İnsanlara hürriyət, millətlərə istiqlal!

Səidədən sərt sözlər: “Onlara görə biz əxlaqsız kimi qələmə verildik” – Fotolar, Video

2403 19.01.2019 20:58 Şou-biznes A A

Müğənni Səidə Sultan musavat.com saytının suallarına cavab verib. Onunla yeni klipindən, şou-biznesin durumundan, sənət adamlarının fəaliyyətindən danışdıq:

- “Kin” adlı mahnı və klipinizi təqdim etdiniz. Reaksiyalar sizi qane etdimi?

- Klipin ideyası özümün idi, rejissor Nicat Zeynallıdır. Hər detalın üzərində ciddi dayanmışdım. Düşüncələrimi dedim, Nicat da sağ olsun, istədiyimi mənə verdi. Özüm çox bəyəndim, maraqlı iş oldu. Nicatın işini də sevirəm, istedadlıdır. Onun daha çox ön plana çıxması lazımdır. Çünki istedadlılar kənara çəkiləndə zövqsüzlük baş alıb gedir.

- Müğənni Nura Suri də dedi ki, sənəti olan müğənnilər kənara çəkildiyi üçün bayağı, zövqsüz ifaçılar, mahnılar gündəmi zəbt edir. Ona görə artıq hərəkətə keçmək lazımdır.

- Haqlıdır. Dayanmaq lazım deyil. Biz, yəni estrada müğənniləri, sənəti, səsi olan sənətçilər üzdə olmalıdır ki, musiqimiz batmasın. Gələcək nəslə hansı mahnıları ötürürük? Biz zövqsüzləşməyin qarşısını almalıyıq, bu bizə yaraşmır.

- Səidə həmişə sərt, sözü üzə deyən ifaçı olub. Amma ötən həftə “Bizimləsən” verilişində tamaşaçılar tam başqa, kövrək Səidəni gördülər.

- Bilmirəm necə oldu, bir də baxdım ki, verilişdəyəm. Zahid Sabirabadlının xanımının durumu mənə çox pis təsir etdi. İnsanlıq ölməməlidir. Efirə çıxıb sözümü dedim.

- Tanınmış simaların efirə çıxıb yardım istəməsi birmənalı qarşılanmır.

- Bu kimin nə istədiyinə baxır. O qədər kasıblıq çəkən aktyor və aktrisalarımız var ki, onlara edilən kömək halal olsun. Bəziləri isə xalqın sevgisindən istifadə edir. Xalq insanı sevib, dəyər verirsə, o sevgidən yun yumağı olmalısan. Xalq sevgisindən istifadə etmək olmaz. Xalqdan pul yığıb ev almaq olmaz. İçimizdəki niyyəti Allah bilir. Zahidin yoldaşının niyyətinin düz olduğunu düşünürəm. Onlara kiçik yardım etdim, xalqın daha çox sevgisini qazandım. Içdən olan hərəkətlər efirdən yansıyır və insanlar səni səmimiliyinə görə sevir və ya riyakarlığına nifrət edir. Xalqın sevgisindən istifadə etmək, qudurmaq, “tripaşlıq” etmək olmaz.

- İllərlə efirdəki Səidə fərqli olub və ya görünüb. Sanki, son 2-3 ildə isə insanların qarşısında daha səmimisiniz, iç dünyanızı onlara göstərməkdən çəkinmirsiniz.

- Mənim ürəyim yuxadır. İllər öncə gənc idim, kim nə desə, qabağa atılıb, cavab verirdim. Indi insanlar məni daha yaxşı tanıyır. O zaman tamaşaçı üçün təzə qonaq idim, sərt hərəkətlərim onları qıcıqlandırırdı. İndi isə biz bir-birimizi yaxşı tanıyırıq.

- İndi sosial şəbəkələr çox populyardır, məşhur olmaq istəyən efirə çıxmasa da, populyar ola bilir. Yəni tanınmaq daha asandır. Bəzi sənət adamları da narazılıq edir ki, bizim vaxtımızda tanınmaq asan deyildi.

- Onlar haqlıdır. Biz efirə çıxmaq üçün çətinliklərdən keçirdik. Qaydalar, pul tələbləri bizi televiziyadan uzaq salmışdı. 2000-ci illər çox sağlam dövr oldu, müasirlik vardı, şou, sənət yüksəldi, müğənnilərə hörmət vardı. Sonra bəzi şou nümayəndələri efirə gəldi, sənəti ucuzlaşdırdılar, ailələrini gündəmə gətirdilər, tərbiyə baxımından problemli insanlar müğənniləri hörmətdən saldılar. Sözbazlığa apardılar şou-biznesi, bütün mətbəxi tamaşaçıya göstərdilər. O zaman tanınmaq çox çətin idi. Pul əsas rol oynayırdı, efirlər pullu idi. Pul gücünə müğənnilər efirə çıxırdı, düşünürdülər ki, hansı yolla olur-olsun efirdə olmalıyam. O dövrdə mən arxada qalmışdım. Pulum yox idi, kənarlaşmışdım. İndi tanınmaq asandır. Bir mahnı ilə sosial şəbəkədə məşhurlaşa bilirsən.

- Düşünürəm ki, bütün qarışıqlığın günahı müğənnilərdə idi, onlar özlərini yuxayıxan, əxlaqsız kimi təqdim edirdilər.

- Düşünmürəm ki, müğənnilərdə günah vardı. Onlar vasitəçi idi. Şou-biznesi idarə edənlərə görə müğənnilər əxlaqsız kimi qələmə verildi. Məşhur olmaq üçün müğənnilər də hər yola əl atdılar. İndi isə hamı hamını çox yaxşı tanıyır. İnsanlar çox ayıqdır, indi tamaşaçını aldatmaq olmur. Musiqi telekanalımız var, işimizə dəyər verilir. “MUZ TV”nin başında Rəhim Rəhimlidir, işi bilir, dəyərli işlərə qiymət verir. İşimizə qarşı hörmət gördüyümüz üçün həvəslənirik, klip çəkdirib, mahnı yazdırırıq. Gözəl rəqabət var.
Bir məsələni də deyim ki, müğənnilər yeniliyə açıq olsunlar, kimdənsə kopyalamayaq. Yenilikdən, dəyişiklikdən qorxmayaq.

Könül İbrahim
Fotolar və video Elçin Əkbərovundur.
Musavat.com

 

e1305941-74d6-461e-b827-b5311cc5a10c.jpg (197 KB)

10f6f6cb-9b41-4043-9734-05c0a87e7ee3.jpg (190 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR