İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəbnəm Tovuzlu “Yeni Müsavat”ın redaksiyasında: İfaçı nələrdən danışdı? – FOTOLAR

1262 21.05.2019 17:14 Şou-biznes A A

Tanınmış müğənni Şəbnəm Tovuzlu “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub.

Qəzetin rəhbərliyi ilə görüşən müğənni redaksiya və kollektivlə tanış olub. Ş.Tovuzlu yeni sənət planlarından, gələcək arzularından və şou-biznesin durumundan da söhbət açıb. İfaçı onu qalmaqala çəkənlərə mesaj göndərməyi də unutmayıb:

“Mənim öz həyatım var. Heç kimlə işim yoxdur. İşlərimlə məşğulam, mahnı yazdırır, klip çəkdirirəm, el şənliklərinə gedirəm. Qalan vaxtımı ailəmə sərf edirəm. Kimsə gündəmə gəlmək, məşhur olmaq üçün mənə söz atır. Əvvəl çılğın idim, hamısına cavab verirdim. İndi isə fikir vermirəm. Mənim öz yolum, həyat devizim var. Ucuz xəbərlər, yalançı gündəm mənə yaraşmır. Ona görə də öz həyatımı yaşayıram”.

İfaçı sənət dostlarından da bəhs edib:

“İlk addımlarımı Tacir Şahmalıoğlunun yanında atmışam. Sonra məni toylara apardı. Digər müğənnilər də gördü ki, səsim gözəldir. Onlarla da toylara getməyə başladım. Mən kafe  müğənnisi olmamışam. Bir restoranda Tacir bəyin yanında oxumuşam, sonra da toylara getmişəm, populyarlaşmışam. Bu sənətdə düşmənlərim olduğunu düşünmürəm. Amma paxıllığımı çəkənlər var, onlar haqqımda bəzi məlumatları mediaya sızdırdılar. O günlər də geridə qaldı. İndi dostumu, düşmənimi tanıyıram. Dostlarım da az deyil. Məni həqiqətən sevən, yaxşılığımı istəyən ifaçılar var”.

Müğənni həyata keçirməyə hazırlaşdığı arzusundan da bəhs edib:

“İki yaşım olanda anam rəhmətə gedib. Onun gündəliyi, şeir dəftəri mənə yadigar qalıb. İstəyirəm, o dəftərləri kitab halında nəşr etdirim. Əslində mənim həyat hekayəm maraqlı, rəngarəng və faciəvidir. Bir gün bədii film kimi lentə aldıracağam. İstəyirəm ki, uşaqlarıma yadigar qalsın”.

Müğənni yaxın günlərdə “Yeni Müsavat”a geniş müsahibə verəcəyini də dedi.

Könül İbrahim,
Fotolar Elçin Əkbərovundur
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR