İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Xudayar Yusifzadənin səsləndirdiyi “Vətən yaxşıdır” mahnısının tarixi haqqında maraqlı faktlar

12311 30.11.2020 21:38 Mədəniyyət A A


Əlibaba Məmmədov: “Çox sevinirəm ki, bu mahnım xalq tərəfindən hələ də sevilir”

22 yaşlı şəhid gizir Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı günlərdir ki, sosial şəbəkələrdə ən çox izlənilən videodur. Xudayar Yusifzadə Vətən müharibəsində qəhrəmanlığı, şücaəti ilə birlikdə öz gözəl, məlahətli səsi ilə də döyüş yoldaşlarına dəstək olub.

Xatırladaq ki, Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, daha sonra isə şəhid olub. Onun ifasını bir çox tanınmış musiqiçilər müşayiət edərək, əbədiləşdiriblər.



Bəs günlərdir ki, dilimizdən düşməyən “Vətən yaxşıdır” mahnısının müəllifləri kimlərdir? Mahnının ilk ifaçısı kim olub?


Musavat.com olaraq bu barədə kiçik araşdırma apardıq. Məlum oldu ki, mahnın sözləri Azərbaycanın məşhur qəzəlxanı Əliağa Vahidə, musiqisi isə ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədova məxsusdur. Mahnını ilk dəfə elə ustad xanəndənin özü ifa edib.
Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu mahnının sözləri yaranır.

Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə mahnı bəstələyir. "Terek" sözünü "xəzər"  ilə əvəz edir.

2020--1580904665.jpg (241 KB)

Məsələ ilə bağlı ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun rəyini öyrənməyə çalışdıq. Ustad Xanəndə mahnını 1960-cı ildə yazdığını dedi:

“Bu mahnını 1960-cı ildə yazmışam, ilk ifaçısı da özüm olmuşam. Məndən sonra bu mahnını demək olar ki, bütün məşhur ifaçılar oxuyublar. Hətta həmin illərdə Təbriz radiosu ilk olaraq mənim mahnım ilə günə başlayır, daha sonra isə “Danışır Təbriz” deyirdi.

Bəziləri deyir ki, mən mahnının sözlərində dəyişiklik etmişəm. Amma belə deyil, Əliağa Vahid necə yazmışdısa, mən də o cür saxladım”.



Əlibaba Məmmədov şəhid Xudayar Yusifzadənin ifasından da söz açıb:

“Həmin şəhidin ifasını görmüşəm, gözəl oxuyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu vətənpərvərlik ruhunda olan mahnıdır. Əlbəttə, çox sevindim ki, mahnım xalqımız tərəfindən hələ də sevilir, yaddan çıxmayıb, yaddaşlardadır”.

Qeyd edək ki, adı çəkilən mahnı indi də bir çox tanınmış ifaçıların repertuarına daxildir. Onların arasında tanınmış xanəndələr Almaxanım Əhmədli, Babək Niftəliyev, Ehtiram Hüseynovun adlarını qeyd etmək olar.

Xanəndə Almaxanım Əhmədlinin mahnı haqqında bunları dedi:

““Vətən yaxşıdır” vətənpərvərlik mövzusunda yazılmış mahnıdır. İlk dəfə 4 il əvvəl repertuarıma daxil etmişəm. O gündən etibarən, efirlərdə, tədbirlərdə bu mahnını ifa edirəm”.

Musavat.com mahnının bəstəkarı və ilk ifaçısı Əlibaba Məmmədovun ifasında olan versiyanı təqdim edir.

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR