İnsanlara hürriyət, millətlərə istiqlal!

Səməd Seyidovun AŞPA nümayəndə heyəti sədrliyindən çıxarılması xəbəri yayıldı

2607 01.02.2016 08:10 Ölkə A A
Diplomatik mənbələrdən haqqın.az saytına bildirildiyinə görə, Səməd Seyidov AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Məlum olub ki, britaniyalı deputat Robert Volterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsinin müzakirəsinə cəmi bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.

Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.

Robert Volterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.

Saytın yaydığı xəbərə görə, bundan sonra qərara alınıb ki, Səməd Seyidov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılsın. Onun yerinə isə son seçkilərdə mandat qazanmış deputat Vüsal Hüseynov təyin olunub. 35 yaşlı Vüsal Hüseynov Harvard Universitetinin məzunudur. Müxtəlif dövrlərdə Prezident Administrasiyasında çalışıb və Korrupsiya ilə mübarizə üzrə komissiyanın katibi olub. 2015-ci ildə Ucar rayonundan deputat seçilib.



Bazar günü olduğundan məsələyə Milli Məclisin və XİN-in mətbuat xidmətlərindən münasibət öyrənə bilmədik. Səməd Seyidov isə mobil telefonunu söndürdüyündən onunla əlaqə saxlamaq mümkün olmadı. 

Nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında S.Seyidovun barəsində yayılan xəbərə belə reaksiya verdi: “Səməd Seyidovun orda kifayət qədər nüfuzu və təcrübəsi var. Onun AŞPA-dakı çıxışları, məsələlərə yanaşması kifayət qədər təsiredicidir. Əslində belə bir qərar verilsə, bu, nümayəndə heyətinin xeyrinə olmaz və doğru addım hesab etmərəm. Onun qabiliyyətindən istifadə edilməsi, məncə, dövlətimiz üçün faydalı olar. Çünki onun təcrübəsinə orda böyük ehtiyac var. Səməd müəllim də kifayət qədər Azərbaycanın maraqlarını müdafiə edir. Məncə, belə bir şey olmamalıdır”. 

F.Mustafa S.Seyidovun qış sessiyasında iştirak etməməsini onun xəstəliyi ilə əlaqələndirdi: “Səməd müəllimin dizində nəsə problem var idi, xaricdə müalicə olunurdu. Onun yerinə Vüsal Hüseynov əvəzedici müavin kimi iştirak etdi. Yəqin səhhəti ilə bağlı özü sessiyada iştirak etməyib. Odur ki, belə bir məsələnin olmasını ehtimal etmirəm”. 


Deputat həmkarının AŞPA-ya yazdığı məktubun mətnindən xəbərsiz olduğunu, odur ki, mediada yayılan məsələlər barədə bir söz deyə bilməyəcəyini vurğuladı: “Bildiyim odur ki, o, səhhətinə görə sessiyaya qatıla bilməyib”. F.Mustafa bildirdi ki, S.Seyidov sessiyada iştirak etmədiyi üçün AŞPA-nın iclasları barədə Milli Məclis qarşısında hesabatı da o yox, iştirakçı deputatlardan biri verəcək: “Vüsal Hüseynov da kifayət qədər savadlı, ağıllı yoldaşdır, normal fəaliyyət göstərir”.  

Qeyd edək ki, beynəlxalq qurumlardakı nümayəndə heyətləri parlamentin iclaslarında formalaşdırılır. Odur ki, S.Seyidovla bağlı məsələyə də Milli Məclisin 1 fevralda başlayacaq yaz sessiyasının ilk iclasında aydınlıq gətiriləcəyi gözlənilir. Milli Məclisdən aldığımız məlumata görə, əgər format və nümayəndə heyətinin rəhbəri dəyişəcəksə də, bu, parlament iclasında baş verəcək. 

Yazı çapa hazırlanarkən Haqqın.az saytına Milli Məclisdəki mənbələrə istinadən yazıya əlavəsini etdi. Bildirilir ki, gələcək sessiyalarda Səməd Seyidov nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətini davam etdirəcək.

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR