İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümovun məhkəməsi 18-ci dəfə təxirə salındı – 3 SƏBƏB

985 06.09.2023 14:53 Kriminal A A

 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan məhkəmə tarixində yeganə arestantdır ki, məhkəməsi nə az, nə çox, düz 18 dəfə təxirə salınıb. Hələ ki, sabiq nazirin bu anti-rekorduna çatan təqsirləndirilən şəxs yoxdur. O, dövlətdən oğurladığı 25 milyon manatı geri – dövlət büdcəsinə qaytarmağı ilə də adını məhkəmə tarixinə yazdırmağı bacarıb.

Musavat.com xəbər veror ki, bu gün, sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Prosesin təxirə salınması səbəblərindən biri zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsinin iştirak etməməsi, digəri isə müdafiə tərəfinin vəsatəti ilə bağlı olub. Hakim Faiq Qəniyev deyib ki, zərərçəkmiş qurumun nümayəndəsinə növbəti iclasda iştirakının vacib olması ilə bağlı yazılı bildiriş göndərilməlidir. Sabiq nazirin müdafiəçiləri - Ayxan Hüseynzadə və Toğrul Vəliyev isə protokollarla tanış olmaq üçün onlara vaxt verilməsini istəyiblər. Məhkəmə həm zərərçəkmiş qurumun hüquqi varisinin iştirak etməməsinə, həm müdafiəçilərin vəsatətini nəzərə alaraq prosesin təxirə salınmasına qərar verib. Məhkəmədə o da bəlli olub ki,  hakimlərdən birinin məzuniyyətə çıxması zamanı da yetişib. Hakim yaxın 25 gün ərzində məzuniyyətdə olacaq. Bu məsələ də nəzərə alınaraq növbəti məhkəmə prosesi oktyabrın 4-ə kimi təxirə salınıb.

Qeyd edək ki, Səlim Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.  Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Səlim Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sonradan isə barəsində ev dustaqlığı qərarı verilib. Səlim Müslümov digər vəzifəli şəxsləri ilə mütəşəkkil şəkildə böyük korrupsiya cinayətləri törətdiklərini boynuna alıb. Səlim Müslümov oğurladığı 20 milyon manatı geri qaytarıb. Məhkəmənin gedişatında isə onunla işbirliyində olmuş şirkətlərin əvəzindən 4 milyon 500 min manatı da ödəməklə cinayətlərin mütəşəkkil qaydada törədilməsini etiraf etmiş olub.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR