İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səhər saat 10-a 5 dəqiqə qalmış məlumat aldıq ki, kəndimiz azad edilib”- Umud Rəhimoğlu FOTO

3162 28.09.2020 12:27 Ölkə A A

27 sentyabrda Azərbaycan ordusunun Ermənistanın işğalından azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndidir.

27 ildir yurd həsrəti ilə yaşayan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu ilk qələbələrimizlə bağlı təəssüratlarını Musavat.com-un əməkdaşı ilə bölüşüb.

1961-ci ildə Aşağı Əbdürrəhmanlı kəndində anadan olan U.Rəhimoğlu bildirib ki, sevincinin həddi-hüdudu yoxdur: “Səhər saat 10-a 5 dəqiqə qalmış artıq məlumat aldıq ki, bizim kəndimiz qəhrəman ordumuz tərəfindən düşmən işğalından azad edilib. Gün ərzində yüzlərlə zənglər olub, çoxsaylı təbriklər var. Yəqin ki, uyğun bir zamanda Füzuliyə gedib, doğma yurdu ziyarət edəcəyəm”.

U.Rəhimoğlu bildirib ki, hazırda cəbhə bölgəsindədir: “Ən başlıcası budur ki, insanlarımızda böyük ruh yüksəkliyi var. Yolboyu gözəl anları müşahidə etdim, qələbə xəbərləri gəldikcə, sanki insanlarımız bir az da doğmalaşıb, bir-birinə həssas olub. Hər kəs sevincini bir-biri ilə bölüşmək istəyir. İllərlə həsrətində olduğumuz bir gün yetişib. Aşağı Əbdürrəhmanlının azad olunması ilə yanaşı, biz istəyirik ki, Azərbaycanın işğal altında olan hər bir bucağı, hər qarış torpağı öz azadlığına qovuşsun. Allah əsgər və zabitlərimizin üzərində yar olsun. Biz inanırıq ki, qüdrətli ordumuz dostlarımızın, qardaşlarımızın dəstəyi ilə, köməyi ilə illərlə üzləşdiyimiz bu böyük bəladan bizi xilas edəcək, inşallah!”

Qeyd edək ki, U.Rəhimoğlu 4 il öncə, 2016-cı ilin dekabrında dünyasını dəyişən mərhum atasının vəsiyyətinə uyğun olaraq, onu məhz Aşağı Əbdürrəhmanlı kəndinin ordumuzun nəzarətində olan qəbiristanlığında dəfn etmişdi. Məlumat üçün bildirək ki, kənd Füzuli şəhərinin 16-17 kilometrliyində yerləşir.

U.Rəhimoğlu bildirdi ki, atasının və özünün torpaqların azad olunacağına daim inamı olub: “2016-cı ilin dekabrında, axşam saat 8-də biz telefon işıqlarının altında, əsgərlərimizin dəstəyi ilə atamı erməni snayperlərinin 150 metrliyində dəfn etmişdik. Atam torpaqların azadlığını gözləyə-gözləyə dünyasını dəyişdi və son nəfəsində də dedi ki, məni orda dəfn edin. Həmişə də bilirdi ki, o torpaqlar azad olunacaq, bu məsələ ilə bağlı həmişə nikbinliyi var idi. O nikbinliyi övladlarına da keçirmişdi. Biz bilirdik ki, bir gün torpaqlarımıza qayıdacağıq”.

67511.jpg (53 KB)

Elşad Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR