İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkilərdə 3 beynəlxalq müşahidə missiyası fəaliyyət göstərəcək

371 13.08.2013 09:24 Ölkə A A
Azərbaycanda keçirilən seçkilərdə əsas müşahidə missiyasını həyata keçirən və bir çox dəfə seçki saxtakarlıqlarını tənqid edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi (ODIHR) isə hələ də Azərbaycan prezident seçkilərinə monitorinq missiyası göndərmək üçün dəvət almayıb. “Azadlıq” radiosunun məlumatına əsasən ODIHR onu da vurğulayır ki, onlara dəvətnamənin göndərilməyəcəyinə dair bildiriş də gəlməyib.
Məlumatda qeyd olunur ki, qurum rəsmi dəvəti gözləyərək seçki müşahidə missiyası üçün işəgötürmə prosesinə başlayıb. ODIHR 17-21 iyun arasında Azərbaycana dəyərləndirmə missiyasını göndərib. Missiyanın hesabatına əsasən, ODIHR seçkilər ərəfəsində 30 uzunmüddətli müşahidəçi və 280 qısamüddətli müşahidəçi göndərmək istəyir. Uzunmüddətli müşahidəçilər bütün ölkədə seçki prosesini monitorinq edir, qısamüddətli müşahidəçilər isə yalnız seçki günü gedən prosesləri izləyir.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, hazırda şifahi dəvət əsasında ATƏT DTİHB Azərbaycanda fəaliyyət göstərir. Onun sözlərinə görə, missiyanın tərkibində 280-yə yaxın qısa müddətli, 30 uzunmüddətli müşahidəçi var: “Onlar hazırda hökumətin şifahi dəvəti əsasında fəaliyyət göstərirlər. Seçkilərə hazırlıqlar aparılır. Texniki işçilərin cəlb olunması ilə bağlı elanlar verilib. Yəni texniki baxımdan missiya Azərbaycanda seçkiləri müşahidə ilə bağlı hazırlıq görür. Və gözlənilir ki, onlar avqustun sonunda gəlsinlər və oktyabrın ortasına qədər fəaliyyət göstərsinlər. Ancaq onlara hələlik rəsmi dəvət göndərilməyib. Bildiyiniz kimi bu məsələlər şifahi dəvət əsasında olmur, rəsmi dəvət göndərilməlidir. Ancaq məndə olan məlumata görə, hələlik onlara rəsmçi dəvət göndərilməyib. Yəqin ki, Azərbaycan XİN yaxın günlərdə bu məsələyə münasibət bildirəcək”.
Bundan başqa, Avropa Şurası Parlament Assambleyası seçki müşahidə missiyası təyin edib. A.Məmmədlinin sözlərinə görə, AŞ PA müşahidə missiyasına müxtəlif ölkələrin deputatları daxildir: "AŞ PA missiyasına britaniyalı deputat rəhbərlik edəcək. Missiya yalnız seçki gününü müşahidə edəcək. Daha bir müşahidə missiyası isə MDB müşahidəçiləri olacaq. Bu isə MDB üzv dövlətlərindən olan nümayəndələrin daxil olduğu ənənəvi seçki müşahidə missiyasıdır. Hansı ki, demək olar ki, hər seçkidə Azərbaycana gəlir və ümumi rəy verirlər".
Azərbaycandakı seçkiləri müşahidə edəcək daha bir qurum isə Avropa Parlamentidir. Anar Məmmədli deyir ki, Avropa Parlamentinin seçkilərlə bağlı qərarı sentyabrın 5-də məlum olacaq: “Parlamentin iyunda keçirilən iclasında bu məsələyə baxıldı və Azərbaycan seçkilərin müşahidə ediləcəyi ölkələrin siyahısından çıxarıldı. Ancaq gözlənilir ki, sentyabrın 5-də bu məsələyə yenidən qayıdılsın”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR