İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirin kriminal keçmişli yeni icra başçısı - Alimpaşa Məmmədov kimdir?

51610 10.10.2014 08:55 Ölkə A A

Nazir F.Məmmədov 2012-ci ildə onu Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə təyin etmişdi. Bakı Vergilər Departamentinin rəisi Tariyel Quliyev isə nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olundu. Bu təyinatları zəruri edən amilə diqqət yetirərkən F.Məmmədovun A.Məmmədova nə qədər etimad göstərdiyini sezmək olur. Həmin vaxt A.Məmmədovun təyinatını şərtləndirən Vergilər Nazirliyinin nüfuzlu bir klanın “çətiri” altından çıxaraq Paşayevlərin çevrəsinə daxil olması idi. T.Quliyev digər klana yaxınlığı ilə seçilən bir şəxs idi, onun Bakı Vergilər Departamentinə rəhbərlik etməsi Paşayevlərin marağına uyğun deyildi.

 T.Quliyevin nazirlikdə xüsusi statusu da var idi. Bu şəxs nazirliyin qeyri-rəsmi kassiri sayılırdı - qeyri-rəsmi yığımlara və “paket”lərin (işçilərə verilən qeyri-rəsmi maaşın) verilməsinə cavabdeh idi. Təbii ki, belə zəngin informasiyalara malik olan bir şəxsi nazirlikdən uzaqlaşdırmaq təhlükəli idi. Ona görə də o, Daxili Təhlükəsizlik İdarəsinə rəis göndərilməklə neytrallaşdırıldı. Əvvəllər “paket” paylayan T.Quliyev indi “paket” alanlar sırasına daxil edildi. 


Şəmkirə icra başçısı göndərilən Alimpaşa Məmmədovun bioqrafiyası da maraqlıdır. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və vergilər naziri Fazil Məmmədovun “vuran əli” sayılıb. A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq vergilər naziri yenə ona sahib çıxaraq daha yüksək vəzifəyə - nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbayel Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən “ilişib” - iri ranqlı məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə yuxarıların qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.

Bir müddət işsiz qaldıqdan sonra F.Məmmədov yenidən onu reabilitasiya edə bilib və 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərib. Burada reabilitasiya olunduqdan sonra isə yetərincə strateji və “rentabelli” bir posta - Bakı Şəhər Vergilər Departamentinə rəis göndərib. Ölkədə yığılan vergilərin 83 faizinin paytaxtda toplandığını nəzərə alsaq, izafi şərhə ehtiyac qalmaz.
Burada zəruri bir arayışa ehtiyac var. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” adını qazanıb. Onun paytaxt vergi idarəsinin başına gətirilməsi nazirin düşünülmüş planı hesab edilirdi. 


Bu ilin avqustunda dərc etdiyimiz “Fazil Məmmədovun ”payız planı" adlı yazıda vergilər nazirinin payızda bir neçə rayonun icra hakimiyyəti başçısı postuna öz adamını yerləşdirmək niyyətinin olduğunu yazmışdıq. Həmin yazıda F.Məmmədovun yaxın çevrəsində icra başçısı olmağa iddialı ən azı 20 şəxsin olduğu qeyd olunurdu. Bildirilirdi ki, bu həm də 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlıqla bağlı bir məsələdir. Vergilər naziri parlamentdə ayrıca siyahı ilə təmsil olunmaq niyyətindədir. Həmin yazıdan sitat: “Hakimiyyət elitasının ən önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədov payızda gözlənilən kadr dəyişiklərinə hazırlaşır. Nazirə yaxın bir neçə şəxs icra başçısı olmaq iddiasını ortaya qoyub. Onların arasında F.Məmmədovun qohumları və biznes ortaqları da var. F.Məmmədov icra başçısı görmək istədiyi şəxslərin adlarını da açıqlayıb - Bakı Şəhər Vergilər Departamentinin rəisi Alimpaşa Məmmədov, vergilər nazirinin müavini Sahib Ələkbərov (Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun atası), nazirin müşaviri Mahir Rəfiyev, nazirin müşaviri Fəxrəddin Qəmbərov. Başqa iddialılar da var. Ancaq əsas namizədlər bunlardır. 

Vergilər nazirinin müşaviri Mahir Rəfiyev nazirliyə özəl sektordan adlayıb. O, ”Atabank"ın Müşahidə Şurasının sədri olub. F.Məmmədovun Çexiyadakı biznesini idarə edən şəxslərdən biridir. Onun Neftçalaya icra başçısı göndəriləcəyi ilə bağlı məlumatlar var. Vergilər Nazirinin müavini Sahib Ələkbərovun xüsusi təqdimatına ehtiyac yoxdur. O, sovet sistemində Azərbaycan komsomoluna rəhbərlik edib. Azərbaycan müstəqillik əldə edəndən sonra bizneslə məşğul olub. 2003-cü ildə dövlət idarəçiliyinə qayıdıb və Səbayel Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Az sonra hakimiyyətdəki köhnə qvardiyanın təzyiqi ilə işdən çıxarılıb və dişsiz bir vəzifəyə təyinat alıb - bir müddət Dövlət Statistika Komitəsinin sədrinin müavini işləyib. Ancaq az sonra F.Məmmədov onu çətirinin altına alıb və özünə müavin təyin etdirə bilib. Onun Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləcəyi gözlənilir.


Vergilər nazirinin müşaviri Fəxrəddin Qəmbərov uzun müddət prokurorluq orqanlarında işləyib. F.Məmmədovun yaxın dostu və etibarlı kadrı olan F.Qəmbərov Vergilər Nazirliyinin istintaq idarəsinə rəhbərlik edib. Hazırda əsas qeyri-rəsmi missiyası nazirin Qərb bölgəsində olan biznesini idarə etməkdir. Əslən Qərb bölgəsindən olan F.Qəmbərovu F.Məmmədov bölgənin mərkəzi şəhərinin - Gəncənin icra hakimiyyətinin başçısı postunda görmək istəyir".

Həmin yazıda A.Məmmədovun nazirin biznesini idarə edən əsas fiqur olduğu da qeyd edilirdi. Bildirilirdi ki, F.Məmmədov onu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin etdirməyə çalışır. Görünür, nazir güvəndiyi kadrı qeyri-rəsmi qubernatorluğuna daxil olan  Şəmkirə başçı göndərməklə onun sonrakı təyinatlarına əsas yaradır. Bundan başqa, hazırda Rusiya ilə ticari əlaqələrə yenidən geniş şərait yaranıb.
Bu şərait sözsüz ki, Rusiyanın meyvə-tərəvəz bazarlarında dominant mövqe tutan şəmkirli biznesmenlərin gəlirlərini birə on artıracaq. Belə bir vəziyyətdə vergilər nazirinin Sumqayıta başçı göndərmək niyyətində olduğu kadrın Şəmkirə başçı göndərilməsinə razılıq verməsi də başadüşüləndir. Sumqayıt sahibkarlarının qənimi, Bakıda sahibkarları müflis olmaq həddinə çatdıran məmurun sədasını tezliklə şəmkirli biznesmenlərin dilindən eşidəcəyik.   
Məsələnin maraqlı tərəflərindən biri də budur ki, Alimpaşa Məmmədovun, nazir F. Məmmədovun digər yaxın  adamı olan Xaləddin İsgəndərovla (Binəqədinin icra başçısı), münasibətləri yaxşı deyil. 

Bu barədə növbəti saylarımızda.

E.HÜSEYNOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR