İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkiləri izləyən beynəlxalq qurumları birləşdirən ortaq nəticələr - deputatın şərhi

403 10.02.2024 15:30 Siyasət A A

Millət vəkili Azay Quliyev seçkilərin nəticələri, beynəlxalq qurumların mövqeyini şərh edib.

Onun məqaləsini və bu kontekstdə Real TV-dəki müsahibəsini təqdim edirik:

- Fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərini 15-dən çox mötəbər beynəlxalq təşkilat, o cümlədən ATƏT -in Demokratiya və İnsan Haqları Bürosu və ATƏT-in Parlament Assambleyası müşahidə etdi. Beynəlxalq müşahidəçilərin hamısını, hətta, bəzən obyektivliyinə və ədalətliliyinə əsaslı şübhələrimiz olduğu qurumların belə, rəyində hamını birmənalı birləşdirən, eyni zamnda, Azərbaycan dövləti və xalqı üçün olduqca prinsipial və önəmli olan 3 mühüm məqamı qeyd etmək istərdim:

1) Seçkiləri izləyən bütün beynəlxalq təşkilatlar və müşahidəçilər istisnasız olaraq bəyan etdilər ki, 7 fevral növbədənkənar Prezident seçkiləri ilk dəfədir ki, ölkəmizin hər yerində, bütöv və suveren Azərbaycanda keçirilir.

Bu qiymətləndirmənin çox böyük hüquqi, siyasi və mənəvi əhəmiyyəti var. Bu, o deməkdir ki, birinci, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla bərpa etmək haqqı beynəlxalq qurumlar tərəfindən tam olaraq tanındı və bu fakt demək olarkı rəsmiləşdirildi. Bu rəylərdə Qarabağ ermənilərindən, onların hüquqlarından və ya geri qayıtmaq üçün təhlükəsizlik zəmanətlərindən bir kəlmə də söz edilməməsi bir daha onu göstərdi ki, həm 44 günlük azadlıq müharibəsi, həm də 23 saatlıq antiterror əməliyyatının keçirilməsini Azərbaycanın legitim haqqı kimi hər kəs qəbul etdir. Bu mühüm nəticədi və əminəm ki, bu sənəd diplomatik müstəvidə Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Baxmayaraq ki, AŞPA kimi qərəzli təşkilatlar 10 gün öncə Azərbaycanı yalançı və dirnaqarası etnik təmizləmədə günahlandıraraq nümayəndə heyətimizin mandatını təsdiq etməmişdilər.

İkinci, “Azərbaycan Respublikasının bütün beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən ilk seçki idi və bu mövzu əsasən seçki kampaniyasında üstünlük təşkil edib və ictimai əhval-ruhiyyəni əks etdirib” haqqında rəy (xüsusilə ATƏT-ODİHR və ATƏT PA) cənab Prezidentin növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruriliyi ilə bağlı söylədiyi əsas tezisi tam olaraq dəsdəkləyir və dövlət başçısı ilə onların da həmrəy olduğunu göstərir. Xatırlayırsınızsa, cənab Prezident azad və suveren Azərbaycanda ilk seçkilərin prezident seçkilərinin olmasının vacibliyi haqqında yanvarın 10-da mətbuata açıqlama vermişdir.

2) Seçkiləri izləyən bütün beynəlxalq təşkilatlar və müşahidəçilər istisnasız olaraq bəyan etdilər ki, 7 fevral növbədənkənar Prezident seçkilərində seçicilər yüksək fəallıq nümayiş etdirmişlər.

Seçicilərin 77 faizi seçkilərdə iştirak etmişlər. Bu faktın qeydə alınması çox önəmli idi. Bu həm siyasətdə, həm də seçici motivasiyasında yeni və müsbət fenomen kimi tarixdə qalacaq. Belə ki, dünyada hamı dəqiq bilirdi ki, xüsusilə, Qarabağ Zəfərindən sonra ölkədə Prezident İlham Əliyevə heç kim real rəqib ola bilməz. 4 il əvvələ kimi hakimiyyətə açıq müxalifətdə olan və ya loyal olmayan siyasi liderlərin, ictimai və mədəniyyət xadimlərinin cənab İlham Əliyevə açıq dəstək verməsini də hamı izlədi və gördü.
Bundan başqa, seçicilər düşünə bilərdi ki, onsuz da hamı Prezidentə səs verəcək və O seçiləcək, beləliklə, seçkiyə getsə də, getməsə də nəticə dəyişməyəcək. Lakin buna baxmayaraq, insanların seçki məntəqələrinə axışması, mütəşəkillik və birlik nümayiş etdirməsi çox qürurverici və eyni zamanda, böyük siyasi və mənəvi əhəmiyyətə malik idi. Çünki bununla, Azərbaycan xalqı dövlətinin, Ali Baş Komandanının yanında olduğunu, Qarabağ Zəfərini sona qədər qorumaq iqtidarında olduğunu bütün dünyaya göstərdi. 7 fevral həm də 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi ilə başlanan milli birliyin davam etdiyinin əyani sübutu idi.

3) Seçkiləri izləyən bütün beynəlxalq təşkilatlar və müşahidəçilər istisnasız olaraq bəyan etdilər ki, 7 fevral növbədənkənar Prezident seçkilərində xalq İlham Əliyevi birmənalı dəstəklədi və cənab Prezident seçicilərin 92,1 faiz səsini qazanaraq növbəti 7 ilə ölkəyə rəhbərlik etmək üçün güclü mandat qazandı.

Bu hal ilk dəfə idi ki, qərb insitutları, xüsusilə, ATƏT PA tərəfindən qeyd olunurdu. Bu isə səsvermənin nəticələrinin ədalətli olmasının bütün qurumlar tərəfindən təsdiqidir. Dünya tarixində bu cür yüksək faizlə seçkini qazanan Liderin bütün müşahidəçilər tərəfindən qələbəsinin etiraf olunması, bu yüksək faizə heç kimin şübhə etməməsi faktı çox nadir rast gəlinən hadisədir.

Təsadüfi deyil ki, seçkilərdən sonra dünya liderləri, xarici ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və ATƏT-in Baş katibi Helqa Şmid İlham Əliyevi təbrik etdi, aşkar qələbəsini vurğuladı və Prezident İlham Əliyevlə yaxından işləməyə hazır olduqlarını bəyan etdilər.

Bu da o deməkdir ki, xalqın tam dəstəyini alan və seçkilərdə inamlı qələbə qazanan cənab İlham Əliyev bundan sonra nəzərdə tutduğu bütün planları daha rahat həyata keçirmək, qarşısında duran strateji və milli hədəflərə daha qətiyyət və inamla yürümək üçün beynəlxalq qurumların da təsdiq etdiyi xalqın güclü və etibarlı mandatına sahib oldu.

Əlbəttə, bundan sonra 92, 1 faiz xalqın dəstəyini alan cənab İlham Əliyevin sülh danışıqlarında mövqeyi əvvəlkindən daha kəsərli olacaq.

Artıq heç kim, heç bir dövlət Azərbaycanın daxili işinə müdaxilə etməyə, Prezident -Xalq birliyini sarsıtmağa və ya zədələməyə cəhd etməyi ağlının ucundan belə keçirməyəcək. Bu seçkilərdən sonra Azərbaycanın üfüqləri daha aydın, daha açıq və daha maneəsizdir.

Azərbaycan seçicisinin ən azı 92,1 faiz əhalisi Prezident İlham Əliyevin qəbul ediyi bütün qərarları və atacağı bütün addımları tam olaraq dəstəkləyəcək.

Artıq, dövlət başçısı inaqurasiyadan sonra rahat şəkildə gələcək planlarının icrasına, Azərbaycanın yenidən dizayn edilməsinə, sosial və iqtisadi məsələlərin daha tez və effektiv şəkildə həll edilməsinə, bütün sahələrdə köklü və nəticəyə hesablanmış dərin islahatlara başlaya bilər.

Burada bir həssas məsələyə də toxunmaq istərdim.

Bilirsiniz ki, torpaqlarımızı işğaldan azad edən, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edən, hər bir azərbaycanlının milli şərəf və heysiyyatını dirçəldən Müzəffər Ali Baş Komandan İlham Əliyevə bu kimi misilsiz xidmətlərinə görə artıqlaması ilə haqq etdiyi ən ali dövlət mükafatının verilməsi, Milli Qəhrəman elan edilməsi ilə bağlı cəmiyyətdə, parlamentdə çoxsaylı təşəbbüslər və təkliflər irəli sürülüb.

Lakin cənab Prezident bunların heç birini qəbul etməyib, əksinə, bütün çıxış və müsahibələrində çox böyük təvözakarlıq nümayiş elətdirərək özünün rolunu heç vaxt qabartmayıb. Halbuki, hamımız çox gözəl bilirik ki, Azərbaycanın tarixi zəfərinin memarı da, azadlıq müharibəsinə başlamaq əmrini verən də, onu müvəffəqiyyətlə başa çatdıran da, Qarabağda erməni separatizminin kökünü birdəfəlik kəsən də, Makron kimilərinin bütün təzyiq və təhdidləriə sinə gərən də, qarayaxma kampaniyalarının əsas hədəfinə tuş gələn də məhz, cənab İlham Əliyevdir.

Lakin cənab Prezidentə ən böyük mükafatı xalq verdi.

7 fevralda seçki məntəqələrinə axın edən insanlar təkcə İlham Əliyevi yenidən Prezident seçmədilər, həm də Ona bu tarixi nailiyyətlərinə və xidmətlərinə görə öz təşəkkürlərini bildirdilər, var ol, Prezidentim dedilər!

Sona qədər Sənin yanındayıq dedilər!

Bu, həm də Azərbaycan xalqının nə qdər müdrik və cəsarətli, qədirbilən xalq olduğunu bir daha isbatladı.

Bax, budur 7 fevral seçkilərinin əsas mahiyyəti, fəlsəfəsi, ictimai, siyasi, mənəvi və o cümlədən geoasiyasi nəticələri.

Ona görə də xalqımıza, sandıq başına gələrək seçkilərdə iştirak edən hər kəsə təşəkkür edirəm.

Cənab Prezidenti möhtəşəm və inamlı qələbə, tükənməz xalq dəstəyini və sevgisini təkrar qazanması münasibətilə bir daha ürəkdən təbrik edir və Ona qüdrətli Azərbaycan quruculuğunda, şərəfli və məsuliyyətli yeni Prezidentlik dönəmində uğurlar arzulayıram.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR