İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkiyə 15 gün qaldı - namizədliyini geri çəkən olacaqmı...

624 23.01.2024 13:21 Ölkə A A

Namizədlər seçki fondlarının gəlir və xərcləri ilə bağlı ilkin maliyyə hesabatlarını açıqlayıblar

7 fevral növbədənkənar prezident seçkisinə iki həftə vaxt qalıb. Bütün qurumlar, xarici ölkələrdəki diplomatik nümayəndəliklər seçki prosesinin hazırlığı üçün səfərbər olub. Prezident olmaq istəyən namizədlər isə görüşlər keçirir, təşviqat kampaniyasını davam etdirirlər. 

Razi Nurullayev: "Prezident İlham Əliyevə qətiyyətli sərkərdəlik bacarığına  görə minnətdaram"

Razi Nurullayev

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev “Yeni Müsavat”a  açıqlamasında bildirdi ki, təşviqat kampaniyası effektiv davam edir. R.Nurullayev hava şəraiti ilə əlaqədar kütləvi görüşlərin təşkil edilməsinin çətin olduğunu diqqətə çatdırdı: “Regionlarda vətəndaşlarla görüşlərimiz davam edir. Baxmayaraq ki, sosial media amili var, insanlarla görüşlər kifayət qədər enerji və vəsait tələb edir. Seçicilərlə fərdi, səmimi görüşlərə üstünlük verirəm. Görüşlərlə bağlı sosial media hesablarımda paylaşımlara ən azı 500 min, 1 milyon izləmə var. Bu baxımdan, deyə bilərəm ki, biz artıq Azərbaycan xalqına xitab edə, vətəndaşları prosesə cəlb edə bilmişik. O ki qaldı namizədliyimi geri götürmə ehtimalına, bunun üçün səbəb yoxdur. Namizədliyimi geri götürmək haqqında söhbət belə gedə bilməz”.

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

 Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə seçkiöncəsi təşviqat kampaniyası haqqında bu fikirləri söylədi: “Yanvar ayının 17-dən seçicilərlə görüşlər başlayıb. Pirallahı, Qobustan, Goranboy, Suraxanıda görüşlər keçirmişik. Televiziyada debatlar davam edir. Alternativ namizəd kimi mövqeyimizi ortaya qoymuşuq. Bizə ayrılan zaman çərçivəsində ölkədəki problemləri işıqlandırmağa çalışırıq. Namizədliyimi geri götürmək barədə düşünmürəm. Nəyə görə bu addımı atmalıyıq? Seçkiyə getməklə qarşımıza konkret məqsəd qoymuşuq. Hesab edirəm ki, seçkidə iştirak etmək lazımdır. Bəzən hakimiyyət təmsilçiləri alternativin olmaması haqqında fikirlər səsləndirirlər. Bu yanlış ifadədir. Cəmiyyətdə alternativ yoxdursa, demokratiya ola bilməz. Böyük Azərbaycan Partiyası seçki marafonunda alternativ kimi çıxış edir. Biz ilk gündən açıq mövqeyimizi ortaya qoymuşuq. Qarabağ, ərazi bütövlüyümüz, xarici siyasətlə bağlı mövqeyimiz üst-üstə düşə bilər. Lakin ölkənin idarə olunması, hakimiyyət bölgüsü, konstitusiya islahatları, iqtisadi inkişafla bağlı mövqeyimiz tamam fərqlidir. Seçkiyə kölgə salınmasına imkan vermək olmaz. Hesab edirəm ki, demokratik, ədalətli seçki keçirməyə nail olacağıq. Bunun üçün siyasi cameə - həm hakimiyyət, həm müxalifət, eyni zamanda xalq çalışmalıdır”. 

Qeyd edək ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilib ki, seçki bülletenlərinin hazırlanması ilə bağlı bir sıra tədbirlər var. Belə ki, səsvermə gününə 35 gün qalmışa qədər səsvermə bülletenlərinin mətni, forması, sayı və qaydası hazırlanmalıdır. Seçki bülletenlərində namizədlərin soyadı, adı, atasının adı əlifba sırası ilə göstərilir. Seçki bülletenləri yaxın günlərdə çap olunacaq. 

Yeri gəlmişkən, prezidentliyə namizədlər seçki fondlarının gəlir və xərcləri ilə bağlı 1-ci ilkin maliyyə hesabatlarını açıqlayıblar. Ən böyük seçki fonduna sahib olan namizəd hazırkı Prezident İlham Əliyevdir. İlham Əliyevin seçki fondunun gəlirləri 250 min manat təşkil edir. Bu vəsaitin hamısı İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası tərəfindən ayrılıb. Qüdrət Həsənquliyevin gəliri 20 min manat, xərci 15 min manat, Fazil Mustafanın gəliri 20 min manat, xərci 8 min manat olub. Zahid Oruc 19 min manat gəlir, 8 min xərclə 4-cü sırada yer alıb. Razi Nurullayevin gəliri 3 min manat olub, xərci göstərilməyib. Fuad Əliyevin gəliri və xərci eynidir - 2 min manat. Elşad Musayev isə 1500  manat gəlir, 1000 manat xərclə sonuncu sıradadır.  

Müdafiə Nazirliyi də seçki ilə bağlı məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkisinin səsverməsində iştirak edə biləcəklər. Qeyd olunub ki, seçkinin Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsi, eləcə də şəffaflığın təmin edilməsi üçün hərbi hissə və müəssisələrin ərazilərində fəaliyyət göstərəcək məntəqələrdə zəruri tədbirlər görülür. Eyni zamanda Azərbaycan Ordusunda xidmət edən bir qrup hərbi qulluqçu prezident seçkisi səsverməsində ilk dəfə iştirak edəcək. Müdafiə Nazirliyi ilk dəfə səs verəcək hərbi qulluqçuları nəzərə alaraq Seçki Məcəlləsi ilə tanışlıq və digər maarifləndirici məlumatların çatdırılmasını da həyata keçirir.

Nazirlikdən bildiriblər ki, çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunacaq.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə seçkinin qanunvericiliyin tələblərinə tam uyğun və bütün müəssisələrdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili məqsədilə tapşırıq və tövsiyələr verilib. 

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının təmsilçiləri - tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, koalisiyanın ekspertləri - sosioloq, professor Əhməd Qəşəmoğlu və politoloq, fəlsəfə doktoru Adəm İsmayıl isə prezidentliyə namizəd Razi Nurullayevlə görüşüblər. Görüş R.Nurullayevin rəhbəri olduğu Milli Cəbhə Partiyasının qərargahında baş tutub.

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu

Koalisiya adından Musavat.com-a açıqlama verən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, partiyanın seçkiyə hazırlığı ilə tanışlıq məqsədi daşıyan görüş faydalı olub: “Koalisiyamız 7 fevral seçkisində namizədliyini irəli sürən şəxslərin seçki komandası ilə işbirliyi qurur. Bu, bizə həm seçkiyə qədər olan müddətdə, həm də seçki günü baş verənlərlə bağlı dəqiq bilgi toplamaq şansı qazandırır. Naxçıvan da daxil ölkə üzrə seçki dairələrinin yarısından çoxunda birbaşa müşahidələr aparacağıq. Bu məqsədlə 500-dən çox müşahidəçinin siyahısı ötən həftə Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Onların hər biri təcrübəli, indiyə qədər ən azı 2 seçki prosesində müşahidəçi olmuş şəxslərdir. Yəni qanunvericiliklə yanaşı praktik bilikləri də var. Bu cür ciddi hazırlığın səbəbi 7 fevralın Azərbaycanın həm siyasi, həm də seçki tarixində müstəsna yeri olmasıdır. Biz hər birimiz Azərbaycan dövlətinin yeni mərhələyə çıxdığının fərqindəyik. Düşünürəm ki, həm vətəndaşlar, həm ictimai fəallar - bütünlükdə Azərbaycan təəssübkeşləri 7 fevralın yeni tarixin başlanğıcı kimi heç bir çatışmazlıq olmadan ölkə tarixinə düşməsi üçün çalışmalıyıq”.

Novella Cəfəroğlu bildirib ki, Razi Nurullayev seçki ilə bağlı indiyə qədər hər hansı qanun pozuntusu ilə qarşılaşmadığını bildirib.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevlə də görüşüb. Turkustan.az-a açıqlama verən koalisiya üzvü Səadət Bənəniyarlı bildirib ki, həm televiziya çıxışları, həm də seçicilərlə görüşdə hər hansı qanun pozuntusu haqqında koalisiyaya informasiya daxil olmayıb: “İndiyə qədər apardığımız müşahidələr göstərir ki, 7 fevral seçkisi bu mənada indiyə qədər keçirilən seçkilərdən fərqlənəcək. Bizim proqnozlarımız yüksək seçici fəallığının olacağıdır. Bundan başqa, namizədlərə, onların təmsil etdikləri siyasi partiyalara bərabər şansların yaradılması son dərəcə önəmli məsələlərdir”.

Xarici ölkələrdə də seçkiyə hazırlıq prosesi davam edir. Azərbaycanın Ukraynadakı səfirliyində seçki məntəqəsi yaradılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçici siyahıları tutulub və Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Ukrayna müharibə şəraitində olduğu üçün səsvermə günü təhlükəsizlik tədbirləri də nəzərdə tutulub. 

Seçkini müşahidə edəcək təşkilatlara gəlincə, “Oracle Advisory Group”un tərəfdaşı Vlada Galan deyib ki, onların komandası dünyanın bütün ölkələrində belə proseslərdə iştirak edir: “Azərbaycandakı seçkilərlə bağlı fəaliyyətimiz bizim təcrübəmizdə 25-ci olacaq. Azərbaycanda indiyə qədər 4 seçki prosesini izləmişik. Növbəti prezident seçkisi 5-ci proses olacaq”.

Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçmək üçün müraciət edib.

“Oracle Advisory Group”un tərəfdaşı George Birnbaum bildirib ki, seçkiqabağı sorğu seçkidə gözləntiləri öyrənmək baxımından faydalı olacaq: “Qarabağ bölgəsi də daxil olmaqla, 40 ərazidə, 500 seçki məntəqəsində fəaliyyət göstərəcəyik. Təşkilatımızda 10 data analitik, 1500 müsahibə alan şəxs olacaq”.

O qeyd edib ki, seçki günü 60 min nəfərdən müsahibə alınacaq: “3 saatdan bir sorğular hazırlanacaq. Seçki məntəqələri bağlanandan 1 saat sonra nəticələri elan edəcəyik. Bu, ilk seçkidir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra əhali özünü ifadə edəcək”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR