Onun ordunun hazırkı durumunu araşdıraraq məlumatlar topladığı bildirilir. Məlumata görə, V.Əliyev hərbçilərin qaldığı yerlərə xüsusi baxış keçirib. Bundan əlavə, o, zabit və əsgərlərin ərzaq, geyim təminatından tutmuş digər məsələlərə qədər hər şeylə yaxından maraqlanıb. General-leytenantın döyüş bölgəsinə səfər etməsinin səbəbləri haqda isə şəxsi heyətə heç bir məlumat verilməyib. Vahid Əliyevin döyüş bölgəsinə bir həftə çəkən səfəri zamanı demək olar ki, cəbhə xətti boyu bütün bölgələrdə olduğu bildirilir. O həmçinin fevralın 20-də 7 əsgərin qətlə yetirildiyi Şəmkir hərbi birləşməsində də olub.
Gözlənilir ki, V.Əliyev cəbhə xətti boyu dislokasiya olunmuş hərbi birləşmələrdəki vəziyyətə dair prezidentə xüsusi raport hazırlayıb təqdim edəcək. Prezident köməkçisinin bayram günlərində döyüş bölgəsinə səfər etməsi ilə bağlı bir neçə versiya var. Əsas versiyalardan biri ondan ibarətdir ki, o, prezidentin şəxsi tapşırığı ilə ordunun real durumunu təftiş etmək üçün cəbhə bölgəsinə gedib. Mənbə Vahid Əliyevin döyüş bölgəsində olduğu zaman ordunun durumu ilə bağlı əldə etdiyi məlumatları şəxsən prezidentə çatdıracağı da bildirilir. Əsas versiya ondan ibarətdir ki, ordudakı əsgər ölümləri və digər problemlərlə bağlı artmaqda olan narahatlıqla bağlı dövlət başçısı silahlı qüvvələrdəki real vəziyyəti öyrənmək, onun əsasında müdafiə naziri Səfər Əbiyevin bu vəzifədə qalıb-qalmaması məsələsini həll etmək qərarına gəlib. O da istisna deyil ki, V.Əliyevin təqdim edəcəyi raport Əbiyevin işdən çıxarılması ilə nəticələnsə, müdafiə naziri postunu da məhz prezidentin hərbi məsələlər üzrə indiki köməkçisi tutacaq.
“Milaz.info” saytında Vahid Əliyevlə bağlı təhlildə deyilir ki, onun mövqeləri hazırda kifayət qədər möhkəmlənib. V.Əliyevin polkovnik-leytenant rütbəli, hərbi hissələrdən birində siyasi işlər üzrə komandirin müavini vəzifəsini tutan qardaşı Vidadi Əliyev Müdafiə Nazirliyi sistemindən hansısa yollarla birdən-birə Daxili Qoşunların komandan müavini postuna gətirilib. Vidadi Əliyev ildırım sürəti ilə həm polkovnik rütbəsini alıb və hətta general-mayor rütbəsinə də layiq görülüb. Sayt yazır ki, Vahid Əliyevin məqsədi Müdafiə Nazirliyinin rəhbərliyində, xüsusən də kadr sahəsinə cavabdehlik daşıyan general-leytenant Çingiz Məmmədovla əlbir olub Səfər Əbiyevlə razılaşdırmadan öz kadrlarını ordu sıralarında yerləşdirməkdədir. Hətta təsdiq olunmamış məlumatlara görə, Vahid Əliyev yaxın ətrafına deyib ki, tezliklə müdafiə naziri postuna təyin olunacaq. Yəqin ki, məhz bu iddianın nəticəsidir ki, prezidentin etimadından istifadə etməklə özünün rəhbərlik etdiyi balaca bir şöbədə birdən - birə 3 nəfər orta hərbi təhsilli şəxsə general rütbəsinin verilməsinə nail olub.
Başqa bir mənbəmiz isə iddia edir ki, general-leytenant Vahid Əliyevin cəbhə bölgəsini təftiş etməsinin səbəbi yaz mövsümündə başlanması nəzərdə tutulan hərbi əməliyyatlarla bağlıdır. Bundan əvvəl də yazdığımız kimi, kifayət qədər ciddi mənbələr (bunların arasında diplomatik korpusun təmsilçiləri də var- red.) iddia edirlər ki, Azərbaycan iqtidarı lokal hərbi əməliyyatların keçirilməsi qərarı verib. Cəmisi bir neçə gün sürəcək hərbi əməliyyatlara Rusiya iqtidarının da loyallığının alınması barədə ilkin məlumatlar var. Bundan sonra isə tərəflər məhz Rusiyanın müdaxiləsi ilə danışıqlar masası arxasına oturmalı, sülh müqaviləsi imzalamalıdırlar. Bu əməliyyatlar nəticəsində Azərbaycan tərəfinin işğal altında olan bir neçə kəndi qaytarması nəzərdə tutulub...
Mövzunun davamı olacaq.






