İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sənan Mahirəyə 7 bıçaq zərbəsi vurdu"- sevdiyi qadını öldürənin məhkəməsi

956 28.11.2017 12:23 Kriminal A A


Bakıda sevdiyi qadını öldürən, iki nəfəri də yaralayan şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır.

Prosesdə zərərçəkmiş Mətanət Həsənova ifadə verib.

O bildirib ki, S.Məmmədovla qonşu olub.

"Hadisədən əvvəl mərhum Mahirə Əliyeva bizə gəldi. Dedi ki, "evdə pul var idi, yoxa çıxıb". Çox qorxmuşdu. Dedi ki, "Sənan məni öldürəcək". Mahirə tez-tez bizə gəlirdi"- deyə zərərçəkmiş bildirib.

O deyib ki, bir müddət keçəndən sonra Sənan Məmmədov oradan köçüb: "Mahirə mənim evimdə kirayədə qalırdı. Hadisə günü Sənan gecə dostları ilə bizim evə gəldi. Mahirə məni səslədi ki, Sənanın xalası oğlu onu çağırır. Mən qapının yanına gələndə Sənan Mahirəyə yeddi bıçaq zərbəsi vurdu. Hadisə gözümün qabağında oldu".

Zərərçəkmiş M.Həsənova qeyd edib ki, hadisə zamanı oğlu hamamda olub və səs-küydən sonra onların yanına gəlib.

"Sənan oğluma altı bıçaq zərbəsi endirib, məni də bir-neçə dəfə bıçaqladı. Mərhum Mahirə Əliyeva Sənan Məmmədov tərəfindən tez-tez döyülürdü"- deyə şahid söyləyib.

S.Məmmədov zərərçəkmişi oğurluqda ittiham edilib:

"Hadisədən əvvəl yaşadığım evdən pul oğurlanıb. Bunlar mənim pulumu oğurlamışdı. Bu barədə polisə də məlumat verdim. Sonra mənim yoldaşım Mahirəni rayona toya apardıqlarını dedilər. Polisdə məlum oldu ki, pulu Laçın Həsənovla birgə aparıblar".

M.Həsənova bildirib ki, hadisədən sonra S.Məmmədov müstəntiqə qeyd edib ki, "gərək bunların hamısını biçərdim".

S.Məmmədov məhkəmədə qətli namus üstündə törətdiyini, zərərçəkmiş Mahirə Həsənovanın arvadını yoldan çıxardığını bildirib.

İttihama görə, S.Məmmədov bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanına (keçmiş "Sovetski") gəlib. S.Məmmədov 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu öz evlərində bıçaqlayıb, 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızını isə qətlə yetirib. S.Məmmədovun qətlə yetirdiyi qadınla bir müddət əvvəl tanış olub və birgə yaşamağa başlayıb.

Hadisəni törədən 1991-ci il təvəllüdlü Sənan Məmmədov könüllü olaraq polisə gedib. S.Məmmədovun qeyd edilən hadisəni törətməsi barədə ittihamda yazılır ki, o, birlikdə yaşadığı Mahirə Əliyevaya verdiyi pulu geri ala bilməyib. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Belə ki, S.Məmmədov vəfat edən anasının məzarına baş daşı almaq üçün evə 415 manat pul qoyub.

İttihamda yazılır ki, Mahirə Əliyeva iş gedən S.Məmmədova zəng edərək pulun oğurlandığını deyib. M.Əliyeva pulu qonşusu Laçın Həsənovun götürdüyünü deyib. S.Məmmədov əvvəlcə birlikdə yaşadığı qadınla, sonra isə qonşusu Laçınla mübahisə edib. Bir neçə gün sonra isə bu qanlı hadisə baş verib.

Amma S.Məmmədov məhkəmədə fərqli ifadə verib. O, Mahirə Əliyevanı pul üstündə yox, namus üstündə öldürdüyünü söyləyib.

Qeyd edək ki, S.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham edilir.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR