Azərbaycan hakimiyyətinin aparıcı simalarının eyni zaman çərçivəsində Qərbə ünvanlı kəskin fikirlər səsləndirməsi, Avropa və Amerikanın Azərbaycan siyasətini sərt tənqid etməsi Bakı ilə Qərb arasındakı soyuq küləklərin hələ də əsdiyini təsdiqlədi. Son zamanlar ABŞ və Avropadan Azərbaycana səfər edən şəxslərin körpüləri bərpa etmək cəhdləri göstərdiyinə baxmayaraq, ixtilafların qaldığı və hətta növbəti sərt müstəviyə keçdiyinə artıq şübhə qalmayıb.
Baş verənlərin Azərbaycandakı parlament seçkilərinə günlər qaldığı vaxta təsadüf etməsi də suallar doğurur. Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan hakimiyyətinin mövqeyini açıqlayan məqalə yazıb. “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” məqaləsində cənab Mehdiyev yaxınlaşmaqda olan seçkilərdə hakimiyyətin strategiyasını bir daha açıqlayıb və məqalədə əsas xətt kimi Qərbin təzyiqləri fonunda rəsmi Bakının tutduğu mövqedən çəkilməyəcəyi vurğulanıb. Eyni zamanda bir daha Qərbin “rəngli inqilablar” siyasətinə toxunub. O vurğulayıb ki, “prezidentin yürütdüyü siyasət ölkəmizi qeyri-sabit görmək istəyən Qərb dairələrini qıcıqlandırır”. Administrasiya rəhbəri Novruz Məmmədovdan da Qərb təsisatları barədə sərt fikirlər gəlib. Parlament sədri Oqtay Əsədov isə Rusiyanın aparıcı KİV nümayəndələrinin bir qrupunun Milli Məclisdəki görüşündə Qərb ölkələrinin Azərbaycana təzyiqindən danışıb. Deyib ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qalır.
Rəsmilərimizin anti-Qərb mövqelərinin nəyə hesablandığı barədə fərqli fikirlər var. Bəzi ehtimallara görə, bu, Azərbaycanda vəziyyəti qarışdırmaq istəyənlərə mesajdır ki, ölkədə gərginlik yaratmaq istəsəniz, arxamızda Rusiya dayanacaq. Düzdür, bu, çox uzaqgedən versiyadır, amma yaşamaq haqqı olanlardandır. Digər ehtimallar da var.
Politoloq Hikmət Hacızadə hesab edir ki, müşahidə olunanlar seçki ilə bağli deyil: “Bizdə onsuz da seçki anlamına gələn bir şey yoxdur. Nəticələr hamıya əvvəldən aydındır. Amma belə çıxışlar Qarabağ məsələsinə bağlıdır. Yəni demək istəyirlər ki, ”biz sizinləyik ey Kremldə oturanlar", - Qarabağı bizə verin, biz sadiq dostuq".

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu: “Əgər kimsə bundan nəsə gözləyirsə, umursa, bu da baş tutan deyil. Guya bu cür mesajlar verməklə Qərb qaçıb gələcək Azərbaycanın ayağına... Məncə, bunu gözləmək yanlışdır. Məsələn, XİN başçısı Elmar Məmmədyarov son bir neçə ayda üç dəfə bəyanat verib ki, ”biz Avrasiya İqtisadi Birliyinə qoşula bilərik". Gedin, qoşulun da, kimdir sizin qarşınızda duran? Qoşula bilərikmi, qoşulmaq istəyirikmi? Burada bir mövqe olmalıdır. Guya iki dəfə “qoşula bilərik” deməklə nəsə dəyişdimi? Əksinə, biz Qərbin münasibətində tənqidi tonların, çalarların artdığını müşahidə etdik. Artıq konkret mexanizmlər işə düşüb. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə etməkdən imtina etdi. Düzdür, orda səbəb başqa oldu. Müşahidəçilərin sayı ilə bağlı yaranmış fikir ayrılığı ciddi rol oynadı. Amma eyni zamanda Avropa Şurası siyasi məhbuslarla bağlı yaradılmış İşçi Qrupundan çıxdı. İndiyədək bu tip hallar olmamışdı və bunların hamısı verilən bəyanatların - “biz Rusiyaya yaxınlaşa bilərik” kimi - fonunda oldu. Deməli, bu, effektiv vasitə deyil.
Effektiv deyilsə, onda sadə dildə desək, çevir tatı, vur tatı deməyin nə mənası var?"
Politoloq deyir ki, əslində bu gün sözügedən məsələlər bir kənara atılmalıdır: “Ölkənin daxilində iqtisadi islahatlar aparılmalıdır, dövlət idarəetmə sistemindəki ağır durum aradan qaldırılmalıdır. Bir nazirliyin timsalında bunu aydın şəkildə gördük. Mən düşünmürəm ki, başqa nazirliklər ondan yaxşıdır. Biz qarşıdan gələn parlament seçkilərinə olan münasibəti görürük. Ölkədə faktiki olaraq seçki əhval-ruhiyyəsi yoxdur. Bütün bunlar ola-ola ya Rusiyada, ya Qərbdə özünə dost-düşmən axtarmağın nə mənası var? Bu, nə dərəcədə siyasi texnologiyadır? Məncə, çox səmərəsizdir. Bu kimi davranışlar sırf siyasi nöqteyi-nəzərdən bircə məqamı açıq nümayiş etdirir ki, Azərbaycan hakimiyyəti nə Rusiyaya, nə Qərbə doğru xarici siyasət prioritetlərini ya müəyyənləşdirmək fikrində deyil, ya da bacarmır”.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə fərqli düşünür: “Azərbaycan həmişə balanslaşdırılmış siyasət yürüdüb, hər bir ölkənin Azərbaycana təpkisinə qarşı öz mövqeyini bildirib. Bu baxımdan da istər Prezident Administrasiyası rəhbərliyinin, onun müavinlərinin dediyi fikirlər bu gün Qərbdə Azərbaycana qarşı olan, Azərbaycanda azad, ədalətli, demokratik seçki keçirilməsini istəməyən qüvvələrə yönəlib. Həmin qüvvələr gah seçki prosesini pozmaq üçün müşahidəçilər məsələsi ilə bağlı oyun çıxartdılar, gah da başqa üsula əl atdılar, lakin heç nə baş tutmadı. Digər geopolitik məsələləri müşahidə edərkən də biz bunun şahidi oluruq ki, həmin dövlətlər anti-Azərbaycan mövqeyi tutur.
Avropa Parlamentində Azərbaycana qarşı qərar qəbul edilir, amma dünən Ermənistanda atışma olub, nə qədər adam ölüb, ancaq bir kəlmə də olsun Avropa qurumları və dövlətləri baş verənlər haqda mövqe bildirmir. Elə bunların hədəfində ancaq Azərbaycandır. O baxımdan da rəsmilərimiz haqlı olaraq öz fikirlərini söyləyirlər”. S.Novruzov burada Rusiyaya yaxınlıq elementləri axtarmağı düzgün saymır: “Rusiya Azərbaycanın daxili işlərinə qarışmır. Hər bir ölkənin daxili işləri var. Necə ki, biz heç kimin daxili işlərinə qarışmırıq. Biz hər bir ölkə ilə əməkdaşlığa hazırıq, ancaq daxili işlərimizə qarışmasınlar. Almaniya parlamentində Azərbaycan haqqında müzakirə aparılır. Sual olunur, sən hansı orqansan ki, belə müzakirə açırsan, BMT, ya digər struktur deyilsən”.
Cavid TURAN