İnsanlara hürriyət, millətlərə istiqlal!

Sef-redaktora qarşı dələduzluq edən şəxsin daha bir əməli ortaya çıxdı

895 07.10.2015 08:10 Ölkə A A

Ötən saylarımızdan birində “Minval.az-ın şef-redaktoruna qarşı dələduzluq araşdırılmamış qalıb” sərlövhəli yazı dərc etmişdik. Yazıda saytın şef-redaktoru Emil Mustafayevin atası Vüqar Mustafayevdən aldatma yolu ilə 50 min manat alan Rauf Əlihüseyn oğlu Fərəcovun uzun illər məhkəmə sistemində çalışmış, qocaman hakim Günəş Xudaverdiyevanın adından istifadə etməsindən söhbət açılırdı. R.Fərəcov V.Mustafayevin oğluna ev almaq istədiyini öyrənərək ona şəhərin mərkəzində tikilmiş binadan mənzil təklif edib. Hissə-hissə ondan 50 min manat alıb. 

Sonradan isə V.Mustafayev evi və ya pulu tələb edəndə R.Fərəcov daha bir aldatmaya baş vurub. Ona deyib ki, həmin pulu aldığına dair ona notariusdan sənəd verəcək. Əslində isə R.Fərəcov V.Mustafayevin hüquqi  savadsızlığından istifadə edərək bu sənədi imzalatdırmaqla ondan pulu evə görə deyil, borc kimi alması təəssüratını yaratmağa çalışıb. V.Mustafayevin hüquq-mühafizə orqanlarına müraciətindən sonra isə deyib ki, ümumiyyətlə, ondan pul almayıb. Axtarışa verilib saxlanıldıqdan sonra isə borc müqaviləsini ortaya çıxararaq pulu borc almasını iddia etməyə başlayıb. Bu məsələdə qocaman hakimin adının hallanmasına  gəlincə, belə aydın olur ki, bu da R.Fərəcovun növbəti aldatmasıdır. 

Hazırda təqaüddə olan hakim G.Xudaverdiyevanın oğlu Elxan Xudaverdiyev redaksiyamızla əlaqə saxlayaraq R.Fərəcovla heç bir tanışlıqlarının olmadığını söyləyib: “Mənim anam Azərbaycanın hörmətli hakimlərindən olub. Hazırda təqaüddədir. O, yazı ilə tanış olub və bildirir ki, belə bir adam tanımır. Onun barəsində həmin şəxsin dedikləri yalan və böhtandan başqa bir şey deyil. Bu adam dələduzdur”. 

Yada salaq ki,  Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində R.Fərəcov barəsində Cinayət Məcəlləsinin 178-ci - dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəməyə istintaq dövründə həbsə alınması üçün vəsatət verilib.  Xətai Rayon Məhkəməsinin hakim Fuad Məmmədov vəsatəti təmin etməyib. Rauf Fərəcov məhkəmədən çıxandan sonra V.Mustafayevə qocaman  hakim Günəş xanımın onun arxasında dayandığını deməklə 1 gün də olsa həbsdə qalmayacağını diqqətinə çatdırmışdı. Sonradan istintaq orqanı apelyasiya instansiyasına vəsatət verib və Rauf Fərəcovun həbsini tələb edib. Lakin yenə də o, həbs olunmayıb. Hakim Qədim Babayev sədrlik etdiyi proses yekunlaşandan sonra Rauf Fərəcov yenə də V.Mustafayevə yaxınlaşaraq  “özünüzü yormayın, Günəş xanım mənim həbs olunmağıma imkan verməyəcək” deyib. 

İndi isə belə məlum olur ki, o, bu məsələyə aidiyyəti olmayan şəxslərin, qocaman hakimin adını qatmaqla məsuliyyətdən kənar qalmaq istəyir.  

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR