Xalq olaraq bu prosesə necə dəstək verə bilərik?
Vətən müharibəsində qazanılan tarixi qələbə xalqımız, dövlətimiz qarşısında həm də böyük vəzifələr, məsuliyyət qoyub.
Bu savaşda canından keçən, torpaqlarımızın hər qarışı uğrunda qan töküb, can alan şəhidlərimizin bizə əmanət qoyduqları ailələrinin və qazilərimizin maddi-məişət, sağlıq problemlərinin həlli, eyni zamanda 30 illik işğal dövründə darmadağın edilən Dağlıq Qarabağın bərpası.
Müharibə Ali Baş Komandanın rəhbərliyi altında aparıldığı kimi, bütün bu sonrakı proseslər də dövlət rəhbərinin diqqət mərkəzindədir. Hələ savaş davam edərkən, üfüqdə qələbə görünərkən bu işlərə başlanıldı, xalqımız öz ordusu və hərbçiləri üçün səfərbər oldu, dövlətə kömək əlini uzatdı. Rayonlar bir-bir azad edildikcə bərpa-quruculuq işlərinə başlandı. İndi isə proses daha sürətli mərhələyə keçib. Burada da xalq dövlətin yükünü bölüşməkdə, ona maddi, institutsional dəstək verməkdədir. İstər ayrı-ayrı vətəndaşlar, istər vətəndaş cəmiyyəti , istərsə də media hər bir problemə həssaslıqla yanaşır və həllinə çalışır.

İnsan amili həmişə ilk planda gəlir. Şəhid ailələri və qazilərimizin problemlərinin həlli istiqamətində ilk iş “YAŞAT” Fondunun yaradılması oldu. Prezidentin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondu artıq öz humanitar missiyasını həyata keçirməkdədir. Fondun əsas məqsədi şəhid ailələrinin və qazilərin, yəni hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün vətəndaş cəmiyyətinin səfərbər edilməsi məqsədi daşıyır. Eyni zamanda cəmiyyətin iştirakını təmin etməklə ictimai nəzarəti təmin edir. Fondun missiyası şəhid ailələri və qazilərimizin sosial müdafiəsinin təmin edilməsidir.
Şəhid ailələri və qaziləri “YAŞAT”maq borcumuz…
Hələ müharibə başa çatmamış şəhid ailələrinin, savaşda yaralanaraq əmək qabiliyyətini itirən hərbçilərimizin müalicəsi, gündəlik yaşam xərclərinin təmin olunması, məişət şəraitinin yaxşılaşdırılması, özünün və ya övladının təhsil haqqı, kredit borclarının ödənilməsi kimi məsələlər gündəmdə idi və ictimaiyyət nümayəndələri, millət vəkilləri belə bir fondun yaradılmasının zəruriliyini vurğulayırdılar. Cəmiyyətin tələbini nəzərə alan dövlət başçısı belə bir fondu yaratdı. Qeyd edək ki, Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Fondun fəaliyyətinin təşkili isə cəmiyyətdə şəffaflığı ilə ən çox nüfuz qazanan “ASAN” xidmətə həvalə edilib.
Müzakirə olunan məsələlərdən biri də vətəndaşların şəhid ailələri və qazilərimizə dəstək addımlarının mərkəzləşdirilməsi, institutlaşdırılması idi. “YAŞAT” fondu həm də bu missiyanı öz üzərinə götürüb. Fonda könüllü ödəmələr, ianələr köçürülməkdədir. Bu da xalqımızın 44 günlük müharibədə bir daha önə çıxan milli birliyinin göstəricisidir. Çünki hər bir vətəndaş qazanılan qələbəyə görə özünü şəhid ailələri və qazilərimiz qarşısında borclu görür. Fondun vəsaiti vətəndaşların, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar hesabına formalaşır.

Açıqlanan rəqəmlərə görə, qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri: məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsidir.
Əlbəttə, Fondun vəsaiti ianələr hesabına formalaşırsa, burada şəffaflıq mühüm amildir. Şəffaflıq, vətəndaşların inam və etibarı fondun fəaliyyətinin genişlənməsi üçün də önəmlidir.
Bu mənada Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 25 milyon manata yaxın toplanıb. Həmin vəsaitdən 15 milyon manatı manat fiziki şəxslər, təxminən 10 milyon manatı isə hüquqi şəxslər tərəfindən ödənilib. “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunması isə o deməkdir ki, onları bu işə daha böyük mənəvi bağlayır.
Müharibə iştirakçılarına dəstək, psixoloji yardım…
Mətbuatda müzakirə olunan məsələlərdən biri də müharibə iştirakçılarına mülki həyata qayıtdıqdan sonra maddi və psixoloji yardımların edilməsidir. Dövlətin diqqət və qayğısının hər bir müharibə iştirakçısına çatımlı olması üçün Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli qərarı ilə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı veriləcək. Bunun üçün komissiya yaradılıb. Hərbçilər tibbi sosial ekspertiza ilə təmin olunacaqdır. Komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir. Döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım göstəriləcəkdir. Bundan başqa, şəhid ailələri və qazilərimizin kredit borcları da silinir. Dövlət başçısının tapşırığı əsasında Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilib.

Bundan başqa, qazi və şəhid ailələri sosial sığortanın imkanlarından da faydalanır və faydalanacaqlar. Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinə vaxtında cavab vermək üçün AzSığorta şirkəti gücləndirilmiş iş rejiminə keçib. AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 milyon manatdan çox ödəniş edilib.
Azad edilən Qarabağı iqtisadiyyata qazandırmaq…
Dövlət qarşısında duran ən strateji məsələ işğaldan azad edilən ərazilərin, müharibədə dağıdılan şəhərlərimizin bərpası, zərərçəkən sakinlərə kompensasiyanın verilməsidir. Dövlətin bu istiqamətdə mühüm qərarları, görüləcək işlərə institutsional yanaşma proseslərin sürətləndirilməsi üçün çox vacibdir. Bu mənada prezidentin2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılması da 30 illik işğal dövründə dağıdılan şəhər və rayonlarımızın bərpasında, bu torpaqların iqtisadiyyata qazandırılmasında əsas maliyyə dayaqlarından biri olacaq. Ölkəmizdə yaşayan iş adamlarının, xaricdəki biznesmenlərimizin, milyonçuların Qarabağın bərpasına dəstək cəhdlərini təşviq etmək, bu prosesi təşkil edib mərkəzləşdirmək baxımından Qarabağ Dirçəliş Fondu əhəmiyyətli olacaq.

Sadəcə olaraq xarici ölkələrdəki diaspora təşkilatlarımız da bu istiqamətdə fəal olmalı, orada qəlbi Azərbaycanla döyünən iş adamlarının dəstəyini cəlb etməlidirlər. Minlərlə vətən oğlunun həyatı hesabına qazanılan o torpaqların tamamilə yenidən qurulması, orada infrastrukturun yaradılması hər kəskin bir nömrəli düşüncəsi olmalıdır. Dövlətin əsas xətti o torpaqları minalardan təmizlədikdən sonra müasir şəhər, qəsəbə və kəndlər tikmək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gətirmək, məcburi köçkünlərimizi daimi yaşayış yerlərinə qaytarmaqdır. Dirçəliş prosesində yeni iş yerləri açılması, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunması da hədəf götürülüb.
Müharibədə zərər çəkən şəhərlərin bərpası…
Qarşıda duran problemlərdən biri də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsidir. Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün hökumət tərəfindən Dövlət Komissiyası yaradılıb. Tərtərdə, Gəncədə, Bərdədə və digər şəhər və rayonlarımızda zərər çəkən vətəndaşlar dövlət qayğısı ilə əhatə olunmalıdır. Bu proses dövlətin nəzarətindədir. Belə ki, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 manat məbləğində yardım göstəriləcək. Hazırda yerli icra hakimiyyəti orqanları bu istiqamətdə iş aparır.

Qeyd edək ki, dövlət və xalq olaraq hər birimiz torpaq uğrunda canını, sağlamlığını qurban verən şəxslər, onların ailələri , övladları qarşısında borcluyuq. Hər birimiz bu prosesdə fəal olmalı, şəhid ailələri və qazilərimizin problemlərinin qaldırılmasında, onların səsini dövlət qurumlarına çatdırılmasında, görülən işlərə ictimai nəzarətin təmin olunmasında fəal olmalıyıq. Dövlət başçısının qərarı ilə həyata keçirilən işlərin lazımi şəkildə son məqsədə çatmasında ictimai nəzarətin, yəni hər bir vətəndaşın həssas yanaşmasının rolu böyükdür.
Nərgiz Liftiyeva,
Musavat.com






