Səlim Müslümovun əmrləri geri oxutdurulur
Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov rəhbərlik etdiyi nazirlikdə aparmaq istədiyi kadr islahatları ilə bağlı güclü müqavimətlə üzləşib. Hətta iş o yerə çatıb ki, nazir açıq keçirdiyi iclasda nazirliyin tabeliyindəki 14 Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrlərini elə zaldaca işdən qovsa da indi aydın olur ki, onların əksəriyyəti hələ də işlərinin başındadır. Bu barədə “Reytinq” qəzeti xəbər yayıb.
Qəzetin yazdığına görə, yeni nazir apardığı islahatlarla bağlı həm nazirlik daxilindən, həm də kənardan ciddi təzyiqlərlə üzləşib. Açıq iclasda Səlim Müslümovun qovduğu şəxslərin bəzilərinin hələ də işlərinin başında olmasından belə çıxır ki, nazirin sözü tabeliyindəki şəxslər üçün keçərli olmayıb. Bəziləri bu faktı əsas gətirib nazirin “şou” ilə məşğul olması, digər bir qrup isə yeni nazirin “köhnə”lərdən “hesab” yığmağa çalışması ilə əlaqələndirir.
Lakin məsələ göründüyü və ya deyilənlər kimi deyil. Səlim Müslümov həqiqətən nazirlikdə aparmaq istədiyi dəyişikliklərlə bağlı ciddi müqavimətlə qarşı-qarşıya qalıb. Məlum iclasda yaşananlardan sonra hansısa TSEK rəisinin vəzifədə qalması bu gün Səlim Müslümovun imicinə sarsıdıcı zərbədir.
Məlumatda həmçinin bildirilir ki, bəzi TSEK sədrlərinin himayədarları çox güclüdür və onlar nazirin əmrini geri oxutdurmağa nail olublar. Bunun nəticəsidir ki, bir neçə TSEK sədri, o cümlədən mərkəzi qərargahı İmişlidə yerləşən regional TSEK-in sədri Məmmədəli İbrahimov bu gün də vəzifəsini icra edir. Onun nazirə necə müqavimət təşkil etməsi haqqında bir çox informasiyalar var.
Qəzetin xəbərində Səlim Müslümovun digər 13 TSEK üzrə sədr təyinatları aparmamasının da qeyri-müəyyənliyə səbəb olduğu deyilir. Bildirilir ki, təyinatların hələ də aparılmaması Müslümovun qovduğu sədrlərdən bəzilərinin də vəzifəsində qalacağı ehtimalını artırıb.
Məlumata görə, S.Müslümov onu əmrini geri oxutdurmağa məcbur elətdirən TSEK sədrlərindən bir neçəsini sərt şəkildə “vurmaqla” üzləşdiyi xoşagəlməz vəziyyətdən çıxmağa və nüfuzunu qorumağa çalışır. Müslümov çox gözəl bilir ki, TSEK sədrləri ilə bağlı üzləşdiyi bu vəziyyət onun gələcəkdə nazirlikdəki “statusu”nun müəyyən edilməsində böyük rol oynayacaq.
Yəni nazir olsa da onun sayılıb-sayılmaması bu yöndəki qərarlarına göstərilən münasibətdən asılı olacaq. Ona görə də bir neçə TSEK sədrini yoxlatdırıb faktları prokurorluğa təqdim etməklə onları ağır şəkildə cəzalandırmaq istəyir. Bununla da hazırkı qeyri-müəyyənliyi unutdurmaq və nüfuzunu qorumağa çalışır. Elə 14 TSEK üzrə yoxlamaya start verilməsi və Yevlax TSEK-inin sədri Şahin Hüseynovun xüsusi yoxlanılması haqda deyilənlər də belə düşünməyə əsas verir.
Onu da qeyd edək ki, Səlim Müslümovun ciddi əks-sədaya səbəb olmuş məşhur açıq müşavirəsində zaldan qovduğu məmurların bəzilərinin foyedəcə hansısa himayədarlarına zəng etdikləri və kömək istədikləri barədə hadisənin şahidi olan adamlar xəbər yaymışdılar.
Görünür, nazirin qəzəbinə tuş gələnlərin içərisində qüdrətli himayədarı olanlar var imiş. Belə olmasaydı, müşavirədə prezident İlham Əliyevə arxalanaraq, onun tapşırığı əsasında nöqsanlara qarşı amansız mübarizəyə başladığını, islahatlar aparacağını bəyan edən Səlim Müslümovu hansısa sıradan bir məmur əmrini geri oxutdurmağa məcbur etməzdi.
Nazir belə bir addımı atmağa əgər məcbur olubsa, şübhəsiz ki, ona çox ciddi instansiyaların birindən təzyiq olub. Səlim Müslümovun bu cür təzyiqlərin qarşısında duruş gətirməsi və islahatları davam etdirə bilməsi üçün isə ona ölkənin birinci şəxsinin və cəmiyyətin ciddi dəstəyinin olması vacibdir. Əks halda hər şey yarımçıq qalacaq və əvvəlki vəziyyət qayıdacaq.
Etibar SEYİDAĞA






