolu təkcə qloballaşan ibtidai iqtisadiyyatın əsasını qoymaqla qalmamış, həm də Şərq və Qərb mədəniyyətləri arasında körpülər qurulmuş, bir çox millətlərin və kültürlərin bir-birini tanımasına yardımçı olmuşdur. Bu mənada müasir qlobal iqtisadiyyatla yanaşı, multikultural dəyərlərin də formalaşması tarixi ipəkçiliklə başlayır. İnsan oğlu indiki yüksək mədəni və texnoloji tərəqqiyə qədəm qoymasını dolaylısı ilə 5 minillik tarixi olan ipəkçiliyə borcludur.

Bütün Çin xanədanlarının bu böyük kəşfi qorumaq üçün əsrlər boyu göstərdiyi səylər, casusluq fəaliyyətilə məşğul olduqları üçün kəsdikləri minlərlə başlar 2 min il nəticə verə bilmiş, bizim eranın başlanğıcından etibarən ipəyin necə əldə olunmasının sirri digər toplumlara da yayılmışdır. Bununla belə, ipəkçilik sektorunda heç bir ölkə indiyə qədər Çini nəinki keçə, hətta ona yaxınlaşa bilməmişlər. Hazırda belə, Çin dünya ipək istehsalının 70%-dən çoxunu öz əlində saxlayır.

Çindən ipəkçiliyi ilk öyrənən ölkə Hindistan, daha sonra isə türk xalqlarıdır. İpəkçiliyin bütün dünyaya yayılması da türklərin sayəsində mümkün olmuşdur. Vaxtilə Uzaq Şərqin alınmaz qalası sayılan Çini işğal edəcək qədər qüdrətli dövlətlər quran türklər ipək, barıt, kağız və sairə kimi müasir sivilizasiyanın formalaşmasında önəmli rol oynayan məhsulları Qərbə daşımış, bugünkü qlobal iqtisadiyyatın və mədəniyyətin təməllərinin atılmasına böyük qatqılarda bulunmuşlar.

Azərbaycanda ipəkçilik

İpəkçilik Çindən Qərbə yayıldığından və yayılma prosesi İpək yolu üzərindən keçdiyindən bu məhsulla ilk tanış olan ölkələrdən biri də Azərbaycandır. Fərziyyələrə görə, Azərbaycanın ipəkçilik tarixi 2000 il bundan əvvəl başlayıb. Fəqət bu mövzuyla əlaqədar qədim dövrlərə aid heç bir əsaslı tarixi qaynaqlar olmadığından iddianın nə dərəcədə səhihliyini isbatlamaq imkanında deyilik. Bilinən yalnız budur ki, V-VI əsrlərdə artıq coğrafiyamızda ipəkçilik mühüm yer tutmuşdur. Antik dövrün salnaməçisi M.Kalankaytuklu özünün "Alban tarixi" kitabında Kür çayı sahillərində çoxlu tut ağacının bitdiyini, ondan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunduğunu göstərmişdir. Tarixin müxtəlif zamanlarında Azərbaycanda toxunan ipək parçalar, xalılar dünyada məşhurlaşmışdır. Xüsusilə, Azərbaycanın intibah dövrü sayılan XI-XII əsrlərdə ölkəmizdə istehsal olunan ipək parçaların Yaxın Şərq və Qərb ölkələrinə ixrac edildiyi barədə tarixi mənbələrdə təkzibolunmaz məlumatlar var. 11-ci əsrin 70-ci illərində Şamaxı şəhərində olmuş İtaliya səyyahı Kontarini yazırdı ki, bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır, Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə satılırdı.

Əsrlərlə hesablanan ipəkçilik tariximizin ən böyük inkişafı ötən əsrin 70-ci illərinə təsadüf edir. Mərhum prezidentimiz Heydər Əliyevin ilk hakimiyyəti illərinə aid statistik məlumatlar belə deməyə əsas verir. Məlumata görə, 1971-ci il 3 mart tarixində Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti “ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” qərar qəbul etmişdi. “Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə, respublikada barama tədarükü 36,1 faiz artmışdı. Kolxoz və sovxozlara məxsus istifadəyə yararsız torpaq sahələrində, yol kənarlarında, şəhər və qəsəbələrdə çoxlu tut tingləri əkilməsi baramaçılığın yem bazasını əhəmiyyətli dərəcədə möhkəmləndirmişdi. Eyni zamanda, bu sahədə elmi-tədqiqat işlərinə diqqət artırılmışdı.

Həmin illərdə respublikamızda ildə 5-6 min ton yaş barama və 350-400 ton xam ipək istehsal olunur, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. Barama istehsalı ilə 150 mindən çox kəndli ailəsi məşğul olurdu. Azərbaycanın ipək sənayesində 14 mindən çox, o cümlədən “Şəki-İpək” kombinatında 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Respublikamız barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu. Şəki İpək Kombinatı SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.

Azərbaycanda ipəkçilik kompleksi geniş bir şəbəkə təşkil edirdi. Buraya Elmi Tədqiqat İpəkçilik İnstitutu, Qax və Gəncə damazlıq ipəkçilik stansiyaları, 7 barama toxumu zavodu, 30-dək rayon barama qurutmaxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki ipək kombinatları daxil idi”.

Mənbə: https://azertag.az/xeber/Azerbaycanda_baramachiliq_ve_ipekchiliyin_inkisaf_perspektivleri-1117944

SSRİ-nin dağılması ilə ipəkçilik niyə tənəzzülə uğradı?

Sovet hakimiyyəti yıxıldıqdan sonra iqtisadiyyatımızda ən çox zərər çəkən sahə ipəkçilik olmuşdur. Bunun başlıca səbəbi isə ipəkçilik sektorunun inkişaf etdiyi əsas bölgələrdən birinin Dağlıq Qarabağ bölgəsi olması ilə bağlıdır. Belə ki, Azərbaycanda baramaçılıq sektorunun əsasən 5 bölgədə yayıldığı bəllidir:

1. Qarabağ,
2. Gəncə,
3. Şirvan,
4. Şəki,
5. Ordubad.

Barama istehsalı 5 bölgədə yayılsa da, Azərbaycanda sovet hakimiyyəti illərində 2 əsas ipək kombinatı fəaliyyət göstərirdi. Bunlardan biri Şəkidə, digəri isə Xankəndində yerləşirdi. Ordubaddakı baramaaçan fabriki isə tam mənası ilə kombinat səviyyəsində deyildi. Dolayısıyla, digər bölgələrdə istehsal olunan baramalar bu iki kombinata göndərilir və ipək halına gətirilirdi. Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğal olunması ilə bu sahədə ciddi axsamalar yaşandı, Şəki İpək Kombinatı isə arzulanan rentabellə işləmədi, beləcə, kəndlilərimizin baramaçılığa maraqları söndü.

Azərbaycan ipəkçiliyi bu gün

2014-cü ildə neft erasının bitdiyini elan edən cənab İlham Əliyevin qeyri-neft sektorunda diqqət ayırdığı əsas sahələrdən biri də ipəkçilikdir. Onun 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aqrar sektorun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Prezidentin bu Fərmanından sonra ölkəmizdə ipəkçiliyin də yenidən inkişafı üçün ciddi addımlar atıldı. 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirildi. Bunun üçün ölkə başçısının "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyası bərpa olundu. Çindən müqavilə əsasında 2016-cı ildə 1750, 2017-ci ildə 6000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları tədarük edilərək, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyuldu, barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edildi və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənilmədən paylanıldı. Nəticədə 2016-cı respublikada 70,7 ton, 2017-ci ildə isə 245 ton və ya 2016-cı ilə nisbətən 3,5 dəfə çox yaş barama məhsulu istehsal edildi.
Sözsüz ki, bunlar ilk addımlardır və tədricən ölkəmiz öz istehsalını artıracaq, dünyanın önəmli ipəkçisinə çevriləcək. Bu inamımız sovet hakimiyyəti illərində Azərbaycanın Özbəkistandan sonra ən çox barama istehsal edən ikinci respublikası olmasından qaynaqlanır. Bu gün Özbəkistan 25.650 ton barama istehsalı, 1.256 ton ipək toxuması ilə dünyanın 3-cü dövlətinə çevrilibsə, biz də istehsal gücümüzü xeyli artıra bilərik.

Ölkəmizin təbii şəraiti

Azərbaycanın təbii şəraiti də buna imkan verir. Mütəxəssislərin bildirdiyinə görə, ölkəmizin təbiəti hazırda dünya barama istehsalının 70%-dən çoxunu əlində cəmləşdirən Çindən belə daha uyğundur. Zira baramaçılıqda havanın temperaturu və rütubəti əsas rol oynayır. İpəkböcəyinin ideal barama toxuması üçün havanın temperaturu qapalı şəraitdə 25-30 dərəcə arasında, rübubəti isə 60-80% arasında olmalıdır. Çində sözügedən münbit şəraiti yaratmaq üçün süni havalandırma sistemlərindən istifadə edirlərsə, Azərbaycanda buna ehtiyac belə yoxdur. Təbiətimizin məhz bu xarakterinə görə, tarix boyu ölkəmizdə yetişdirilən ipək ən keyfiyyətli məhsul sayılıb. Hesab edirəm ki, ipəkçilərimiz yenidən həmin avantajları qazanmaq imkanlarına sahibdirlər.

Baramaçılığın iqtisadi əhəmiyyəti

İldə bir dəfə yetişdirilən və yetişdirilmə prosesi 40 gün çəkən baramaçılıq sektoru aqrar təsərrüfatlar üçün ən yaxşı əlavə gəlir mənbəyidir. Kümçülərin dediyinə görə, bir qutu ipəkqurdundan 30-35 kq barama əldə etmək mümkündür. 4 nəfərlik ailə təxminən 100 kq barama istehsal edə bilər. 2017-cı ildə 1 kq yaş baramanın qiyməti 9 manat idi. Deməli, bir kəndli ailəsi 40-45 gün ərzində sərf etdiyi əməyin müqabilində 900-1000 manat əldə edə bilər. Nəzərə almalıyıq ki, barama istehsalı üçün lazım olan ipəkqurdunu istehsalçıya dövlət qarşılıqsız verir. KTN-nin məlumatına görə, 2017-ci ilin noyabr ayında Çindən daha 1 milyon tut tingi gətirilib və respublikanın 38 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılıb. Deməli, istehsalçı heç bir xərc çəkmədən ayyarım ərzində 1000 manata qədər təkcə baramadan qazana bilər. Tut ağacının meyvəsindən qazandığını isə hesaba qatsaq, bu, məbləği daha da artırar.

İpəkçiliyin inkişafı təkcə kənd təsərrüfatı müəssisələrinə deyil, həm də tekstil sektoruna da böyük gəlirlər gətirə bilər. Azərbaycanın müxtəlif bölgələrində bir çox ipək və xalçaçılıq müəssisələrinin açılması da hökumətin bu məqsəd istiqamətində hərəkət etmək niyyətindən xəbər verir. Prezident İlham Əliyev tərəfindən 2017-ci il 27 noyabr tarixli Sərəncamla təsdiqlənmiş “İpəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nda 2025-ci ilədək ölkəmizdə yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. (Mənbə: https://president.az/articles/26017) Sovet hakimiyyəti illərində barama istehsalımızın 3-5 min ton arasında dəyişildiyini nəzərə alsaq, bu hədəf həmin göstəricilərə yenidən qayıdış və onu ötmək planı kimi dəyərləndirilə bilər.

“İpəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda barama istehsalçılarının assosiasiyasının yaradılması da əks olunub. Sənəddə həmçinin baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi də qeyd olunub. Tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılacaq, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görülməsi də Dövlət Proqramının əsas hədəflərindən biridir.

Bütün bunlar ölkəmizdə ipəkçiliyin inkişafı üçün xeyli sayda müəssisələrin açılacağını və minlərlə insanın işlə təmin olunacağı deməkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı hələ məlum Dövlət Proqramı imzalanlamışdan əvvəl mətbuata verdiyi açıqlmasında ölkəmizdə ipəkçiliyin inkişaf perspktivləri ilə bağlı deyirdi: “Azərbaycanda əgər Şəki İpək Kombinatının fəaliyyəti dirçəldilirsə, bu, təxminən ən azından 15-20 min insan üçün yeni iş yerinin açılması demək olacaq".

Mürvət Həsənli,
ADAM sədri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR