İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sən 30 manat ”şot” verəcəksən deyə 4 min cərimə olunmalıyam?” - COVİD pasportu istənən yerlərdən reportaj

1173 12.10.2021 08:40 Reportaj A A

Əksər müəssisələrə, qapalı məkanlara vaksin pasportu olmadan giriş mümkün deyil, uşaq əyləncə mərkəzlərinə və məhkəmə zallarına da giriş üçün vaksin sənədi tələb olunur; əməkdaşımız obyektlərdəki vəziyyəti araşdırıb...

Artıq ölkənin əksər müəssisələrinə, qapalı məkanlarına vaksin pasportu olmadan giriş mümkün deyil. Oktyabrın 1-dən uşaq əyləncə mərkəzləri də fəaliyyətini bərpa etdi, məhkəmə zallarına giriş də “COVİD 19 pasportu” ilə mümkün oldu. Kəsəsi, sentyabrın 1-dən başlayan proses başa çatıb və kimin vaksin pasportu yoxdursa, nə restoran - kafeyə, nə ticarət mərkəzinə, nə əyləncə mərkəzinə daxil ola bilir.

Yalnız ictimai nəqliyyatdan, marketdən istifadə üçün bu sənəd tələb olunmur. Yəni indi şəxsiyyət vəsiqəsindən daha çox vaksin pasportu hər yerdə keçərlidir. Amma respublikada bu tarixə qədər təqribən 900 minə yaxın insan vaksin olunub. Onun 410 mindən yuxarısı ikinci doza vurdurub. O deməkdir ki, heç 1 milyona çata bilməmişik və deməli, yerdə qalan əhaliyə sözügedən obyektlərə giriş qadağandır. Bəs bu prosesə necə nəzarət olunur? Ümumiyyətlə, nəzarət mexanizmi hansı səviyyədə qurulub? Vaksin pasportu olmayanlar restoranlara, ticarət mərkəzlərinə daxil ola bilirmi?

“Yeni Müsavat” üçün reportaj hazırlayarkən apardığımız müşahidələr belə deməyə əsas verir ki, həm vətəndaşlarda məsuliyyət və cərimə olunmaq qorxusu var, həm obyekt sahibləri işinə son dərəcə həssas yanaşırlar və bir müştəri ucbatından cərimə edilmək niyyətində deyillər, həm də istənilən an reyd keçirilə, yoxlama aparıla bilər. Odur ki, bir çox restoranların, “mall”ların, əyləncə mərkəzlərinin girişində müştərilərdən bir-bir vaksin pasportu tələb olunur; ya mobil telefondakı elektron nümunəyə baxılır, ya üzərindəki şəxsiyyət vəsiqəsi ilə yoxlanılır. Xüsusən də tanınan restoranlar, “fast-food” yemək verilən ünvanlar, “mall”llar bu məsələdə güzəştsizdirlər.

Hətta obyektlərdən birinin sahibi replika verdi ki, “Sən 30 manat ”şot" verəcəksən deyə mən 4 min manat cərimə olunmalıyam: “İstəmirəm o xeyiri ki, axırda mənə 10 qat zərər edəcək. Heç bir restoran risk eləmir. Kimin pasportu varsa, gəlib yeyib-içsin. Çünki gözləmədiyin vaxtda içəri girib yoxlaya bilərlər. Açığı, millət də başdansovduluq eləmir, vaksin etdirir ki, hər yerə rahat girə bilsin”.

Restoran işlədənlərdən biri də dedi ki, onların bir müştəriyə görə bir neçə min manat cərimələnmək həvəsi yoxdur: “Müştərilər gərək inciməsinlər. Eləsi olur ki, daimi müştəridir, tanıyıram, etibar edirəm, amma içəri buraxmıram. Deyirəm ki, məni başa düş, səndən tələb olunan peyvənddir, get vurdur, sonra gəl otur da. Axı müştəri də, sahibkar da buna görə zərər edir. Polis də heç kəsi cərimələmək istəmir. Amma özümüzdə məsuliyyət olmalıdır”.

Şəhərin müxtəlif ünvanlarında fəaliyyət göstərən “mall”lar da vaksin pasportu olmadan bir müştəri belə içəri buraxılmır. Buna hər kəs şahid ola bilər. Qapıda dayanan gənc işçilər bir-bir yoxlayıb icazə verirlər. Eyni sözləri yeni açılan uşaq əyləncə mərkəzləri üçün də söyləmək olar. Valideynlər uşaqların xeyli vaxtdır ki, həsrətlə gözlədiyi əyləncə yerlərinə onları apararkən qapıda bu tələblə qarşılaşırlar. Odur ki, bu məsələdə sui-istifadə halları ola bilər, amma kütləvi şəkildə yayınma yoxdur.

Həmsöhbət olduğumuz vətəndaşlar da təsdiqləyirlər ki, idman zallarından tutmuş restoranlara qədər vaksin pasportu tələb edilir. Onlar bunu obyekt sahiblərinin daha çox qorxması ilə izah edirlər. Çünki vətəndaş 200-400 manat cərimə olunursa, sahibkarı 3000-4000 manat sanksiya gözləyir. Bu da pandemiya dövründə onsuz da işləri çətinləşən iş adamları üçün kifayət qədər ağır cəzadır. Bundan başqa, vətəndaşlar hamamların açılmasını, toylara icazə verilibsə, yas mərasimlərinin keçirilməsinə də müəyyən şərtlər çərçivəsində razılıq verilməsini arzulayırlar.

Həmçinin quru sərhədlərin açılması, “COVİD” testlərinin qiymətinin ucuzlaşdırılması da əhalinin arzuladığı problemlərdir. Onlar deyirlər ki, əgər restoranlar, şadlıq sarayları, o cümlədən iri ticarət mərkəzləri işləyirsə, həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa olunubsa, yerdə qalan məsələləri də yoluna qoymaq vaxtıdır.

Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib. Son elmi tədqiqatların nəticələrini və COVİD-19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR