Fondun mətbuat xidmətindən “Yeni Müsavat”a daxil olan məlumata görə, S.Müslümov bildirib ki, bu proses, yəni vaxtı bitmiş kartların yeniləri ilə əvəz olunması və ya tamamilə yeni kartların verilməsini Fonddan banklara keçirilməsi sisteminin təkmilləşdirilməsinə xidmət edir: “DSMF-nin Pensiya kartlarını hazırlayan və kartlara pensiyaları yükləyən təşkilatlarla arasında bir qurum olmasını düzgün saymırıq və bu kartların verilməsi funksiyasının birbaşa banklara keçməsi barədə qəti qərar qəbul etmişik”.
Beləliklə, bundan sonra pensiyaçılar müddəti bitmiş kartlarını müvəkkil bankın müvafiq ərazidə olan filialından ala biləcək. Məsələn, Bakıda bu proseslə Azərbaycan Beynəlxalq Bankı məşğuldur və onun filialları artıq kartların verilməsinə başlayıb. Hazırda artıq mart və aprel aylarında müddəti bitən ümumi sayı 90 mindən artıq olan plastik kartların yeniləri ilə əvəz edilməsi prosesi gedir. S.Müslümov bildirib ki, həmin proses yenicə başladığından pensiyaçılar arasında ajiotaj yaransa da, hər hansı bir narahatlıq üçün əsas yoxdur. Belə ki, artıq pensiyaçılar öz köhnə kartlarını harasa təqdim etməməlidir, çünki hər kartın bitmə vaxtı banka məlumdur və mart-aprel aylarında müddəti bitən kartların əvəzi artıq hazırlanıb və pensiyaçılar onları istənilən vaxt bankın qeydiyyat üzrə ərazidə yerləşən filialında ala bilərlər. S.Müslümov bildirib ki, Bakıda ABB-nin hər bir bankomatı yanında ABB-nin filiallarının ünvanlarının siyahısı yapışdırılıb.
Mətbuat konfransında iştirak edən ABB-nin İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev bəyan edib ki, bankın pensiya paylanmasında artıq ciddi təcrübəsi var və kartların paylanması prosesi da uğurla keçiriləcək. E.Mustafayev bildirib ki, indiki vaxtda, yəni mart-aprel aylarında müddəti bitmiş kartların yeniləri ilə əvəz edilməsi ilə əlaqədar yaranan ajiotajı aradan qaldırmaq üçün ABB-nin filialları tam həftə ərzində işləməyə hazırdır. E.Mustafayev həmçinin bildirib ki, bank ilin sonuna kimi bankomatların sayını 1 minə çatdırmaq niyyətindədir.
Hazırda Azərbaycan Beynəlxalq Bankının Yasamal filialında 22 min təqaüdçünün kartının dəyişdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, aprelin əvvəlində DSMF ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib. Tenderdə iştirak edən ödəniş təşkilatları qarşısında bir sıra yeni tələblər qoyulub və onlardan ən əsası ondan ibarət olub ki, artıq plastik kartların pensiyaçılara çatdırılmasını Sosial Müdafiə Fondunun şöbələri yerinə yetirməyəcək, həmin proses bilavasitə tenderdə qalib gələn bankın filialları tərəfindən icra olunacaq. Tenderdə Azərbaycan Beynəlxalq Bankı, «Kapital Bank» və «Texnikabank» iştirak edib.
Günay MUSAYEVA






