İyirmi Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı ölkə ictimaiyyəti, sadə vətəndaşlar artıq bu gündən etibarən Şəhidlər Xiyabanını ziyarət etməyə başlayıblar.
Musavat.com-un məlumatına görə, Xiyabanda hüzn günü ilə bağlı görülən tətbirlər, aparılan hazırlıq işləri də artıq yekunlaşmaq üzrədir.
Faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Xiyabanın girişindəki bu kompozisiyanı güllərdən döşənən xalça və məzarlaradək divarlarda səkkizguşəli ulduzların üzərinə vurulan bir cüt qərənfil tamamlayır. Ziyarətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşlarının da olduğunu gördük. Eyni zamanda müxtəlif dövlət və özəl qurumların nümayəndələri də yanvarın 19-da e Şəhidlər Xiyabanını ziyarət ediblər. Eyni zamanda xiyabanda övladlarının məzarlarını ziyarət edən xeyli şəhid valideyni də gördük...
Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri tam olaraq yanvarın 19-da, yəni bu gün başa çatacaq. Hazırda Şəhidlər abidəsinin önünə vətəndaşlar buraxılmasa da, sabahdan etibarən ziyarət maneəsiz olacaq. Müşahidə etdik ki, ərazidə polislər xidmət aparır, təcili tibbi yardım maşını dayanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da Şəhidlər Xiyabanının qarşısında xidmət aparırdı.
V. Əsədov Musavat.com-a bildirdi ki, yanvarın 20-də səhər saatlarından Şəhidlər xiyabanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq: “20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlamanet prospetki ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyyə olunur”.
Xatırladaq ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sərəncama əsasən paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.
Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()






