Hər iki hərbçinin meyiti dünən saat 12.00-da morqdan götürülərək “Təzəpir” məscidinə aparılıb. qafqazinfo.az saytının məlumatına görə, Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyindən məscidə kimi cənazələri böyük izdiham, həmçinin müvafiq dövlət qurumlarının nümayəndələri, Dövlət Yol Polisinin avtomobilləri müşayiət edib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə cənazələri qarşılayıb. Cənazələr məsciddə təyənnüm olunub. Meyitlər orada dini adət-ənənə ilə dəfn üçün hazırlanıb. Bundan sonra isə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə (TTM) aparılıb. Burada şəhidlərlə vida mərasimi təşkil olunub. Mərasimdə hərbçilərlə yanaşı minlərlə mülki şəxs də iştirak edib. Prezident İlham Əliyev də TTM-dəki vida mərasiminə qatılıb.
“Bu gün ağır, həm də şərəfli bir gündür”. Bu sözləri prezident İlham Əliyev şəhid olmuş hərbçi Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində çıxış edərkən deyib.
“Mən şəhidlərimizin valideynlərinə, onların qohumlarına, yaxınlarına başsağlığı verirəm. Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə oğlanlar böyütmüşdülər. Onların verdiyi vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaldıb. Bu aylar çox ağır keçdi. Siz övladlarınızı itirmisiniz. Bundan böyük dərd ola bilməz. Ancaq siz əsl vətəndaş kimi bəyan etmisiniz ki, Vətən uğrunda biz hamımız şəhid olmağa hazırıq. Təki vətən sağ olsun” - deyə prezident vurğulayıb.
Sonra hər iki şəhid qəhrəmanımızın cənazəsi II Fəxri Xiyabana aparılaraq orada dəfn olunub. qafqazinfo.az saytının Fəxri Xiyabanda olan əməkdaşının verdiyi məlumata görə, mərasimə minlərlə insan toplaşıb. İnsanlar şəhidlərin cənazələrini böyük izdihamla qarşılayıb. Dəfndə iştirak etmək üçün müdafiə naziri Səfər Əbiyev də Fəxri Xiyabana gedib. Dəfn mərasimində hərbi orkestr Azərbaycanın dövlət himnini səsləndirib, yaylım atəşi açılıb. Dəfndən sonra Səfər Əbiyev şəhidlərin valideynlərinə Azərbaycan Bayrağını təqdim edib.
Noyabrın 7-də isə prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama görə, şəhid F.Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülür.
F.Əhmədov 1986-cı il, yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhər Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi almaq üçün kurs keçib və istəyinə nail olub. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün F.Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da qaytarılıb.
***
“Bütün Azərbaycan xalqı üçün böyük itki idi, amma bununla bərabər bizim hər iki qəhrəmanlarımız vətənə qaytarıldı. Onlar ruhən əlbəttə ki, Peyğəmbərin (s) yanında - cənnətdədir. Onların ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm. Dövlət başçısının apardığı siyasət öz bəhrəsini verdi”.
Bunu jurnalistlərə açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyx deyib ki, şəhidlər məsciddə şəriət qanunlarına uyğun olaraq təyənnüm olunub, onların xatirəsinə namaz qılınıb. Onun sözlərinə görə, yaxın günlərdə QMİ tərəfindən cümə günlərinin birində onlara ehsan veriləcək.
Qeyd edək ki, srağagün saat 16:00 radələrində cəbhə xəttində Azərbaycan tərəfinə təhvil verilən iki şəhidin meyiti elə həmin gün Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitlər ekspertizadan keçirilib. Bu məqsədlə şəhidlərin valideynlərindən qan analizləri götürülüb.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, baş leytenant Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Məzarları nurla dolsun, məkanları behişt olsun!






