Səhiyyə Nazirliyi küçədə səhhəti pisləşən yaşlı şəxsə tibbi yardım göstərilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan video görüntülərə münasibət bildirib.
Hadisə bu gün səhər saatlarında Bakıxanov küçəsində, “Dostluq” kinoteatrının yaxınlığında baş verib. İddia edilir ki, səhhəti pisləşən yaşlı kişi yol kənarında uzadılıb, ərazidən təcili tibbi yardım maşını keçsə də, sürücü maşını saxlamayıb, xəstəyə yardım göstərilməyib.
Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, yaxınlıqdan keçən təcili yardım maşını nasazlıq səbəbindən qaraja gedirmiş. “Maşında tibbi heyət olmayıb, sürücü maşını saxlasa belə yardım göstərə bilməzdi”, -nazirlikdən əlavə ediblər.
Həmin şəxslə bağlı təcili yardım xidmətinə saat 11:35-də çağırış daxil olub, həkimlər isə hadisə yerinə saat 11:47-də çatıblar. Yolda səhhəti pisləşən 71 yaşlı Seyfulla Verdiyevə ilkin tibbi yardım göstərilib, o Tibbi Klinik Xəstəxanaya aparılıb.






