Seçki məntəqələrində fəallıq aşağıdır: Məntəqə sədri əməkdaşımızın işinə əngəl törədib - FOTOLAR, YENİLƏNİR
Musavat.com-un əməkdaşı bu gün keçirilən bələdiyyə seçkilərini seçki məntəqələrində müşahidə edib.
Əməkdaşımız 9 saylı Binəqədi 2-ci Seçki Dairəsinin 13 və 14 saylı məntəqələrində də müşahidə aparıb. Onun verdiyi məlumata görə, indiyə qədər 13 saylı məntəqədə 200-dən çox seçicinin səs verdiyi deyilsə də, Müsavatın müşahidəçisi Arif Bağırzadə 50 seçinin səs verdiyini bildirib.
Ümumiyyətlə isə məntəqədə kütləvi şəkildə saxtakarlıq halları müşahidə edilib.
Müsavatın namizədi Şamil Beydullanın məlumatına görə, o, "paçka bülleten" atılmasına şahidlik edib: "Etiraz etdiyimə görə polislər məni məntəqədən çıxarıb".
Əməkdaşımız məlumat verir ki, 14 saylı məntəqədə isə daha acınacaqlı vəziyyətdir. Müşahidəçilərin yeri elə müəyyənləşdirilib ki, onlar ümumiyyətlə seçki qutularını görə bilmirlər. Onların üzləri divara tərəfdir.
1089 seçicidən indiyə qədər 187 seçici məntəqəyə gələrək, səs verib. Amma seçki qutusu tamam dolu görünür. Müşahidə aparılan müddət ərzində bir nəfər də olsun, səs verməyə gəlməyib. Məntəqə sədri Prezident Qvardiyasının şəxsi heyətinin orada səs verməsindən istifadə edərək, səsvermədə çoxlu seçicinin iştirak etdiyini bildirib.
Seçki Dairəsinin 16 saylı məntəqəsində əməkdaşımızın çəkiliş aparmasına məntəqə sədri əngəl törədib. Məntəqə sədri əməkdaşımızı zorla məntəqədən çıxarıb. Səbəb kimi isə, onun seçki məntəqəsində baş verənləri müşahidə etmək üçün lazımi icazəsinin olmadığını göstərib. Məntəqəyə polis çağırılıb. 1100 seçicidən 255 nəfərinin səsvermədə iştirak etdiyi bildirilib. Amma bunu təsdiqləyən sənədin göstərilməsindən qəti şəkildə imtina edilib.
9 saylı məntəqədə seçicilər açıq şəkildə eyni kabinədə 2-3 nəfər olmaqla səs veriblər. Məntəqə sədri Elmar Həşimov baş verən qanun pozuntularını müşahidə edən Müsavatın səlahiyyətli nümayəndəsi Elşən Həsənovu və əməkdaşımızı təhqir etməkdən və hədələməkdən belə, çəkinməyib: "Sizin adlarınızı yuxarı orqanlara göndərəcəyəm".
Bununla da kifayətlənməyən məntəqə sədri polisləri çağıraraq, Müsavatın səlahiyyətli nümayəndəsini və musavat.com-un əməkdaşını zorla bayıra çıxartdırıb.
Müsavatın müşahidəçisi Əhəd Məmmədli əməkdaşımıza kütləvi şəkildə saxtakarlığın edildiyi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, 200 nəfərə yaxın seçicinin adı siyahıya səs vermiş kimi qeyd olunub. Şəxsiyyət vəsiqələrinin yığılması və məntəqəyə gəlməmiş seçicilərin adından səs verilməsi müşahidə olunub.
35 saylı məntəqədə saat 14:00 ərəfəsində 1300 seçicidən cəmisi 300 nəfər səs verib. Amma müşahidələrin aparıldığı müddət ərzində məntəqəyə bir nəfər də olsa, seçicinin gəlməməsi müəyyən şübhələr yaradır.
6 saylı məntəqə 100 nömrəli məktəbin idman zalında yerləşir. Müşahidəçilər seçki qutularından uzaq məsafədə oturdulublar. Onlar bu yerin məhz məntəqə sədri tərəfindən müəyyənləşdirildiyini bildiriblər. Məntəqə sədri çəkilişə icazə verməsə də, MSK nümayəndəsinin zəngindən sonra sorğumuza cavab verməyə razılaşdı.
3 saylı məntəqədə isə son məlumata görə, 1401 seçicidən cəmisi 340 nəfər səs verib.
1 saylı məntəqədə daha acınacaqlı vəziyyət müşahidə edilib. Əməkdaşımızın jurnalist olduğunu bilməyən və səs verib, çıxan iki gənc qız məntəqə sədrinin "axşam gələrsiz" tapşırığına cavab olaraq, "narahat olmayın, bizə artıq deyiblər, saat 7-yə qalmış yenidən gəlib, səs verəcəyik" deyiblər.
Həmin məntəqənin özündə isə seçicilər ümumiyyətlə, gözə çarpmayıb. Məntəqənin sədri 398 seçinin səs verdiyini desə də, yalnız 4 qutu tamamilə dolu idi.
Əməkdaşımız seçki məntəqələrində müşahidə aparmaqda davam edir. Baş verən yeniliklər barədə oxucularımız məlumatlandırılacaqlar.
Cavanşir ABBASLI,
Musavat.com
Fotolar müəllifindir.






