İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sən atanla qürur duyurdun, biz də səninlə qürur duyuruq, Nərgiz” - FOTO, VİDEO

6298 02.05.2015 23:19 Son xəbər A A







Bu gün İsveçrənin Yöteburq şəhərində yerləşən Azərbaycan Evində gənc fəal Nərgiz Yaqublunun anım tədbiri keçirildi. Yüzə yaxın isveçli mühacirimiz mərhum Nərgiz Yaqublunun vaxtsız ölümü ilə bağlı öz ağrılarını ifadə etdilər. 

“Qürbətdə bu cür faciəli xəbərlər insanı daha çox sarsıdır” deyən tədbirin aparıcısı, Müsavat fəalı, Azərbaycan Evinin üzvü Kənan Hacıəkbəroğlu dedi ki, N.Yaqubli müasir Azərbaycan mübarizə tarixinin gənc simalarından olub: “Bu, Azərbaycan müxalif cameəsi üçün ciddi itkidir. Tofiq Yaqublu Qarabağ müharibəsində iştirak etmiş, mübariz, vətənpərvər insandır. Ailəsi də ona layiq, ləyaqətli həyat yaşayıb. Bu vaxtsız ölüm bizi çox sarsıtdı. İnsanlar da bu hadisəyə biganə deyillər. Ona görə də ağrımızı bölüşmək üçün bir araya gəldik, burdan Yaqublular ailəsinə dəstək vermək istədik”. 
 
Mühacir həmyerlimiz Rasim Cabbarov isə dedi ki, Yaqublu ailəsinin başına gələnlər sanki zərcirvari faciə olub: “Yəqin ki, atası türmədə olmasaydı, bu qədər faciə üst-üstə gəlməzdi”.
2004-cü ildən İsveçdə yaşayan Firudin Ələsgərov isə N.Yaqublunu şəxsən tanımasa da, atasını, mübariz insan olan T.Yaqublunu tanıdığını dedi: “Tofiq Yaqublu Azərbaycan milli azadlığı uğrunda vuruşanlardan biri idi. Son illər qızları  - Nərgiz və Nigarın tədbirlərdə aktivliyi xüsusi diqqət çəkirdi. Atalarının həbsi, ona olan haqsızlıq, Nərgizin həbsi.... bunların hamısı səbəbsiz baş vermişdi. Nərgiz anası ilə məhkəmədən gedəndə bir qəza keçirdi. Tofiq bəy son müsahibəsində deyib ki, qızının nə xoş, nə pis günündə onun yanında olmayıb. Bu bir ailə faciəsidi. Ölümündən sonra gənclərin onun dəfnində kütləvi surətdə necə iştirak etdiyini gördüm. Bu, onun özünə qarşı yaratdığı hörmətin nəticəsi idi”. 

Daha sonra tədbirdə N.Yaqublu ilə bağlı hazırlanmış videorolik yayımlandı. Sizin də seyr etdiyiniz kiçik rolik əməkdaşımız Araz Bayramovun Nərgizə həsr etdiyi xüsusi filmin kadrları əsasında hazırlanıb. 


KAXCP təmsilçisi, mühacir İqbal Eyvazov isə N.Yaqublu ilə bağlı yaşananları xalq üçün faciə adlandırdı: “İctimai-siyasi xadimlərimiz,  ziyalılarımız, öndə gedən gənclərimiz də çoxdur. Xüsusən son dönəmlər bu öz yerini almaqdadır. Nərgizin vaxtsız ölümü adama çox pis təsir edir. Tofiq Yaqublu çox qeyrətli, zəkalı, başarılı birisidir. Arzu edək ki, yaxın zamanlarda həbsxana qapısı açılsın”.

Mühacir Paşa Ələsgərov isə T.Yaqublunun Azərbaycanda xalq hərəkatı başlayan illərdən mübarizədə olduğunu dedi: “Hər zaman sözünü deyən, bacarıqlı biri idi. Demokratiya yolunda canını fəda edən insanlardandır. Harada hərəkat qızğın gedərdi, o, nöqtənin başlanğıc yerində olardı. Qarabağ döyüşlərində iştirak etdi, döyüşdü. Demokratiya uğrunda canını fəda edən insanlardandır”.

Çıxışçı mühacir isə dedi ki, baş verənlər gənc xanımın yaşadığı faciə ictimai-siyasi sektora böyük zərbə olub: “Sözün bitən yeridir. Bir ailə başçısı öz ideyalarını elə həyata keçirib ki, həbsdə olmasa da, azadlıqda da vuruşurlar. Videoya baxdım, gənc bir xanım necə fəaldır. Tofiq bəyin tərbiyəsinin çox mühüm rolu olub o xanımın fəallığında”. 

Mühacir Səhər Qasımova isə Cabir Novruzun “sağlığında qiymət verin insanlara” misrasını yada saldı. Dedi ki, cəmiyyətdə ədalət prinsipinin pozulması təəssüf yaradır: “Normal ölkələrdə ədalət uğrunda mübarizə aparan niyə türmədə olmalıdır? Mən o xanımla tanış deyiləm. Amma əminliklə deyirəm ki, o, mübariz xanımların bir simvoludur”. 

Gənc mühacir Aynurə Cəfərova isə dedi ki, indi olmasa da, yüz il sonra tarix dərsliklərində Yaqublu ailəsinin adı qeyd olunacaq: “Övladlarımız onları inqilabın öndə gedənləri kimi tanıyacaqlar. Sən atanla qürur duyurdun, biz də səninlə qürur duyurduq, Nərgiz”.
 

Güneyli soydaşımız Mahmud Bilgin isə dedi ki, T.Yaqublunun ailəsi demokratiya uğrunda çalışıblar: “Belə ailələr çox az olur. Qərb ölkələrində belə şey təbii deyil ki, sən həyatını heç bir günahın olmadığı halda türmədə keçirəsən, övladlarının xoş, bəd günündə iştirak edə bilməyəsən. Sevinirəm ki, Azərbaycan belə qızlar yetişdirir”. 

Çıxışçı Sabir Nağızadə isə N.Yaqublunu “haqqın səsi” adlandırdı: “O, rejimə qarşı savaşırdı. Onun ailəsinin yaşadıqları faciədir”.



Sevinc TELMANQIZI
Yötüburq,  İsveç 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR