H.Manaflı bildirdi ki, Sahib Kərimovun Adil Qeybulla barədə fikirləri əsassızdır. Şəkidəki bütün müsavatçılar məhz Adil bəyin namizədliyini dəstəkləyir. H.Manaflı qeyd etdi ki, S.Kərimov 2005-ci il parlament seçkilərində 115 saylı dairədə həqiqətən yüksək səs toplayıb. Ancaq bu heç də o demək deyil ki, o, Adil bəydən nüfuzludur: “Sahib bəyin 2005-ci ildə yüksək səs toplamasının əsas səbəbi Şəki müsavatçılarının onu dəstəkləməsi, ”Azadlıq" seçki blokunun vahid namizədi olması idi. Müsavatçıların dəstəyi olmasa, onun 2005-ci ildə topladığı səsin yarısını belə toplaya bilməsi mümkün deyil. Biz bu reallığı nəzərə alıb Adil Qeybullanı dəstəkləməkdə israrlıyıq. Adil Qeybulla kimi bütün Şəkidə hörmətli şəxsi qoyub Sahib Kərimovu və ya başqasını müdafiə etməyimiz mümkün deyil".H.Manaflı Müsavatın Şəki təşkilatının A.Qeybullaya 113 saylı dairəni təklif etdiyi haqda S.Kərimovun dediklərinin doğru olduğunu açıqladı: “Düzdür, belə bir təklif vermişik. Ancaq bu, xeyli müddət əvvəl olub. Adil bəy 115 saylı dairədən namizəd olacağını bizə bildirdikdən sonra onunla razılaşmışıq. Adil bəyin yüksək səs qazanacağına əminik”.
Bu arada Adil Qeybulla APA-ya açıqlamasında AXCP funksionerini “qara piar” aparmaqda günahlandırıb: “Bizim hədəfimiz Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə nail olmaqdır. Seçkidə öz davranışımızla da ortaya nümunə qoymalıyıq. Ancaq eyni blokdan olan namizədin heç bir əsası olmayan bu cür səviyyəsiz ”qara piar"dan istifadə etməsi məni çox təəssüfləndirir. Mən bu cür səviyyəsiz çıxışa reaksiya vermək istəmirəm".
Dünən bir daha Sahib Kərimovla əlaqə saxladıq. O, Adil Qeybullaya qarşı “qara piar”dan istifadə etməsi barədə deyilənlərlə razılaşmır: “Bu, onun şəxsi mövqeyidir... Sadəcə olaraq Müsavat-AXCP münasibətlərinə zərər gələ biləcəyini nəzərə alıb qarşılıqlı polemikanı dərinləşdirmək istəmirəm. Bu polemikanı tərəfimdən dayandırıram”.






