“İşğalçı Ermənistan terrorçu dövlət olduğunu Gəncə şəhərində mülki insanların üzərinə qadağan olunmuş raketlər atması ilə bir daha göstərdi. Qarabağ cəbhəsində Azərbaycan əsgərinin qarşısında məğlub olan Ermənistan öz aləmində çıxış yolunu mülki vətəndaşlarımıza qarşı terror həyata keçirməkdə görürür”.
Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib. A.Əlizadə qeyd edib ki, Ermənistan Gəncəyə raket atmaqla Azərbaycan xalqında, Gəncə əhalisində qorxu, ruh düşkünlüyü yaradacağını düşünür. Ancaq tamamilə yanılır. Terrorçu dövlət qəhrəman gəncəliləri, xalqımızı bu yollarla ruhdan sala bilməz.
![]()
Bunu Gəncədə azyaşlı uşağı, anası raket zərbəsi nəticəsində həlak olan Gəncə sakininin “Təki Azərbaycan əsgəri, ordumuz sağ olsun” deyərək, hadisələrə verdiyi reaksiya da sübut edir: “Bizim qarşımızda heç bir mənəvi keyfiyyəti olmayan, məkrli düşmən var. Azərbaycan xalqı bu cür düşmənin olduğunun fərqindədir və düşmənin heç bir hiyləsi, həmləsi insanları qorxutmur. Terrorçu Ermənistanın terror aktları bizi daha da birləşdirir, bizi düşmənə qarşı mübarizəmizdə daha da ruhlandırır. Ona görə də Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi bilməlidir ki, bizi raket zərbəsi ilə sarsıda bilməzlər. Bu raket zərbələri Azərbaycan ordusunun torpaqlarımızı azad etmək əzmini daha da artırır. Azərbaycan əsgəri bütün həlak olan mülki vətəndaşlarımızın qisasını yeni-yeni ərazilərimizi sürətlə işğaldan azad etməklə alır və alacaq. Ermənistanın Gəncəyə və digər şəhərlərimizə hər bir raket zərbəsi Azərbaycan xalqını vətən uğrunda savaşda daha da birləşdirir”.
AMİP sədri vurğulayıb ki, terrorçu Ermənistan insanlığa qarşı cinayətlər törədir, bütün beynəlxalq konvensiyaları pozur. Dünya birliyi, xüsusən, ATƏT-in Minsk Qrupunun həmsədrləri, BMT və digər beynəlxalq təşkilatlar, dövlətlər buna reaksiya verməlidir, münasibətlərini ortaya qoymalıdır: “Təəssüflər olsun ki, dünya birliyi Ermənistanın işğalçılığına uzun illər göz yumub. Ona görə də, Ermənistan daha da azğınlaşıb. Minsk Qrupu cinayətkar fəaliyyətsizlik göstərməklə işğalçıya əl-qol açmağa şərait yaradıb. Onların bu cinayətkar fəaliyyətsizliyinin nəticələri ortadadır. Ona görə də Azərbaycan indi beynəlxalq birlikdən, Minsk Qrupundan Ermənistanın Gəncə və digər Azərbaycan şəhərlərində mülki əhalini raket atəşinə tutmasına münasibət bildirmələrini tələb etməlidir və yəqin ki, bu tələb ediləcək. Dünya ölkələri, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırlmalıdır ki, münasibətlərini ortaya qoysunlar və kimin terrora necə münasibətinin olduğu tam aydın olsun. Ermənistan və onun terrorçuluğuna havadarlıq edən siyasətçilər, dövlətlər beynəlxalq məhkəmələr qarşısında cavab verməlidirlər. Yəqin ki, Azərbaycan müharibə başa çatandan sonra bu məsələni beynəlxalq məhkəmələr qarşısında rəsmi qaldıracaq”.
Etibar Seyidağa,
Musavat.com






