Bakıda fəaliyyət göstərən teatrların fəaliyyətində canlanma hiss olunur. Mədəniyyət ocaqları COVİD səbəbindən uzun müddət qapalı qalmışdı. Bu müddətdə tamaşalara tamarzı qalan vətəndaşlar bir neçə aydır ki, teatrlara gedə bilirlər.
Bəs bu həftə teatrlarda hansı əsərlər oynanılacaq?
Tamaşaların afişasını təqdim edirik.
19 yanvar saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ xalq artisti Fikrət Əmirovun “Sevil” operası nümayiş olunacaq. Fikrət Əmirov “Sevil” operasını yazarkən azərbaycanlı dramaturq Cəfər Cabbarlının “Sevil” pyesindən təsirlənib. Operanın mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan Azərbaycan qadınının taleyi durur.
Sevilin taleyi Azərbaycan qadınlarının taleyi kimi təsvir edilir.
İlyas Əfəndiyevin müəllifi olduğu “Qarabağnamə” dramı 19 yanvar saat 19:00-da Akademik Milli Dram Teatrında nümayiş olunacaq.
Dram əsəri xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardıgı mübarizənin, milli birliyin bədii və obrazlı tərənnümüdür.
Samir Qulamovun eyniadlı pyesi əsasında ərsəyə gələn “Bir nəfəs qədər” əsəri 19 yanvar saat 19:00-da Azərbaycan Dövlət Musiqi Teatrında nümayiş olunacaq. Qəhrəmanlıq salnaməmizi özündə əks etdirən bu tamaşa qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgərlərə və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunub.
Dramaturq Cəlil Məmmədquluzadənin tragikomik pyesi “Dəli Yığıncağı” 21 yanvar saat 19:00-da Akademik Milli Dram Teatrında nümayiş olunacaq. Əsərdə əsas məsələ Şimali və Cənubi Azərbaycan, İran və bəzi Şərq ölkələrində davam edib gələn dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.
22 yanvar saat 19:00-da Akademik Milli Dram Teatrında A.Saqarelinin “Xanuma” əsəri nümayiş olunacaq. Saqarelinin “Xanuma” əsəri Tiflisdə yaşayan “Xanuma” adlı bir ara düzəldən qadın haqqındadır. Ərə getmək, evlənmək, nişanlanmaq istəyən hər kəs Xanumanı axtarıb tapır və problemlərini həll edir. Evdə qarımış qızlar, subaylıqda qocalmış oğlanlar Xanumanın köməyinə möhtacdırlar. Hamının işinə yarıyan Xanuma həm pul qazanır, həm də öz şəxsi işlərini də unutmayıb, sonda öz sevgisinə qovuşur. Onun bacarmadığı iş yoxdur. “Xanuma” əslində ağıllı və hazırcavab Qafqaz qadınına həsr olunmuş əsərdir. Müəllif Qafqazda yaşayan gürcüləri və azərbaycanlıları, xüsusən onların qadınlarını sevə - sevə vəsf edir. Xanuma oxuyur, oynayır, istənilən problemin həlli onun üçün çətinlik yaratmır. Bu onun həyat tərzidir. Əsərin sonunda hər şey Xanumanın köməyi ilə öz yerini tapır.
22 yanvar saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2 pərdəli, klassik balet “Jizel” nümayiş olunacaq. Kompozitor Adolf Adan, tamaşanın dirijoru isə Eyyub Quliyevdir.
Üzeyir Hacıbəyli tərəfindən 1913-cü ildə yazılmış musiqili komediya əsasında “Arşın mal alan” operası Marionet Teatrında 22 yanvar saat 19:00-da nümayiş olunacaq. "Arşın mal alan" Üzeyir bəyin üçüncü və sonuncu operettasıdır. Dünya şöhrətli bu musiqili komediyanın süjeti məşhur xanəndə Məcid bəyin həqiqətən başına gəlmiş əhvalatdan götürülmüşdür. Şəhərin ən adlı-sanlı tacirlərindən birinin gənc oğlu Əsgər evlənmək fikrinə düşür, amma mütləq əvvəlcə qızı görmək, seçib-bəyənmək istəyir. Bəs adətləri pozmadan, heç kəsin xətrinə dəymədən bunu necə etsin? Kələksiz bu iş düzəlmir: Əsgər əyninə arşınmalçı paltarı keçirib, düşür qapı-qapı qız axtarmağa! Görün bir, bu kələyin üstündə ara necə qarışır, nə cür məzəli əhvalatlar baş verir!
Özbək yazıçısı İbrahim Sadıqovun müəllifi olduğu “Molla Nəsrəddinin beş arvadı” adlı əsər 22 yanvar saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqi Teatrında nümayiş olunacaq. Türkdilli xalqların hər biri hesab edir ki, Molla Nəsrəddin onlara məxsusdur. Əslində isə Molla Nəsrəddin ümumilikdə türk dünyasının müdriklik, kamillik simvoludur. Bu əbədiyaşar obraz öz hazırcavablığı, hadisələrə yerində və operativ münasibəti, intəhasız, intellektual yumor hissi ilə bütün dövrlərin müasiridir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə birgə addımlayır, bu gün də bizimlə eyni cəmiyyətdə yaşayır, ətrafda baş verənlərə reaksiya verir, müdrik münasibətini bildirir, öz heyrətamiz, sərrast yumoru ilə bizi valeh edir. Ən əsası, düşündürür, düşünməyə vadar edir. İlk baxışdan belə görünür ki, “Molla Nəsrəddinin beş arvadı” komediyasının çox sadə, adi süjet xətti var. Amma dərinliyinə varanda məlum olur ki, bu sadəliyin, adiliyin altında çox böyük mətləblər gizlənib.
COVİD-19 pasportu və immun sertifikatı olmayan tamaşaçılar tədbirə teatr zallarına və əldə olunmuş biletlər geri qaytarılmır.
Nərminə AYDINQIZI,
Musavat.com






