İnsanlara hürriyət, millətlərə istiqlal!

SƏFƏR ƏBİYEV YAVƏR CAMALOVUN NAZİRLİYİNİN LƏĞVİNƏ ÇALIŞIR

4751 07.08.2011 08:30 Gündəm A A

Müdafiə Sənayesi Nazirliyinin (MSN) adının çəkilməsini istəməyən yüksək vəzifəli şəxslərindən birinin qəzetimizə verdiyi məlumata görə, artıq Əbiyevə yaxınlığı ilə tanınan bəzi şəxslər mətbuata MSN-lə bağlı kompromatlar ötürməyə başlayıb. Onlar MSN müəssisələrində istehsal edilmiş silah və döyüş sursatlarının keyfiyyətsiz olmasını və atış zamanı döyüş sursatlarının silahları sıradan çıxarmasını əsas gətiriblər. Hətta bununla bağlı müdafiə naziri tərəfindən mütəxəssislərin rəyləri toplanaraq şəkillər də əlavə olunmaqla dövlət rəhbərliyinə təqdim olunub.
MSN rəsmisinin sözlərinə görə, Müdafiə Nazirliyi (MN) yerli istehsal olan döyüş sursatlarının keyfiyyətsiz olduğunu iddia edir. Bununla bağlı bir neçə dəfə internet saytlarına, forumlara və KİV-ə məlumatlar da ötürülüb. Əslində isə onların söylədikləri tam fərqlidir. Belə ki, MSN-in test poliqonu hazır olmadığı üçün müəssisələrdə istehsal prosesi öncəsi yaradılan sursat nümunələrindən bir neçə ədədi təlimlərdə test edilməsi üçün MN-ə verilir. Qaydaya uyğun olaraq MN bu döyüş sursatlarını atmalı, keyfiyyətini, təsir imkanlarını yoxlamalı və bu barədə MSN-ə rəy verməlidir. Test sınaqları olduğundan bu sursatların müsbət və mənfi effektləri də nəzərə alınır: “Məsələn, ola bilər ki, testlərdə həmin silahın hansısa problemi üzə çıxsın. Bu qüsur da dərhal qeydə alınır və sonrakı - seriyalı buraxılışda aradan qaldırılır. Bu qayda sursatlara da aiddir. Ola bilər ki, hansısa çatışmazlıq olsun və sursat atılmasın. Test bunları öyrənmək üçündür. Lakin Müdafiə Nazirliyi testlərdən MSN-ə qarşı istifadə etməyə çalışır”.
Qeyd edək ki, Y.Camalovun MN-in tabeliyindəki kifayət qədər gəlirli iki işlək müəssisəni - Lökbatan Tank Təmiri Zavodunu və Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Aviasiya Təmiri Zavodunu rəhbərlik etdiyi quruma qatmaq cəhdləri səmərəsiz olub. MSN rəsmiləri MN-in bu addımlarını MSN-ə təzyiq və özünə bağlı saxlamaq istəyi ilə əlaqələndirir.
Vahid ƏhmədovBurada da bəzi maraqlı məqamlar ortaya çıxıb. Belə ki, MN MSN-in Elektron Hesablayıcı Maşınlar Zavodunda (EHMZ) istehsal edilmiş silahlarla bağlı heç bir neqativ hal da göstərməyib. Bunun da səbəbi adıçəkilən zavodun direktorunun Əbiyevin yaxın qohumu, deputat Vahid Əhmədovun qardaşı Ramiz Əhmədov olmasıdır. Bundan əvvəl Avtomatik Xətlər Zavodunda baş mühəndis işləyən Ramiz Əhmədov EHMZ-yə yanvar ayında, Əbiyevin uzun çalışmaları sonucunda direktor təyin olunub. Bəzi məlumatlara görə, müdafiə naziri yuxarı dairələrdə öz qohumunun fəaliyyətini tərifləməklə onu MSN-də daha yüksək vəzifəyə gətirməyə çalışır. MSN dəhlizlərində gəzən xəbərlərə görə, sənaye sistemində çalışmış R.Əhmədovun malik olduğu güclü əlaqələr onun daha da irəli çəkilmə şansını artırır.
Mütəxəssislər isə Silahlı Qüvvələr rəhbərliyi ilə MSN rəhbərliyi arasındakı “silah-sursat müharibəsi”nin MSN-in ləğvi ilə nəticələnəcəyini düşünür. Nazirlik rəsmilərinin sözlərinə görə, Silahlı Qüvvələrin basqısı və hökumətdə hazırlanan islahatlar proqramı çərçivəsində MSN-in də ləğv olunma ehtimalı var. Fəaliyyəti dövründə özünü o qədər də doğrultmayan və böyük maliyyə maxinasiyalarına yol vermiş bu nazirliyin Türkiyə, Ukrayna və Rusiyada olduğu kimi Müdafiə Nazirliyinə və ya Nazirlər Kabinetinə bağlı bir agentliyə və ya xidmətə çevrilməsi mümkündür. Bu çərçivədə hərbi sənaye sektorunun inkişafı üçün hazırda MSN-in tabeliyində fəaliyyət göstərən müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi və səhmlərinin bir hissəsi dövlətdə qalmaqla özəlləşdirməyə açılması düşünülür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR