İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmsi Rəhimovla Afiyəddin Cəlilovun qətlinin müdhiş sirləri

28401 01.04.2013 09:13 Gündəm A A

Ramin NağıyevYada salaq ki, 1994-cü ildə MTN-in İstintaq İdarəsində çalışan R.Nağıyev istintaqı aparan müstəntiqlərdən biri olub. O, iddia edir ki, sözügedən cinayət işi hələ də açılmayıb, cinayət işi ilə bağlı bu məsələyə heç bir bağlılığı olmayan 3 günahsız insan həbs edilib. Onlardan ikisi artıq həyatda yoxdur. Üçüncü şəxs isə Rusiyada yaşayır. R.Nağıyev “Yeni Müsavat”a qətli törətməkdə ittiham olunaraq həbs edilən Fazil Muxtarovun istintaq təcridxanasından yazdığı məktubları təqdim edib. F.Muxtarov məktublarda istintaqın iddia etdiyi kimi, Şəmsi Rəhimovu öldürmədiyini, bu cinayəti amansız işgəncələrdən sonra boynuna aldığını yazır. Onu da bildirək ki, məktublar 1998-ci ildə “525-ci qəzet”də çap olunub.
F.Muxtarov haqqında qısa arayış: Fazil Famil oğlu Muxtarov Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD və ya OMON) rəhbəri Rövşən Cavadovun qardaşı, Xətai rayon prokuroru Mahir Cavadovun cangüdəni olub. 1991-ci ildən OMON sıralarında qulluq edib. 1994-cü il, sentyabrın 30-da Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun qətllərində günahkar elan edilərək həbs olunub.

***

“Mən Muxtarov Fazil Famil oğlu 1966-cı ildə Bakıda doğulmuşam. 1991-ci ildən XTPD-də qulluq etmişəm. O vaxt torpaqlarımızın müdafiəsi uğrunda Qarabağın bir çox ərazilərində ermənilərə qarşı vuruşmuşam. Vuruşduğum dövrdə kontuziya almışam. Cinayət Məcəlləsinin 70-ci maddəsinin 2 və 3-cü hissələri ilə haqqımda qaldırılan cinayət işində özümü günahkar saymıram. Bu günə qədər istintaqa verdiyim bütün ifadələr məndən işgəncə yolu ilə alınıb.
Hadisələrin məzmununu aydınlaşdırmaq üçün 1991-ci ilin sentyabrına qayıdıram. Öncə bildirim ki, 1993-cü ildə Mahir Cavadovun sürücüsü işləmişəm. 1994-cü ildə Xətai Rayon Prokurorluğunda işdə olarkən Elçin Əliyev adlı bir nəfər (indi o, güllələnmə alanların kamerasındadır) gəlib M.Cavadovu görmək istədiyini dedi. Mahir CavadovMən Elçindən M.Cavadovu niyə axtardığını soruşanda o dedi ki, XTPD-də olan qardaşı Yalçın Əliyev dostu ilə şəxsi maşınında gedərkən Xətai rayonu ərazisində “Pegout” markalı bir maşın onların qarşısını kəsib. Maşından düşən insanlar deyib siz kimsiniz ki, bizim maşını ötüb keçmisiniz. Elçin Əliyev deyir ki, həmin şəxslər onlardan sənəd tələb edib. Yalçın görəndə ki həmin şəxslər ayaq üstə güclə dayansa da onlardan spirt qoxusu gəlmir, narkoman olduqlarını anlayıb. Yalçın da onlardan sənəd tələb edib. Həmin şəxslər 3 nəfər olub - ikisi orta yaşlı, biri isə 16-17 yaşlarında yeniyetmə. Onlardan biri Baş Prokurorluğun işçisi olması haqda sənəd göstərib. Yalçın isə XTPD-nin vəsiqəsini təqdim edib. Bu zaman orta yaşlı kişilərdən biri XTPD-nin ünvanına söyüş yağdıraraq Yalçını döyməyə başlayıb, o biri iki nəfər isə Yalçının maşınına tərəf gedib. 16-17 yaşlarındakı gənc sükan arxasındakı sürücünü elə yerindəcə güllələyib. “Pegout”un sürücüsü yanındakı adamın köməyi ilə tapançanın arxası ilə Yalçının başından vurub və onu öz maşınlarına mindirib aparıb.
Qətiyyətlə bildirirəm ki, Yalçının və onun dostunun bu şəxslərlə heç bir tanışlığı olmayıb. “Pegout”dakılar baş prokuror Əli Ömərovun oğlu və cangüdənləri olublar. Onlar Yalçını yaralı vəziyyətdə gətirib Baş Prokurorluğun zirzəmisinə atıblar.
Əli ÖmərovElə o zaman Ə.Ömərov M.Cavadova zəng vurdu ki, Xətai rayonu ərazisində balaca bir hadisə olub, onu ört-basdır etmək lazımdı. M.Cavadov isə dedi ki, bu, balaca hadisə deyil, böyük cinayətdir, adam güllələnib. Ə.Ömərov bir daha təkid etdi. Mahir bizim yanımızda Ə.Ömərovla bir də danışdı. Sonra bizə dedi ki, Baş Prokurorluğa getməliyik. Bir yerdə Baş Prokurorluğa gəldik. O, bizə aşağıda gözləməyi tapşırıb Ömərovun yanına qalxdı. Təxminən 1 saat sonra qayıtdı, bizə dedi ki, Yalçını buraxırlar, ancaq o da gərək Ömərovun oğlunun işinə xitam versin. Yalçın buraxıldı. Ancaq Ömərovun oğlunun işi xətm olunmadı. Ömərov Cavadova dedi ki, buna görə ondan heyf çıxacaq.
Ancaq Mahirə batmaq da o qədər asan deyildi. Ömərov onu Stepanakertdə, Gəncədə dəmiryol prokuroru işləyəndən tanıyırdı. Ömərov Mahir Cavadovdan çəkinirdi. Nəhayət, Mahir Cavadov Yalçın Əliyevi tibbi müayinədən keçirəndən sonra Ömərovun oğlu və digər şəxslərə cinayət işi açdı. Ardınca Əli Ömərov Yalçın Əliyev və onun dostları haqqında cinayət işi qaldırdı. Guya Yalçıngil onların maşınına boş pivə bankaları atıb, şüşə sınıb. İttihamda yazılmışdı ki, Ömərovun sürücüsü bankaların atılmasını sui-qəsd hesab edərək özünümüdafiə məqsədilə atəş açıb, bu zaman qarşıdakı maşının sürücüsü həlak olub.
Beləliklə, Ə.Ömərov Y.Əliyev haqda cinayət işi qaldıraraq onun həbsinə sanksiya verdi. Biz bir neçə XTPD əməkdaşı Yalçıngilin qarovulunu çəkib onun təhlükəsizliyini qoruduq. Bilirdik ki, Ömərov hər cür hərəkət edə bilər. Belə də oldu. Onların ilk saxta işlərinin qurbanı mən və Elçin Əliyev (Yalçının qardaşı) olduq. 1994-cü il, sentyabrın 30-da Elçingilə gedəndə gördüm ki, həyətdə polis işçiləri var. Qapının qabağında polis işçiləri məni saxlayıb kim olduğumu soruşdular. Elə başa düşdüm ki, bunlar Yalçını tutmağa gəlib. Məmməd Mikayılov adlı bir nəfər məndən adımı soruşdu. Dedim ki, Elçinin dostuyam. Soruşdu ki, QAİ-də işləyirsənmi. Cavab verdim ki, yox. Dedi bizimlə Yasamal polisinə gedəcəksən, orda aydınlaşdıracağıq.
Mən və iki polis işçisi mənim maşınımda Yasamal Rayon Polis İdarəsinə getdik. Biz polis idarəsinə daxil olanda bir nəfər Məmməd Mikayılovdan soruşdu ki, bu kimdir. O da cavab verdi ki, Fazildi. Həmin adam dedi ki, biz Fazili tutmuşuq. Mikayılov cavab verdi ki, mən bu adamı Fazil bilib gətirmişəm. Bundan sonra məni buraxdılar.
Çölə çıxanda Elçin Əliyevi gördüm. Polislərdən soruşdum ki, Elçini niyə həbs etmisiniz. “Sənlik deyil” cavabını verdilər. Onlara cavab qaytaranda aramızda anlaşılmazlıq oldu. Məni yenidən polis bölməsində bir otağa saldılar, üst-başımı axtardılar, 500 dollar və qızıl üzüyümü götürüb məni kameraya saldılar. Bir saatdan sonra kameradan çıxarıb dedilər ki, 500 dolları bizə ver, çıx get. Onlara dedim ki, sizin təhqirli söyüşünüzə, yoxsa məni nahaq yerə saxladığınıza görə pul verməliyəm. Sözümdən xoşları gəlmədiyi üçün dedilər ki, indi cibinə nəşə atıb basacağıq içəri. Dedim, heç vaxt eləyə bilməzsiniz, çünki mən həyatımda narkotik maddə istifadə etməmişəm.
Elə bu vaxt Mahir Cavadovla Elşən Rəhimov polis idarəsinə gəldilər. Məmməd Mikayılov Mahir Cavadova dedi ki, bir balaca yoxlama aparırıq, indi saxlananları buraxacağıq. Cavadov ondan soruşdu ki, sən niyə mənim sürücümü öz ərazimdə mənə xəbər vermədən həbs edib bura gətirmisən. Mikayılov üzr istəyib dedi ki, incimə, mənə belə göstəriş veriblər.
Bu zaman Əli Ömərov da polis idarəsinə gəldi və Mahiri yanına çağırdı. Cavadovla Ömərov otaqda söhbət edəndə mən onları aydın eşidirdim. Mahir soruşdu ki, bu uşaqları niyə tutmusunuz. Ömərov da dedi ki, sənə demişdim mənimlə qoz-qoz oynama, mən baş prokuroram. Cavadov dedi ki, sən günahsız adamları heç vaxt həbs edə bilməzsən. Ömərov cavabında dedi ki, sən hələ işin axırına bax, gör mən günahsızlara necə don geyindirirəm.
Mahir oradan mənim yanıma gəlib soruşdu ki, cinayət törətməmisən. “Yox” cavabı verdim. Mahir buraxılacağımı dedi.
Gecə orada qaldım. Səhərə yaxın gözlərimi bağlayıb harasa apardılar. Sonradan bildim ki, məni gətirdikləri yer MTN-dir. Məni ilkin olaraq MTN İstintaq İdarəsinin rəisi Rüfət Mansurov dindirdi. Dindirilənə qədər bilmirdim ki, nəyə görə həbs olunmuşam. Mansurov mənə dedi ki, Şəmsi Rəhimovun ölümündə günahlandırılıram. Mən onun adını birinci dəfə eşitdiyimə görə müstəntiqdən soruşdum ki, Şəmsi Rəhimov kimdir. Müstəntiq mənə dedi ki, sən onu yaxşı tanıyırdın, onu niyə öldürmüsən, kimin tapşırığını icra etmisiniz və s.
Mən güldüm. Müstəntiq göstəriş verdi ki, bunu başa salın. Üç nəfər gözümü bağlayıb məni harasa apardılar. Orada mənə iynə vurub soruşdular ki, kimi öldürmüsən. Dedim mən heç kimi öldürməmişəm, siz məni kiminləsə səhv salırsınız. Sözlərimə fikir vermədilər. Səhərə yaxın gətirib məni kameraya saldılar.
Məni səhər tezdən yenə müstəntiqin yanına apardılar. Müstəntiq adını dedi - Ramin Nağıyev. Suallara düzgün cavab verməyi məsləhət gördü, sonra da bildirdi ki, günahın yoxdusa, buraxılacaqsan. Mən müstəntiqin sualına cavab olaraq 1994-cü il, sentyabrın 29-da harada olmağım haqqında geniş danışdım. O vaxt MTN-də verdiyim ifadələri təsdiq edirəm və sizin diqqətinizə çatdırmaq istəyirəm:
1994-cü il, sentyabrın 29-da Xətai Rayon Polis İdarəsi 36-cı polis bölməsinin qarşısındakı çayxanada səhər yeməyi vaxtı xalam oğlu Mehman Orucov yanıma gəlib dedi ki, məni onun qaynının toyuna dəvət ediblər. Axşam saat 6-da xalam oğlanları Mehdiyev Qəzənfər və onun böyük qardaşı Xaqani öz ailəsi ilə, mən isə dostumla birlikdə (dostumun adı İlqardır) Sumqayıta toya getdik. Toyda bizi xalam oğlu Mehman qarşıladı. Təxminən iki saat sonra Elçin Əliyevlə Fazil Hüseynov da toya gəlib çıxdılar. Biz bir yerdə təxminən bir saat yeyib-içdik. Sonra Fazil Hüseynov dedi ki, qardaşı uşağı xəstəxanadadır, ona dəyməlidir. İcazə alıb Elçinlə birlikdə getdilər. Onları yola salandan sonra xalam uşaqları ilə saat 22-dək toyda iştirak etdim. Gecə saat 22-də xalam uşaqları ilə qohumlarımızı götürüb Bakıya qayıtdıq. Öz maşınımla qohum və dostları evlərinə paylayandan sonra “Biznes klub”a getdim.
Orada Fazil Hüseynovu gördüm. Dedi ki, xəstəxanaya gedib qardaşı uşağını görüb. Təklif etdi ki, bir az gözləyim klub bağlansın, gedək onlara düşbərə yeməyə. Etiraz etsəm də Fazil əl çəkmədi. Məcbur olub onunla getdim. Yeməkdən sonra getmək istəyəndə Fazil təkid etdi ki, onlarda qalım, maşınımın açarını gizlətdi. Gecəni onlarda qaldım, səhər onlardan işə gəldim...
MTN-in müstəntiqi bildirdi ki, dediyin faktları yoxlamışıq, düz çıxıb. Aydınlaşdırılmamış bir-iki fakt qalıb. Onları da yoxlayaq, əgər düz çıxsa, səninlə işimiz yoxdur, səni buraxacağıq evə.
Müstəntiq mənim qohumlarımın köməyi ilə 1994-cü il, sentyabrın 29-da iştirak etdiyim toyun videokasetini əldə etdi. Təxminən 10 gün sonra müstəntiq mənə dedi ki, sənin heç bir günahın yoxdur, ancaq Əli Ömərov sənin çıxmağına mane olur. Əlavə etdi ki, burada işləyən qanunla yox, ancaq göstərişlə işləməlidir.
Bundan sonra MTN-in iki işçisi gəlib dedi ki, sən reketçilik etmisən, ona görə də sənə CM-in 146-cı maddəsi ilə cinayət işi qaldırılıb. Tələb etdim ki, həmin adamlarla məni üzləşdirsinlər.
Səhəri gün bir nəfər gətirib dedilər ki, bu şəxs sənin vəkilindir, bu kağızı imzala ki, ona etirazın yoxdur. Oxumadan imzaladım. Sonradan bildim ki, mənə imza atdırdıqları kağız 146-cı maddə ilə cinayətimi etiraf etməyimlə bağlı imiş. Beləliklə, mənə CM-in 146-cı maddəsi ilə cinayət işi açıldı. Məqsəd o idi ki, məni həbsdən buraxmasınlar..."

(ardı var)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR